Bakıda kafe və restoranlarda reydlər keçirilir

Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsinin məsul əməkdaşları tərəfindən restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda birgə reydlərə başlanılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən verilən məlumata görə,  reydlər zamanı koronavirus (COVID-19) pandemiyası dövründə açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində virusa yoluxma hallarının qarşısının alınması məqsədilə həmin müəssisədə təmizlik və dezinfeksiya işlərinin dövriliyinə, tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydalarına riayət edilməsi məsələləri araşdırılıb, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun qurulması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə kafe və restoranlarda xidmət personalı ilə söhbətlər aparılıb.
Reydlər zamanı açıq havada fəaliyyət göstərən əksər iaşə obyektlərində Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradılması, burada qaydalara düzgün riayət edilməsi müəyyən edilib. Aşkar edilən nöqsanlar yerində aradan qaldırılıb və mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin və onların vəzifəli şəxsləri zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.
Paytaxtda ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir