Çin buz üstündə performans göstərir: Növbəti konflikt meydanı və Pekinin “tələ”si – TƏHLİL

Dünya

Dünyada siyasi xəritələrin yenidən çəkilməsi, regionlardakı güc balanslarının güc meyarları ilə şəkilləndirilməsi cəhdləri böyük güclərin alternativ mənbələrdəki iqtisadi potensiallarını artırmaq üçün hədəflər verir.

İndi də zəngin təbii sərvətləri olan və yeddi dövlətin coğrafi cəhətdən pay sahibi olduğu Arktika regionu (ABŞ, Kanada, Rusiya, Danimarka, Norveç, İsveç, Finlandiya) hərarətli emosiyaların cəmləşdiyi yerə çevrilir.

Amma coğrafi pay bölgüsündən əlavə, Arktikada nüfuz dairəsi uğrunda da savaş gedir və region dövlətlərindən əlavə, Britaniya və Çin də “buz üstündə oynamaq”dan həzz alırlar.

İqtisadi platformalarla xeyli xal qazanan Çinin regiondakı strategiyası və fəaliyyəti xüsusi diqqət çəkir. Çin Arktikada mühüm oyunçuya çevrilə bilib, bu Rusiyanın maraqlarına cavab versə də, digər oyunçuların ziddinədir.

Pekinin Arktikaya yön alması 2014-cü ildə Çin lideri Si Cinpinin ölkəsini böyük qütb dövlətinə çevirmək niyyətində olduğunu bəyan etməklə başladı. Çinin indi Arktikaya dair vizyonu mövcuddur və o, “Bir kəmər, bir yol” təşəbbüslərinin doğurduğu toxumları “buz üzərinə səpir”.

Çin indi Akrtikada mədənçıxarma və enerji resurslarına sərmayə qoyur və Şimal Buzlu okeanı ilə yeni dəniz marşrutu yaratmaq üçün Rusiya ilə birlikdə işləyir.

Çin Qərblə yaşadığı gərginlik fonunda Arktika gündəminin trayektoriyasını ticarət, davamlı inkişaf və beynəlxalq təhlükəsizliyə dair öz qavrayışları ilə müəyyən edir.

Çinin regiondakı fəaliyyət sferası Qərbə təhlükəsizlik səbəbi ilə Rusiyanı cilovlamaq və Çini də strateji təhlükə kimi eyni vitrinə qoymaq bəhanələri verir. Hərçənd ki, indi ABŞ üçün çətinliklər dövrü başlayıb və Çin Arktikada sürətlə böyüyən maraqlarını təmin edir.

Əgər İsveçlə Finlandiya NATO-ya üzv qəbul olunsalar, onda diqqətlər regionda cəmləşəcək, bu, əsasən, Rusiyanın təhlükəsizlik, Çinin isə iqtisadi maraqları əleyhinə formalaşan yeni cəbhə yarada bilər.

Çin hər nə qədər Arktikada böyüsə də, onun ABŞ-ın şimal hissələrindəki mövcudluğu məhduddur və bu, NATO-nun əməli fəaliyyətinin nəticəsidir.

NATO özü üçün həyati əhəmiyyətli hesab etdiyi nadir torpaq elementləri, neft və sualtı telekommunikasiya kabelləri üzrə prioritetlərində Çini sıxışdıra bilir və Pekinin investisiyalarını bloklamaq qabiliyyətini göstərir.

Niyə? Nəzərə almaq lazımdır ki, Pekin bütün regionlar üzrə “borc diplomatiyası” üzrə tələlər yaradır.

Çin bu cür kredit siyasətini başqa dövlətlərdən siyasi və ya iqtisadi güzəştlər əldə etmək üçün istifadə edir.

Sonradan vaxtında qaytarılması mümkün olmayan pul kütləsi ilə Çin maraqlarını təmin edir və ona borcu olan dövlətlərə təzyiq edir.  

İndi də zəngin resursları olan Qrenlandiya (müstəqil dövlət deyil, Danimarkaya tabedir) Çin sərmayələrinin qurbanı olmaq riski altındadır. Buzlu ada resurs hasilatında yeni maliyyə problemləri ilə üzləşməkdədir, bu zaman onun üçün Çin cəlbedici təkliflərlə çıxış edib tələyə sala bilər. Bu, Qərbin Akrtikadakı iqtisadi çətirlərini dağıtmaq, Rusiyanın isə Çin sayəsində üstünlük qazanmasını təmin etmək potensialıdır. Ona görə də NATO bu tendensiyanın metastaz verməməsi üçün səylərini birləşdirir.

Mənzərə və hərəkətlilik onu göstərir ki, Arktika regionu geosiyasi mənzərəyə təsir göstərəcək və o, nəhənglər arasında yeni rəqabət nöqtəsinin praktiki sınağı ilə üzləşəcək.

Aqşin Kərimov

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir