Sənətinin şövqündə

Müəllim adı dünyada ən şərəfli və müqəddəs addır. Alimləri, həkimləri, şairləri, neçə-neçə sənət adamlarını göylərə ucaldan müəllim peşəsi… Bu gün müəllim azad, müstəqil dövlətimiz üçün sağlam nəsil yetişdirir. Ömrünün 40 ilindən çoxunu gənc nəslin vətənpərvər və savadlı böyüməsinə həsr etmiş bir müəllim haqqında söhbət açmaq istəyirəm. Vətənpərvər, xeyirxah, mərhəmətli, alicənab bir ziyalı haqqında…

Qocayev Mübariz Şəmil oğlu 15 dekabr 1956-cı ildə Xanlar (indikı Göygöl) rayonunun Dozular kəndində ziyalı ailəsində anadan olub. 1963-cü ildə Dozular kənd 8-illik məktəbin I sinfinə daxil olub. Həmin məktəbi bitirdikdən sonra, 1971-ci ildə qonşu Pənahlılar kənd orta məktəbinə daxil olub və həmin məktəbi 1973-cü ildə bitirmiş və istehsalatda işləyib.

1975-1977-ci illərdə Almaniya Demokratik Respublikasında, ordu sıralarında hərbi xidmətdə olub. Komandirin əmr və göstərişlərini layiqincə yerinə yetirdiyinə görə serjant rütbəsinə kimi ucalıb.

1978-ci ilin may ayında Bakı şəhəri M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunun qiyabi şöbəsinə daxil olub. 1983-cü ilin iyun ayında həmin İnstitutu bitirib. Qiyabi oxuduğu üçün III kursdan sonra 1981-ci ildən ixtisası üzrə RTŞ-nin əmri ilə Pənahlılar kənd orta məktəbinə müəllim təyin edilib. 1984-cü ildə Rayon Partiya Komitəsinin Komsomol Təşkilatı tərəfindən “Tərifnamə” ilə təltif olunub.

1988-ci il 01 sentyabr tarixdə, Xanlar rayon Təhsil Şöbəsi tərəfindən Dozular kənd orta məktəbinə direktor təyin olunub.

“Məktəb sizin üçün nədir?” – sualına, Mübariz müəllim belə cavab verir:

– Məktəb – bir insan, vətəndaş yetişdirmə ocağıdır. Məktəbdə insan, şəxsiyyət yetişir, formalaşır, inkişaf edir.

Öz sənətimi və şagirdlərimi çox sevirəm. Onlar həyatımın bir parçasıdır. Çalışdığım illər ərzində gözəl tərbiyə, əxlaq və uğurları ilə biz müəllimləri sevindirən çoxlu şagirdlərim olub.

Bir tədris ocağının müdiri olmaq olduqca çətin və məsuliyyətli işdir. Mən hər şagirdin iç dünyasına daxil olmağı bacarmalıyam. Onları hər yöndən tanımağa çalışmalıyam. Əlbəttə ki, müəllim eyni zamanda, psixoloq olmalıdır. Hər bir uşağa özünə uyğun şəkildə yanaşmalıdır. Birinci sinifdə şagirdi tam mənada tanımaq olmur. Ancaq növbəti illərdə hər bir uşağı kəşf etmək mümkündür. Hər gün dərsdən sonra şagirdlər haqqında düşünürəm. Hansı şagirdə necə yanaşım, hansı şagirdlə necə rəftar edim, hansı şagird hansı yükü götürə bilər.

Bütün bunları müəllim ilk növbədə bilməlidir. Cəmiyyətə yararlı insan bəxş etmək üçün ilk növbədə tərbiyə, təhsil və inkişaf bir vəhdətdə götürülməlidir.

Hər şagird bir insandır, şəxsiyyətdir. Məktəbə ilk dəfə qədəm qoyan şagird nə görsə, nə eşitsə, dərhal beyninə həkk oulnur və bu həm də onun xasiyyətini formalaşdırır. Təhqirə, təzyiqə əl atan müəllimdən şagird nə öyrənə bilər? Uşaqlar müəllimindən qorxmamalı və çəkinməməlidirlər. Onlar müəllimlərini özlərinə yaxın sirdaş bilməlidirlər. Şagirdlər müəllimlərinə güvənməli, onları sevməlidirlər. Müəllim öz mehribanlığı, səmimiliyi ilə şagirdi ələ almağı bacarmalıdır. İlk növbədə bu sevgini müəllim yaratmalıdır.

Təcrübəli, tələbkar, mehriban müəllimləri şagirdlər də çox istəyir və dərslərə diqqətlə, maraqla qulaq asırlar.

Eyni zamanda valideynlər də müəllimlə həmişə əlaqə saxlamalı və övladı, onun dərsə davamiyyəti ilə daima maraqlanmalıdır.

Təəssüflər olsun ki, indi gündəlik xəbərlərin içində şagirdlərin intihar xəbəri yer almaqdadır. Bu bir ziyalı kimi mənə çox təsir edir. Ümumiyyətlə, ailənin övlada təsiri çox önəmlidir. Təcrübəmə əsasən deyim ki, biz şagirdə baxdığımız anda, artıq onun necə bir ailədən çıxdığını görürük. Valideynlər həyatlarını uşaqlarına, onların düzgün təlim-tərbiyəsinə həsr etməlidirlər.

Uşaqlar ətirli gül kimidir. Bağban gülə qulluq etməsə, onlar saralar, solar və məhv olar. Uşaqlar da belədir. Onalara dəyər verilməzsə, ruh düşkünlüyü, inamsızlıq yarana bilər.

Bacarıqlı, istedadlı uşaqları müəllim tez hiss edir və onları daha da həvəsləndirməklə, daimi irəliyə addımlamalarına həvəs və inam yaratmalıdır. Müəllimin uşaqlara dərsi əzbərlətməsi, məncə, düzgün deyil. Şagirdlərin sərbəst düşünməsinə imkan verilməli, dərsdə fəal iştirakına şərait yaradılmalı və həvəsləndirilməlidir. Şagirdlərə kiçik vaxtlarından tariximiz, ədəbiyyatımız, coğrafiyamız öyrədilməli, tarixi şəxsiyyətlərimiz haqqında məlumat verilməlidir. Müəllimlər hər zaman axtarışda olmalıdır. Çünki hazırlıqlı müəllim şagirdin qarşısında bir ideala çevrilməlidir.

Göygöl rayonunun Dozular kənd məktəbinin direktoru Mübariz Qocayev son dərəcə vətənpərvər ziyalıdır. Övladlarının üçü də ali təhsil alaraq, müxtəlif sahələrdə çalışırlar.

O, həm də ictimai işlərdə fəal iştirak edir. Bir çox tədbirlərin təşkilatçısıdır. Bütün bu sadaladıqlarımız təsadüfi deyil. Çünki o, 1995-ci ildə Azərbaycan SSR Xanlar rayonun Çaylı Kənd Xalq Deputatları Sovetinin deputatı seçilib. Deputat vəsiqəsi №18.

1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü və təşkilatın sədri vəzifəsində, 2003-cü ildən 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsinin 18 saylı Dozular kənd Seçki Məntəqəsinin sədri və məktəb direktoru vəzifəsində bu günə qədər çalışır.

Rayon rəhbərliyinin verdiyi tapşırıqları vaxtlı-vaxtında, həm də qüsursuz yerinə yetirən Mübariz müəllim Təhsil sahəsində uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə 05 oktyabr müəllimlərin peşə bayramı münasibətilə, Göygöl Rayon İcra Hakimiyyəti başçısının 2018-ci il 05 oktyabr tarixli 127 nömrəli sərəncamı ilə “FƏXRİ FƏRMAN” la təltif olunub.

Partiya quruculuğu işlərində nümunəvi fəaliyyət göstərdiyinə və partiya həyatında fəal iştirak etdiyinə görə Qocayev Mübariz Şəmil oğlu Yeni Azərbaycan Partiyasının 27-ci ildönümü münasibətilə “FƏXRİ FƏRMAN”la  təltif  edilib. Göygöl şəhəri 21 noyabr 2019-cu il.

Mübariz müəllimin həyat yoldaşı Qocayeva Mənzər Məmməd qızı da ziyalıdır. O, Dozular kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyir.

Mübariz müəllimin rəhbərlik etdiyi Dozular kənd orta məktəbindən hər il ali məktəblərə qəbul göstəricisi yüksəkdir.

Ömrünü təhsilə həsr edən Mübariz müəllimi qarşıdan gələn, tarixin özü qədər qədim olan Novruz bayramı münasibətilə ürəkdən təbrik edirik!

Neçə gözəl illərə ailənizlə, sevdiklərinizlə, doğma şagirdlərinizlə birlikdə!

Mənzər Qurbanova

Ria24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir