Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 4 oktyabr 2021-ci il tarixində Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2021-ci il 4 oktyabr tarixində Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə qeyd edib ki, Cəbrayılın azad olunması beş il bundan əvvəl başlamışdı. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. Biz hərbçilərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik. Onlar əsl qəhrəmandırlar. 44 gün ərzində göstərilən həmrəylik, göstərilən birlik bütün dünyaya Azərbaycan xalqını çox ləyaqətli və böyük xalq kimi təqdim etdi. Biz birləşdik və istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik.

Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər. Biz şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımıza qayıtmışıq. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu addımlarımız mümkün olmuşdur. Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

İşğaldan azad olunmuş bütün ərazilər erməni vəhşiliyinin sübutudur. Azad olunmuş ərazilərə gələn hər bir insan dağıntıları görür və erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi. Müharibə dövründə bu qədər dağıntılar ola bilməzdi. İşğal dövründə ermənilər bütün evləri, binaları kərpic-kərpic sökərək talançılıqla, soyğunçuluqla məşğul olurdular və bütün dünya buna göz yumurdu. Bunu görən beynəlxalq təşkilatlar, bunu görən Ermənistanın havadarları buna, sadəcə olaraq, biganə qalırdılar, göz yumurdular.

Ötən bir il ərzində görülmüş işlər Azərbaycanın gücünü və potensialını nümayiş etdirir. Bir ilə görülmüş işlərə qiymət verərkən görürük ki, dövlətimizin, xalqımızın nə qədər böyük potensialı var. Çünki ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərə cəmi bir ildən sonra həyatı qaytarmaq, insanları qaytarmaq böyük potensialdan xəbər verir. Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək. Buna nail olmaq üçün əməli işlər aparılır və azad olunmuş şəhərlərin baş planları hazırlanaraq ictimaiyyətə təqdim olunur.

            “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrıldı. İlkin investorlar da müəyyən olundu. “KamAZ” şirkətinin regional xidmət mərkəzinin açılışı böyük perspektivlərə malik olan layihədir. Artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıbdır. Türkiyə şirkətləri də artıq Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlamışlar. Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb. Laçın və Kəlbəcər rayonlarında hazırda su elektrik stansiyalarının bərpası işləri gedir. Artıq bir neçə stansiya işə başlayıb, o cümlədən Tərtər rayonunda Suqovuşan Su Elektrik stansiyaları. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi önəmli hadisələrdəndir.  Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Artıq birinci yaşayış binasının təməli qoyuldu. Bu bina hazır olan kimi Cəbrayıl şəhərinin birinci sakinləri orada yerləşəcək. O vaxta qədər həm də xəstəxana olacaq, məktəb olacaq, iş yerləri olacaq. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi.

Müharibə bitdi, Azərbaycan xalqı qalib gəldi və yeni reallıq yaratdı. Hər kəs bu reallıqla hesablaşmalıdır. Biz imkan vermərik Ermənistanda yenə də bizə qarşı hansısa təxribat hazırlansın. Bizim legitim hüququmuzdur, əgər təhlükə görsək, əgər təhlükənin kiçik bir təzahürünü görsək, biz lazımi addımı atacağıq və heç kim bizi dayandıra bilməz, heç kim bizim qabağımızda dura bilməz.

İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurmuşdur. Bu cür ucuz təxribatlara əhəmiyyət verilməməlidir. Amma sonra əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Azərbaycan bu bölgələrə İsraili gətirib kimi uydurmalar əsassızdır. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Azərbaycan imkan verməz ki, kimsə əsassız iftira uydursun. Azərbaycan müstəqil siyasət aparan ölkədir. Qonşularımızla və bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsnasında qururuq. Biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq və tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin. Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq.

Azərbaycan heç kimin sərhədini pozmayıb. İndi Ermənistan rəhbərliyi ən yüksək səviyyədə açıq-aydın bəyan edir ki, Azərbaycan Gorus-Qafan yolunun müəyyən hissəsində haqlı olaraq yerləşib. Çünki sovet dövründəki xəritələr bunu göstərir. Xəritələr var, 1920-ci ilin xəritələri, çar Rusiyasının xəritələri. Biz öz ərazimizdəyik. İndi Ermənistan bunu deyir.

Ölkəmiz bütün qonşu dövlətlərə əməkdaşlıq platformasını təqdim edib. Türkiyə Prezidenti tərəfindən təklif olunan əməkdaşlıq platformasına Azərbaycan birinci ölkə olaraq öz dəstəyini göstərib. Bölgədə sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın rolu çox böyükdür. Ermənistan da bu formata qoşulacaq. Çünki başqa yolu yoxdur. İndi reallıq bundan ibarətdir. Son vaxtlar Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması ilə bağlı verilən ifadələri də biz dəstəkləyirik. Artıq bu, müharibənin hər hansı bir riskini aradan götürmək üçün lazımdır.

Regionda yeni dövr başlayır. Bu dövrü müsbət istiqamətə yönləndirmək lazımdır. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, sülh müqaviləsi, bir-birinin ərazi bütövlüyünün tanınması istiqamətində, ondan sonra iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının açılması, bütün bunlar gündəlikdə olan məsələlərdir. Azərbaycan tərəfində siyasi iradə var. Ermənistan tərəfində də olarsa iki ölkə özləri heç bir vasitəçisiz bu məsələləri həll edə bilər və bölgədə uzunmüddətli sülh ola bilər.

Bütün atılan addımlar və qəbul olunan qərarlar – Regionların sosial-iqtisadi inkişafı Proqramı, neft-qaz, nəqliyyat sahələrindəki təşəbbüslərimiz, ölkə iqtisadiyyatının canlandırılması, Neft Fondunun valyuta ehtiyatlarının toplanması, xarici siyasət, böyük dövlətlərlə münasibətlərimiz, qonşu dövlətlərlə münasibətlərimiz – bütün bu işlərin fövqündə müqəddəs an dayanmışdı – Zəfər Günü.

Əgər Azərbaycan xalqı 1993-cü ildə özünə xas olan müdriklik göstərməsəydi, Ulu Öndəri dəvət etməsəydi, Azərbaycanın taleyi çox qaranlıq ola bilərdi. Biz o vaxt itirilmiş torpaqları nəinki bərpa edə bilərdik, biz daha böyük fəlakətlərlə üz-üzə qala bilərdik. Biz hələ yaranmaqda olan dövlətçiliyi itirə bilərdik. Bu, tam həqiqətdir. Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri bu gün burada özünü göstərib. Çünki bu təməli Ulu Öndər qoydu – ordu quruculuğu, islahatlar, neft kontraktları, ölkəmizə ilk valyutanın gəlməsi. Elə ilk vəsaiti də məhz köçkünlərin yaşayış şəraitinin yaxşılaşmasına Heydər Əliyev istiqamətləndirmişdi. Əgər Ulu Öndər bu ölkənin təməlini düzgün qoymasaydı və dövlətçilik qurmasaydı, bu gün Zəfərdən söhbət gedə bilməzdi. Azərbaycan xalqı 2003-cü ildə və ondan sonrakı illərdə Ulu Öndər Heydər Əliyevin siyasətinə səs verib.

            Otuz il ərzində uydurulan mifologiyadan əsər-əlamət yoxdur. Bizə qarşı otuz il ərzində çirkin təbliğat aparan, Azərbaycan xalqının ləyaqətini alçaltmağa çalışan artıq öz payını aldı. Daha heç kim dünyada “müzəffər erməni əsgəri” haqqında bir söz demir. Çünki o, on min fərarisi olan ordudur. Ermənistan ordusu yoxdur. Onların otuz il ərzində yığdıqları bütün texnikanı darmadağın etmişik. Onun bir hissəsi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Canlı qüvvəsini məhv etmişik. Bunu Azərbaycan xalqı edib və öz üstünlüyünü göstərib. Ermənistan cəmiyyətində real vəziyyətin düzgün təhlili getməlidir. Artıq mifologiyadan əl çəkməlidirlər. Böyük Ermənistan xülyasından əl çəkməlidirlər. Dənizdən dənizə qədər mifik Ermənistan xülyasından əl çəkməlidirlər. Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər və əl çəkəcəklər.

Rüxsarə Atayeva,

Göygöl şəhər 3 nömrəli tam orta məktəbin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir