“Biz Azərbaycana on dəfə çox silah satmışıq” – Serbiya Prezidenti

Serbiya Prezidenti Aleksandr Vuçiç bu gün keçirilən mətbuat konfransında ölkəsi tərəfindən Ermənistana satılmış silahlar haqda suala cavab verib.
Prezident qeyd edib ki, silah satışı hərbi istehsal sahəsinin uğurunu təmin edən yeganə variantdır.
“Həm Azərbaycan, həm də Ermənistan bizim dostlarımızdır. Son illər biz Azərbaycana on dəfə çox silah satmışıq, amma nədənsə heç bir xəbər lenti bu barədə məlumat vermək istəmir. Hərbi sənayedə iş yerlərini qorumalı olan 17 min insan çalışır. Mən sizdən, prinsipial olaraq soruşuram: gələcəkdə biz kimə satacağıq? Kimə satırıqsa, kimsə həmişə narazı olacaq”, – deyə Aleksandr Vuçiç bildirib.
Xatırladaq ki, iyulda haqqin.az və virtualaz.org saytlarında Ermənistana silah tədarükü ilə bağlı məqalələr dərc olunandan sonra Azərbaycan Serbiyaya etirazını bildirmişdi. Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Danica Veinovic ölkənin Xarici İşlər Nazirliyinə çağırılmışdı. Xarici İşlər nazirinin müavini Xələf Xələfov “etibarlı və təsdiqlənmiş məlumatlara” əsaslanaraq diplomatik missiyasının rəhbərinə Serbiyadan Ermənistana çoxlu sayda silah və sursat, o cümlədən minaatan tədarükü barədə məlumat vermişdi.
Rəsmi Bakının nümayəndəsi xatırlatmışdı ki, silahlar iyulun 12-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə hücumları zamanı tətbiq edilib və nəticədə 12 hərbçi və bir dinc sakin həlak olub. X.Xələfov bu cür hərəkətlərin Bakı ilə Belqrad arasındakı münasibətlərə də təsirini qeyd edərək, onların ölkələr arasındakı dostluq münasibətlərinə və strateji tərəfdaşlığa xələl gətirdiyini, etimad mühitinə kölgə saldığını vurğulamışdı. Nazir müavini bəyan etmişdi ki, Serbiya hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyəti xalqda və ölkə rəhbərliyində dərin təəssüf və məyusluq hissi doğurur. O vurğulamışdı ki, Azərbaycan tərəfi Serbiyadan izahat gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir