Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov İdarə tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərində çalışan müəllim heyətini 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təbrik edib – foto

Müəllim sözü həmişə kamillik, ləyaqət, bütövlük simvolu kimi mənəvi keyfiyyətləri ifadə edib və bu dəyərlərin işığında yetişən nəsillər hər zaman öz layiqli müəllimlərinə bənzəməyə çalışıblar. Müəllim peşəsi tarixən cəmiyyətdə müqəddəs və şərəfli peşələrdən biri hesab edilir. Müəllim peşəsinin vacibliyini, gözəlliyini və eyni zamanda çətinliyini, məsuliyyətini yaxşı anlayan hər bir kəs həmişə müəllimə hörmətlə yanaşmış, onu yüksək qiymətləndirmişdir. Bu, keçmişdə də belə olub, bu gün də belədir və gələcəkdə də belə olacaqdır. Çünki məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, yüksək mənəvi-əxlaqi dəyərlərə malik insanlar yetişir. Məhz belə insanlar cəmiyyəti inkişaf etdirir, onu irəli aparır. Bu gün həyatımızın bütün sahələrində sürətlə inkişaf edən müstəqil ölkəmizin daha da gücləndirilməsində mühüm rol oynayan, cəmiyyətdə öz layiqli vətəndaş mövqeyi ilə seçilən insanlar, xüsusən Vətən uğrunda qanından, canından keçən oğul və qızlarımız məhz müəllim əməyinin yetirmələridir.
44 günlük Vətən müharibəsi dövründə bütün xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək birlik və bərabərlik rəmzi göstərdi. Uzun illər düşmən nəzarətində olan ərazilərimiz işğaldan azad olundu. Tarixi Zəfərlə başa çatan Vətən müharibəsində xalqımızın minlərlə qəhrəman övladı ilə bərabər mədəniyyət işçiləri də iştirak ediblər. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalanlar sırasında mədəniyyət işçiləri də var. Belə qəhrəmanlardan biri Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Arif Məmmədov adına Göyçay şəhər uşaq musiqi məktəbində qarmon müəllimi vəzifəsində çalışmış İbrahimov Alim Səhrab oğludur. Alim İbrahimovun timsalında bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
Bizim hər birimizin layiqli vətəndaş kimi yetişməyimizdə müəllimlərimizin böyük və əvəzsiz xidmətləri vardır.
Hörmətli həmkarlar, Sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş, ən gözəl arzularımı bildirirəm.
Bayramınız mübarək!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir