Eldar İsmayıl Böyüktürk – yoxluğunu ananda

Dəyərli əmim Eldar Ismayil Böyüktürk‘ə həsr etdiyim yazım.

Bir tarix köçdü dünyadan, Eldar İsmayıl adında. Bir ədəbiyyat köçdü dünyadan, Eldar İsmayıl adında. Bir həyatın içində yüzlərlə həyat, köçüb getdilər dünyadan. Bir əzəmət, bir vüqar öz dünyasını dəyişdi, Eldar İsmayıl adında.Eldar əmi, yoxluğunu ananda, varlığının əbədi ruhu çözümlənib durur önümdə. O varlıq ki, içində uşaqlıq illərim gəzinir. O həmin varlıqdır ki, Göyçə boyda dərdi içində yük eləyib vətən, Təbriz sevgisini də o dərdlə qoşalaşdırb ömürdən illər boşaltmaqla, o yükə yer açmaqla keçirdib günlərini. İndi isə gedişin incidir, sarsıdır, qırır insanın içindən nələrisə. Eldar əmi, sən nə yaşadın, Eldar kimi yaşadın. Bu dünyadan köçəndə də Eldar kimi köçdün. Deyirlər insan bu dünyadan gedəndə özüylə heç nə aparmır. Amma mənəvi əşyaları unudurlar. Sən bu əşyalardan Vətən nisgilini, Turan həsrəti uzunluqda, bütöv Azərbaycan sərhəddləri boyda arzularını da özünlə birgə aparıb getdin. Sən mənim “Arazı ayırdılar, günah Arazda deyil” misralarımı necə də yüksək qiymətləndirib qürurla xatırladırdın. Bir də ki, hər insana qismət olmur bir ömür içində bir neçə ömür yaşamaq. Məsələn, şair ömrü, yazar ömrü, el ağsaqqalı ömrü, qayğıkeş insan ömrü. Şeirlərinin birində deyirdin ki, “könlümü bir təmiz ada vermişəm”. O təmiz adı da daşıdın son ana qədər. İndi kitablarını vərəqləməkdi səninlə ünsiyyətin tək sağ qalan vasitəsi. Həmin yolla danışırıq səninlə. İki dünyanı bir dünyaya sığdıran şeirlərin, yazıların, varlığını dindirərək yoxluğunu anır. İnsan doğulduğu gün ölür. Sənin də dediyin kimi, Eldar əmi, “ömür itiririk yaş qazanınca”. “Hər ölüm erkən ölümdür” deyir Türk şairi Cemal Süreyya. Belə erkən, vaxtsız gedişin hardan gəldi, necə oldu, müəmma.. Həqiqi dünyaya qovuşmağınla, bu fani dünyanı ifşa elədin. Necə boş olduğunu üzünə vurdun bu həyatın, bu dünyanın. İndi isə cild-cild kitabların yaşadır səni. Əlavə nəfəs verir hər səhifəsi ruhuna.Bu yaxınlarda yazdın ki, “Sən mənim boyuma çinar deyərdin, indi mən o çinar deyiləm, bacı!”. Sən amma həm bu fani dünyada, həm də haqq dünyasında həmin çinar qaldın, əmi. Çinar ağacı ömrü, altında bir elin kölgələndiyi. Roman ömrü, oxuduqca həyata toxunduğun. Uca dağ ömrü, seyr etdikcə heyranlığın ayaq açıb yeriyir. Həm də ki, dağın başına qar, insanın başına dən düşür axı..Keçdiyin həyat yolu ən böyük xəzinəndi, Eldar əmi. Dillərdən düşməyən adın zəgin yaradıcılığının, şərəfli bir ömrün nəticəsidir.Sənin qiymətini sevdiklərin veribdi. Sənin qiymətini bütöv bir el veribdi. Sənin qiymətini layiqli insanlar veribdi. Türk dünyasına etdiyin xidmətlər ayrıca bir ömür yoludu. ASKEF başkanı Savaş bəy sənin haqqında bu sözləri boş yerə deməmişdi: “Sizinlə Türk dünyası adına qürur duyuyuruq, dəyərli böyüyümüz”.Sən illər əvvəl, hələ 21 yaşında, sevimli bibin oğlu Miryusif ağaya həsr etdiyin şeirdə qələmə aldığın bu fikirlər mənim diqqətimi çəkir; “Eldar gedəcəkdir bir gün dünyadan, Sevinsin dünyada qalan, ay Seyid!”; bu misralarla sübut etdin ki, müdrikliyin yaşı yoxdur. Həmin şeirdə həm də qeyd etmişdin ki, “Tamahsız insansan, gözünə qurban, Tamah çox şahları edib tacından..” Sənə də haqqın qisməti şərəfli bir ömür oldu. Sən elə illər əvvəl həmin şeirdə xitabən “Bu dünya yalandı, yalan” deməklə bu dünyanın yalan olduğunu çox gözəl vurğulamışdın. Elə həmin yalan dünyadan da haqq dünyasına köçdün.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir