TANIDIĞIM SƏRDAR BƏY AKYOL…

          Dahi klassiklər, söz sərrafları həyata baxışlarını, öz fikirlərini, hətta ruh hallarını-ovqatlarını ifadə etmək üçün hər zaman sözün qüdrətindən istifadə etməyi bacarıblar. Onlar qəlblərinin dişiylə abidə yonaraq gələcək nəsillər üçün çox gözəl ərməğan qoyub getmişlər. Əlbəttə ki, yerli- yerində işlədilən söz daha gözəldir. Bu mənada qələminə, sözünə hörmət edən hər bir qələm sahibi sözün gözəllik ruhunu əzizləməyə və razı salmağa, sözlə ehtiyatlı olmağa, eynı zamanda məsuliyyət hissini daha da artırmağa çalışır.

         Çağdaş dövrümüzdə, texnologiyaniın, internetin önəmli olduğu bir vaxtda sözün qüdrətindən bəhrələnərək zehnini, zəkasını və qələmini söz ünsiyyətinin dərinliklərinin müxtəlif janrlarında sınayaraq uğur qazananlardan biri də dostumuz, can qardaşımız, qan qaraşımız qardaş ölkənin sayılıb-seçilən yazarlarından biri çox hörmətli Sərdar bəy Akyoldur. Bu doğrudur ki, ömür boyu həyatında neçə-neçə insanlarla tanış olur, oturur-durur, dostlaşırsan, ünsiyyətdə olursan. Bu əlaqələr, münasibətlər çoxlarıyla uzun sürmür, sönür və tədricən yavaş-yavaş əriyib yox olur. Lakin müddətindən asılı olmayaraq, elə insanlarla tanış olursan ki, bu tanışlıq getdikcə tərəfdaşlığa, dostluğa və get-gedə qardaşlıga qədər ucalır, monolitləşir, el içində sayılır, şəxsıyyətləşir.

     Belə bir deyim vardır: Bir insanı tanımaq üçün onunla mütləq yol yoldaşı olmalısan, onu çətində, darda sınamalısan ki, dərindən dostluq əlaqələri qura biləsən. Belə insanları daha yaxşı tanımaq üçün aylar, illər, həm də çətin günlərinin olması lazımdır. Çünki belə günlərdə dost da, düşmən də bəlli olur. O da vardır ki, hər tanıdığın, dost dediyin insanı bir şəxsiyyət kimi, ali bir insan kimi də sevə bilmirsən. O insanlar xoşbəxtdir ki, həyatın amansız yollarında dolaşıb durmaz, ağır anların təsiri altında sarsılaraq ruhdan düşmür. Hər çətin məqamlarda öz potensial imkanlarından, daxili varlığının qüdrətinə inanaraq hər zaman gələcəyə, işığa doğru can atır, dostluğunu qoruyub saxlayır. Çətinliklərə, hər zorluqlara sinə gərir, qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan prinsipial mübarizə aparır. Eyni zamanda insanların qəlbində də, Allah qatında da sevilir, dəyərli olur. Mövzumuzdan çox da uzaqlaşmaq istəmirəm. Yazmış olduğum bu məqaləmdə mən də sözün qüdrətindən bəhrələnərək bu ali insanın, Sərdar bəyin görünməyən, lakin çox qiymətli tərəflərindən, insani əməllərindən danışmaq istəyirəm. Sərdar bəyi bir qələm əhli olaraq deyil, onu insan olaraq nücə tanıdığımı anlatmaq istəyirəm. Sərdar bəy ilə tanışlığımız və dostluğumuz çox uzun zaman olmasa da, dostluğumuz sadəcə internet üzərindən olmasına baxmayaraq, onda əsil bir insanlıq, əsilzadəlik gördüm. Ziyalılıq gördüm, insaniyyətlik, ləyaqət, şərəf gördüm.      Əziz türk qardaşlarım və bacılarım! Mənim yazılarımdan, məqalələrimdən də bilirsiniz ki, mən azərbaycanlıyam. Və artıq neçə aylardır ki, yazılarımı ancaq qəlbi də, əməlləri də gözəl olan, insanlara xeyirli, dövlətimiz Azərbaycana xeyirli övladlardan yazaraq onları sizlərə tanıtdırıram. Beləliklə də, mənim də köşə yazarı kimi məqalələrim hər həftə Sərdar bəyin yönətdiyi, başqanı olduğu, Türkiyədə çox sayılıb-seçilən, nüfuza malik olan, hər an sözünü söyləyə biləcək olan, son dərəcə populyar olan  “sonnoktahaber” saytında yayımlanır. Buna görə də Sərdar bəyə sonsuz təşəkkür edirəm.

       İşin ən maraqlı və sevindirici tərəfi isə bu yaxınlarda Sərdar bəyin də Azərbaycandan köç etmiş məşhur Əfəndi nəslindən olduğunu öyrəndim. Onun da hər zaman qəlbinin, ürəyinin Azərbaycanla bir vurduğunun, eyni döyündüyünün şahidi oldum. İkinci Qarabağ müharibəsində müharibənin ilk günlərindən son zəfər gününədək Sərdar bəy özünün  “sonnoktahaber” saytında Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdı. Düşmən ölkə ermənistanın məğlubiyyətini və Azərbaycanın zəfərini saytında ilk yayımlayanlardan oldu. Mən özümü belə mərd, əsil türk oğlu türk, daxili gözəl bir insanı tanıdığıma, onunla əməkdaşlıq etdiyimə görə çox şanslı hiss edirəm. Bütün bu işlərinə görə, hər zaman Azərbaycanın yanında olduğuna və göstərdiyi informasiya dəstəyinə görə,  Azərbaycanın şanlı, müzəffər zəfərini İnternet Medya Yayıncıları Başqanı olaraq Türkiyədəki xəbər saytlarına anba-an göndərdiyinə görə bir azərbaycanlı övladı olaraq Sərdar bəyə sonsuz təşəkkür edir və minnetdarlığımı bildirirəm.  Sizin ikinci Vətəniniz sayılan Azərbaycana növbəti səfərinizi səbrsizliklə gözləyirik, dəyərli, sayğılı Sərdar bəy!

      Bu gün seçdiyi sənətın kamil sənətkarı olan Sərdar bəy adını doğruldaraq istər sənətində, istər həyatında, dostluğunda xalq içərisində, cəmiyyət içərisində böyük nüfuza və hörmətə malikdir. Son dərəcə mədəni, təmiz və saf qəlbə sahib olan Sərdar bəyi gördükdə istər-istəməz düşünürsən, keşkə ətrafımızdakı insanların hamısı onun kimi olaydı. Sərdar bəyin gördüyü işləri və başarıları bizə haqq verərək deyir ki, o həqiqətən yaşam tarixində ən gözəl, ən şərəfli işlər görmüş və bununla da öz dərin cığırlarını açmışdır. Biz dostları da yetərincə təcrübəsi, biliyi və istedadı olan, çalışdığı işinə məsuliyyətlə yanaşan, son dərəcə obyektivliyile seçilən, sevilən Sərdar bəyin hələ yeni-yeni zirvələri fəth edəcəyinə, uğurlarıyla bizləri sevindərəcəyinə kəsinliklə əminik. Arzu edirik ki, elinin-obasının, millətinin, xalqının yolunda sədaqətlə xidmət göstərən bu şərəfli ömür uzun və əbədiyaşar olsun!

     Nə gözəl ki, dünya yaxşı insanlardan hali deyil. Məhz onların çiyinlərində yol gedir dünya… Onlar sayca çox olduqca dünya xoşbəxtlik adalarına yol alır. Sərdar bəy, siz də səadət adalarına üz tutan dünyamızın eline-obasına, millətinə daim yanar olan nurlu sarvanlarındansınız. Nə gözəl ki, mən sizi tanıdım Sərdar bəy, nə xoş ki, dünyada sizin kimi insanlar var!

   TƏRANƏ CƏBİYEVA

Yazar-publisist                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir