Sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin gözlənilmədən ölkədə qismən səfərbərlik elan etdi. Qərardan cəmi bir neçə saat sonra Moskvadan Bakıya, İstanbula, İrəvana və giriş üçün viza tələb olunmayan digər qonşu ölkələrin şəhərlərinə ən yaxın birbaşa reyslərin aviabiletləri tükəndi. Rusiya Federal Təhlükəsizlik Xidmətinin son məlumatlarına görə, artıq 261 min kişi ölkəni tərk edib.
Hökumət kütləvi qaçışın qarşısını almaq üçün tədbirlərə başladı: aeroportlarda kişilərin “dindirilməsi”nə və hərbi biletlərinin yoxlanılmasına başlanıldı. Bundan başqa yerli KİV (“Meduza”, “Novaya qazeta”) öz mənbələrinə istinadən xəbər veriblər ki, Moskva kişilərin xaricə səfərini qadağan etməyi planlaşdırır.
Bütün bu xəbərlər Rusiyada xaosa səbəb olub. Müharibəyə getmək istəməyənlər çağırış məntəqələrinə silahlı basqınlar edir, bəziləri binanı yandırır, digərləri də çarəni özünə od vurmaqda görür.
Səfərbərliyə etiraz edənlərin aksiyaları isə qəddar şəkildə yatırılır.
“Reuters” agentliyi də ehtiyatda olan hərbçilərin yola salınması ilə bağlı reportaj hazırlayıb. Süjetdə gənclərdən biri əsgərlikdən cəmi 3 ay əvvəl gəldiyini bildirir və öz həyatı üçün deyil, ailəsi üçün narahat olduğunu vurğulayır. Digəri evlənmək üzrə olduğunu, amma səfərbərliyə çağırıldığı üçün bu fikrindən daşındığını deyir. Bununla belə, o elə cəbhəyə yollanmazdan əvvəl nikah kəsdirir və sonra digər hərbçi yoldaşlarının yanına yollanır.
Ətraflı süjetdə:
www.102info.az