Aqiyə Naxçıvanlı: “Prezident Əliyevin mədəniyyət siyasətində müəyyənləşdirdiyi yeni prioritetlər strateji əhəmiyyət kəsb edir”

“Ölkə Prezidenti cənab İlham Əliyev son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi əcnəbi kəlmələrin dilin dəyişilməsinə səbəb olduğunu vurğulayaraq, dilimizin orijinallığının qorunması məsələsində media ilə bağlı qurumların, eləcədə telekanalların öhdəsinə düşən yeni vəzifələri müəyyən etməklə mədəni irsimizin qorunması üçün son dərəcə vacib bir məsələni önə çəkmişdir” – bu sözləri saytımıza verdiyi müsahibəsində Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Həmin qəbul zamanı etdiyi çıxışında dövlət başçımız mədəniyyət siyasətində dövlətin yeni prioritetlərindən bəhs edib, işğaldan azad edilmiş torpaqlarımızda milli-mədəni irsimizin bərpası və inkişafı yönümündə qarşıda duran vəzifələrdən danışıb. Ölkə Prezidentinin toxunduğu məsələlər barədə əməkdaşımızın suallarını cavablandıran Aqiyə Naxçıvanlı ilk növbədə belə bir məqamı vurğulayıb ki, bu gün dövlət başçımız tərəfindən Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi istiqamətində atılan addımlar birmənalı olaraq həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin qorunması üçün görülən zəruri tədbirlər kimi dəyərləndirilməlidir: “Möhtərəm Ölkə Prezidentimiz cənab İlham Əliyev öz çıxışında tamamilə haqlı olaraq qeyd etmişdir ki, bu gün Azərbaycan xalqına xas olan özünəməxsusluğun və milli identikliyin qorunması mədəniyyət siyasətinin qarşısında duran strateji prioritetlərdəndir. Həqiqətən də, əgər biz tariximizin keçmiş səhifələrinə nəzər salsaq görərik ki, hələ müstəqil dövlətimizin olmadığı dövrlərdə də azərbaycanlıları bir xalq kimi yaşadan və bu xalqı parçalanmaqdan, tənəzzülə uğrayaraq kiçilməkdən və yox olmaqdan qoruyan əsas amillərdən biri kimi məhz Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlərimiz olub. Məhz bu səbəbdən də bu gün Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin qorunması kimi dəyərləndirilməlidir və möhtərəm Prezidentimizin bu istiqamətdə atdığı addımlar da hər zaman olduğu kimi, düşünülmüş və məqsədyönlü xarakter daşıyır. Qeyd olunmalıdır ki, Ulu Öndər Heydər Əliyev də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün daima çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Məhz ana dilimizə olan sonsuz sevgisi səbəbindən Ümummmili Lider 2001-ci ildə avqustun 1-i tarixini Azərbaycan əlifbası və dili günü kimi qeyd etmək təşəbbüsünü irəli sürmüşdü və bu ənənə indi də xalqımız tərəfindən sevə-sevə yaşadılır.”

Daha sonra millət vəkili bu gün Azərbaycanda milli-mədəni irs nümunələrinin qorunması və dünyaya tanıdılması, həmçinin tarixi, mədəni və dini abidələrin bərbası və qorunması istiqamətində böyük işlərin görüldüyünü vurğulayaraq bunları bildirib: “Ölkə Prezidenti cənab İlham Əliyevin də öz çıxışında vurğuladığı kimi, bu gün Azərbaycana məxsus milli-mədəni irs nümunələrinin tanıdılması dğvlətin mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir. Xüsusilə bu mövzuda möhtərəm dövlət başçımızın Azərbaycan muğamı barədə ifadə etdiyi fikirləri çox böyük əhəmiyyət kəsb edir. Həqiqətən də muğam bizim milli sərvətimizdir. Hətta dünyanın bir neçə ölkəsində muğam sənətinin mövcud olmasına baxmayaraq, məhz Azərbaycan muğam sənətinin mərkəzi hesab olunur. Əlbəttə ki, bu status da öz başına yaranmayıb. Dövlətimizin, şəxsən Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu sahəyə xüsusi diqqət və qayğı göstərmələri sayəsində Azərbaycan dünyanın muğam mərkəzi kimi qəbul edilib. Həmçinin öz çıxışında möhtərəm Prezidentimiz tarixi, mədəni və dini abidələrə xüsusi diqqət ayrılmasının vacibliyini bir daha vurğulayaraq bu sahənin də milli mədəniyyətimiz üçün müstəsna önəmini qeyd etmişdir. Həqiqətən də Azərbaycan tarixi abidələrlə zəngin olan ölkədir və bütün mədəni və dini abidələrin qorunması daim dövlətimizin diqqət mərkəzindədir.

İndiyədək Prezident İlham Əliyevin təşəbbüsü ilə çox tarixi abidələr bərpa edilib. Eyni zamanda da son illər ərzində ölkəmizdə müasir memarlıq əsərləri yaradılıb. O cümlədən dünyada seçilən memarlıq nümunələrindən biri kimi qəbul edilən Heydər Əliyev Mərkəzi və məşhur Alov qüllələri artıq qədim Qız qalası ilə birlikdə müasir Bakımızın rəmzlərinə, simasına çevriliblər. Sözsüz ki, artıq işğaldan azad edilmiş torpaqlarımızda, məxsusi olaraq Azərbaycan mədəniyyətinin beşiyi sayılan Qarabağımızda və bütün Qafqazın incisi hesab edilən Şuşada bütün bu istiqamətlərdə işlər daha yüksək intensivliklə həyata keçiriləcək və ən qısa zamanda torpaqlarımızın Vətənə qayıtdığı kimi, mədəniyyətimiz də həmin ərazilərə dönəcək.”

Bundan başqa öz müsahibəsində Aqiyə Naxçıvanlı ölkəmizin beynəlxalq nüfuzunun daha da qalxmasına, imicinin möhkəmlənməsinə xidmət edəcək mədəni layihələrdən danışaraq qeyd etmişdir ki, Azərbaycan hər zaman dünya mədəni irsinə əvəzolunmaz töhfələr vermişdir: “İlk növbədə bunu deməliyəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması təkcə ölkəmiz üçün deyil, əslində dünyanın bütün mədəni xalqları və dövlətləri üçün böyük əhəmiyyət kəsb edən bir qərardır. Eyni zamanda da bu addım dövlətimizin başçısı tərəfindən Azərbaycanın ədəbiyyatına və mədəni irsinə ayrılan yüksək diqqətinin təcəssümüdür. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Bu il Nizaminin 880 illik yubileyi qeyd ediləcək. Əlbəttə ki, bu yubiley təkcə Azərbaycanda deyil, həm də dünyada geniş şəkildə qeyd olunmalıdır. Danılmaz bir həqiqətdir ki, Nizami, Nəsimi, Füzuli və digər dahi Azərbaycan şairləri dünya ədəbiyyatı xəzinəsinə çox nadir incilər bəxş etmişlər. Təqdirəlayiq haldır ki, dahi Nizaminin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetində isə Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir. Öz müsahibələrimdən birində mən artıq demişdim ki, Qarabağ Azərbaycanın milli-mənəvi dəyərlərinin əsrlər boyu formalaşdığı mədəni mərkəzdir. Məhz bu baxımdan da Ölkə Prezidenti cənab İlham Əliyevin bu il Şuşa şəhərində iki möhtəşəm tədbirin – “Xarı bülbül” festivalının və Vaqif poeziya günlərinin keçirilməsi barədə verdiyi tapşırıq xüsusi əhəmiyyət kəsb edir. Ümummilli Lider Heydər Əliyev bu kimi məsələlərə çox böyük önəm verirdi. Buna görə də əvvəllər Vaqif poeziya günləri ənənəvi olaraq keçirilirdi. Bu gün isə həmin ənənələr Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yenidən dirçəldilir və inkişaf etdirilir.”

Müsahibəsinin sonunda isə professor Aqiyə Naxçıvanlı son dərəcə maraqlı bir təklif irəli sürmüşdür. Millət vəkili demişdir ki, məhz Prezident İlham Əliyev tərəfindən Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin mərkəzi elan olunması onu belə bir təkliflə çıxış etməyə sövq edib: “Bilirsiniz ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin mərkəzi elan etmişdir. Heç şübhəsiz bu, son dərəcə böyük əhəmiyyət kəsb edən vacib bir qərardır. Şuşada bərpa işlərinə artıq başlanılıb, evlərin və tarixi abidələrin bərpası istiqamətində planauyğun işlər aparılır. Heç bir şübhə ola bilməz ki, artıq çox az bir müddət sonra qədim Şuşa öz tarixi görkəmini alacaq və əvvəlkindən daha gözəl, daha füsunkar oacaq. Möhtərəm Prezidentimizin bu tarixi qərarı məni də sövq etdi ki, Şuşada Milli Konservatoriyanın yaradılması təklifini irəli sürüm. Düşünürəm ki, bu layihə Azərbaycanın yeni mədəniyyət mərkəzinin statusuna tamamilə uyğun olar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir