“5 ildən sonra problem yaratdığına görə insanlar hibrid avtomobillərinə nifrət edəcək”

“Dövlət əgər insanlar arasında onkoloji xəstəliklərin yayılmamasını, insanların daha az zərərə düşməsini istəyirsə, təbii ki, bu cür avtomobillərin ölkəyə gətirilməsinə imkan yaratmalıdır”
Bunu açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. Ekspert ölkəyə gətirilən hibrid avtomobilləri üçün Gömrük Komitəsinin yüksək rüsum tətbiq etdiyini bildirib:

“Hibrid avtomobillərinə maraq həmişə olub və benzinin qiymətinin artmasından sonra maraq daha da artdı. İnsanlar gözləyirlər ki, hibrid avtomobillərinin ölkəyə gətirilməsi üçün müəyyən güzəştlər edilməlidir. Buna da dövlətin vətəndaşa münasibəti kodeksindən yanaşmaq lazımdır. Dövlət əgər insanlar arasında onkoloji xəstəliklərin yayılmamasını, insanların daha az zərərə düşməsini istəyirsə, təbii ki, bu cür avtomobillərin ölkəyə gətirilməsinə imkan yaratmalıdır. Amma bu gün imkanlar çox məhduddur. Gömrük Komitəsinin açıqladığı rəqəmlərə görə ötən il ölkəyə hibridlə işləyən 550 avtomobil gətirilib və onlardan 39-u tam elektrik mühərrikli avtomobildir. Bu da ondan xəbər verir ki, insanların hibrit avtomobillərə marağı daha çoxdur, nəinki tam elektrik mühərrikli avtomobillərə. Hibrit avtomobilinin ustasını tapa bilirlər, elektriklə işləməyəndə benzinlə idarə edib mənzil başına çatmaq olar. Amma tam elektrik mühərrikli avtomobillər hələ ki, bizim cəmiyyət üçün qəbuledilən deyil, insanlarımız ona arxayın deyil. Servis xidməti hər yerdə yoxdur. Tanıdığım insanlar var ki, tam elektrik mühərrikli avtomobil alıblar və onun kiçik bir detalını təmir etmək üçün Azərbaycanda usta tapa bilmirlər və Birləşmiş Ərəb Əmirliklərinə servis xidmətinə getmək üçün 13 min dollar pul tələb olunur. Təsəvvür edirsinizmi? Amma müxtəlif avtomobil modelləri var məsələn, “Mercedes”, “Toyota” “Honda” və hətta “Yaquar” modellərinin hibritləri buraxılır və insanların da buna marağı var. Amma sadəcə Gömrük Komitəsi elektik mühərrikli avtomobillərə güzəşt etsə də, yenə də bahadır. Bu güzəşt deyil. Bəzi ölkələr elektrik mühərrikli avtomobillərə simvolik məbləğdə gömrük rüsumu tətbiq edir. Bizdə isə bu da çoxdur. Məsələn, yüz min manatlıq avtomobil üçün siz gömrüyə 15 min manat rüsum ödəməlisiniz. Hibridlərdə isə o biri maşınlardan heç bir fərq yoxdur. Qonşu Gürcüstanda bunun  üçün 45-50 faiz güzəşt var. Məsələn, siz “Mercedes” və “Toyota”nın benzin modelini alanda gömrüydə 10 min, amma “Toyota”nın hibrid modelini alanda baxırsan ki, 5 min manat xərciniz çıxacaq. Əlbəttə, insan qərar verəndə fikirləşir ki, cibinə pul qalsın. Həm burdan cibinə pul qalır, həm də avtomobili idarə edəndə benzin az işlənir və sürücü burdan da qazanır. İstənilən halda adamlar buna meyl edir”. 
Ekspertin sözlərinə görə gömrük rüsumları baha olduğu üçün insanlar məcbur qalıb köhnə hibrid avtomobilləri alırlar:
“Amma bizdə Gömrük Komitəsi buna heç bir güzəşt tətbiq etmədiyinə və yeni hibrid avtomobilləri baha olduğuna görə insanlar gedib köhnə, sunamiyə düşən, şüalanmaya məruz qalan hibrit avtomobilləri alır və gələcəkdə də o avtomobillər böyük problem yaradır. Bu gün idarə olunan əksər hibritlər problemli maşınlardır. 3-5 ildən sonra insanlar problem yaratdığına görə hibrit maşınına nifrət edəcək. Amma bunu heç kim ona izah etməyəcək ki, sən köhnə avtomobil almısan. Vətəndaş da deyəcək ki, Gömrük Komitəsi güzəşt etmədiyi üçün məcbur olub köhnə hibrid avtomobili aldım. Güzəşt olsa, həm ətraf mühit təmizlənər və dövlət bütün bölgələrdə sevris xidmətini yaradarsa,  buna keçid edərik. Bu gün maraq hibrid avtomobillərinin üzərində dayanıbsa, buna güzəşt olmalıdır”.
Ekspertin sözlərinə görə ölkəyə təzə avtomobillərin gətirilməsi sağlamlıq və təhlükəsizlik baxımından vacibdir:
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi də, Yol Polisi də bunu dəstəkləyir və tövsiyə edir ki, ölkəyə yeni avtomobillər gətirilsin. Çünki yeni avtomobil həm ətrafı az çirkləndirir, həm də qəza zamanı daha ağır nəticələr vermir. Bir var 10 ilin, bir də var 1 ilin maşının sürəsən. On beş il bundan öncə istehsal edilən avtomobildə 6 ədəd təhlükəsizlik yastığı varsa, bu gün həmin modelin təzəsində 14 təhlükəsizlik yastığı var. Deməli avtomobil yeniləndikcə, onun təhlükəsizlik elementləri də çoxalır. Bu o deməkdir ki, sən o maşınla qəzaya düşəndə də ölüm faizi aşağı olur. Dövlət çalışmalıdır ki, əhalisi daha komfortlu maşında olsun ki, qəzaya düşəndə ölüm riski aşağı olsun. Avropada 50-100 maşın toqquşur, bir neçə nəfər xəsarət alır. Amma Azərbaycanda iki maşın toqquşur iki nəfər ölür. Niyə? Çünki avtomobillər artıq ömrünü başa vurub. Gömrük Komitəsi isə elə qiymətlər tətbiq edir ki, insanlar komfortlu maşın gətirməyə imkan tapmır. Çünki təzə maşın gətirdikcə, rüsum qalxır, amma hansı ki, təzə maşın gətirdikcə, qiyməti aşağı salmaq lazımdır. Bu həm hibridlərə, həm də ənənəvi avtomobillətə aiddir. Bunları düşünmək lazımdır. Amma təəssüf ki, bəzi adamlar ciblərini düşünürlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir