AHİK-dən yeni aksiya: respublikanın 76 şəhər və rayonundakı 3900 aztəminatlı ailəyə ərzaq sovqatı göndərdi – FOTOLAR

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin 2021-ci il martın 11-də keçirilmiş iclasının qərarına əsasən xüsusi yardıma və qayğıya ehtiyacı olan şəhid ailələrinə, aztəminatlı ailələrə sosial dəstək çərçivəsində növbəti dəfə 3900 ailəyə ərzaq sovqatının göndərilməsi qərara alınmışdır.

Martın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının maddi və mənəvi yardımlar göstərilməsi istiqamətində keçirdiyi tədbirlərə müvafiq olaraq təşkil etdiyi maşın karvanları ərzaq sovqatlarının ünvanlarına çatdırılması məqsədilə ölkənin 76 şəhər və rayonlarına yola düşmüşdür. Azərbaycanın bütün bölgələrini əhatə edəcək bu aksiyada yerlərdəki həmkarlar ittifaqı fəalları da iştirak edəcəklər.

Yeri gəlmişkən qeyd edək ki, koronavirus pandemiyası dövründə də, 2020-ci il aprelin 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası aztəminatlı ailələrə maddi və mənəvi yardım məqsədilə respublikanın 76 şəhər və rayonlarında yaşayan 3900 ailəyə maşın karvanları ilə 68 ton ərzaq sovqatı göndərmişdi.

Azərbaycan həmkarlar ittifaqları tərəfindən cəmiyyətimizin həssas kateqoriyadan olan insanlarına maddi və mənəvi yardımlar göstərilməsi gələcəkdə də davam etdiriləcəkdir.

AHİK sədr, millət vəkili Səttar Möhbalıyev ərzaq sovqatlarının şəhər və rayonlara yola salınma mərasimində çıxışında jurnalistlərə bildirmişdir ki, ümumilikdə pandemiya və Vətən müharibəsi dövründə AHİK və yerli həmkarlar ittifaqı təşkilatları tərəfindən müxtəlif fondlara və vətəndaşlara yardım üçün 11 mln. 850 min manatlıq vəsait ödənilmişdir. O cümlədən, 538 min manat YAŞAT Fondunun, 1 mln. 300 min manat Silahlı Qüvvələrə Yardım Fondunun, 600 min manat Qarabağın Dirçəlişi Fondunun hesablarına vəsait ödənilmişdir. Bu günlərdə Qarabağın Dirçəlişi Fonduna əlavə 500 min manat vəsait köçürülmüşdür. Pandemiya ilə əlaqədar AHİK və yerli təşkilatlar tərəfindən 1 mln. 850 min manat həcmində yardım edilmiş, o cümlədən, qoruyucu maskalar, sair tibbi ləvazimatlar paylanılmışdır. Millət vəkili həmçinin bildirmişdir ki, AHİK-ə yardım üçün müraciət edən vətəndaşların müraciətlərinə daim həssas yanaşılmış, onların qaldırdığı məsələlərin 98 faiz müsbət həllinə nail olunmuşdur.

aia.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir