Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin qismən səfərbərliyə görə ölkədən qaçan rusiyalıların sərhəddə tərk etdikləri avtomobillərin Ukraynada döyüşməyə yollananların ailələrinə təhvil verilməsini təklif edib.
Bu barədə o, palatanın plenar iclasında danışıb.
“Artıq maşınlarını da atırlar. Yeri gəlmişkən, bu maşınların kimlərə verilməsini də düşünmək lazımdır. Bəlkə, döyüşə gedənlərin ailələrinə verilsin?” – deyən Volodin belə bir qərarın düzgün addım ola biləcəyini vurğulayıb.
Spiker həmçinin sentyabrın 21-dən ölkəni tərk edənlərin siyahısının tərtib edildiyini vurğulayıb.
Xatırladaq ki, Rusiyada sentyabrın 21-də qismən səfərbərlik elan edilib. O vaxtdan bəri yüz minlərlə insan ölkəni tərk edib. Qonşu Gürcüstanla sərhəddə isə kilometrlərlə tıxac yaranıb. Günlərlə yolda qalan rusiyalılardan bəziləri çarəni burada bazar açaraq maşınlarını dəyər-dəyməzinə satmaqda, digərləri isə avtomobillərini sahibsiz qoyaraq nəzarət-buraxılış məntəqəsinə piyada getməkdə görüblər.
www.102info.az