Cəbhə bölgəsi ilə bağlı şayiələr yaymaqda məqsəd nədir?

Bir neçə gün əvvəl sosial şəbəkələrdə cəbhənin Tərtər və Goranboy istiqamətlərində vəziyyətin gərginləşməsi, Ermənistan tərəfinin Azərbaycanın bir sıra postlarını ələ keçirməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmışdı.
Müdafiə Nazirliyi məsələyə münasibət bildirərək bəyan etdi ki, düşmənin guya Murov istiqamətində 3 postumuzu ələ keçirməsi və Goranboy rayonu Tapqaraqoyunlu istiqamətində şəhidlərimizin olması haqda yayılan məlumatlar tam əsassızdır və həqiqəti əks etdirmir, ordumuz cəbhə xəttində vəziyyətə tam nəzarət edir.
Bəs belə şayiələri, yalanları yaymaqda məqsəd nədir? Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bununla bağlı sorğumuzu cavablandırarkən bildirib ki, Avropada yaşayan, özünü bloqer adlandıran və hərbi forma geyinən Qabil Məmmədov adlı birisi sosial şəbəkələrdə guya Azərbaycanın Tərtər və Goranboy rayonları istiqamətindəki postumuzu ermənilərin ələ keçiməsi və 17 nəfərin şəhid olması barədə yanlış, böhtan xarakterli məlumatlar yayıb: 
“2014-cü ilin avqust ayında da belə məlumatlar yayılmışdı. Ondan sonra cənab Prezident cəbhə bölgəsindəki müdafiə vəziyyəti ilə bağlı məlum sərəncam imzaladı. Mətbuatımız, KİV bundan sonra xeyli uğurlu addımlar atdı. 2016-cı ilin aprel döyüşləri zamanı bütün KİV və QHT-lər bir mövqedən çıxış etdilər. Bu, çox böyük uğur idi”. Hərbi ekspert son dövrlər Ermənistan cəmiyyətində böyük çaşqınlığın hökm sürdüyünü vurğulayıb: “2016-cı ilin aprel uğursuzluğundan sonra ermənilər dəfələrlə cəhdlər ediblər, lakin qisas ala bilməyiblər. 2018-ci ildə Naxçıvandakı əməliyyatda böyük uğursuzluğa düçar olublar. Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra müxtəif vədlər vermişdi, o vədlərin heç birini yerinə yetirə bilmir. Nə Dağlıq Qarabağı Ermənistana biləşdirə, nə də onun “müstəqilliyi”ni tanıya bilir. Ancaq gəlib Şuşada tədbirlər keçirməklə, sosial mediada belə qarayaxma vasitələrindən istifadə edərək Ermənistan əhalisinin fikrini yayındırmaq istəyir”.
E.Həsənli COVİD-19-la bağlı mübarizədə Ermənistanda vəziyyətin çox acınacaqlı olduğunu, yoluxma sayının həddən artıq çox olduğunu bildirib: 
“Ermənistan cəmiyyəti çox narahatdır, xüsusən də son dövrlər Azəbaycan dövlətinin və Prezident İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasət onlara çox pis təsir edib. Zamanında erməni xalqı öz hakimiyyətinə haqlı suallar verirdi ki, niyə Avopa oyunları, İslam oyunları, UEFA Avropa Liqasının yarımfinalı, dinlərarası, mədəniyyətlərarası dialoq forumları Ermənistanda yox, Azərbaycanda keçirilir, Amerikanın, Rusiyanın, NATO-nun yüksək vəzifəli hərbi nümayəndələri niyə Bakıda görüşürlər? Sirr deyil ki, Bakı böyük görüşlərin mərkəzinə çevrilir, Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik edir. Azərbaycan  bu qurumun üzvü olan bir çox ölkələrə koronvirusla bağlı mübarizədə yardım göstərdi. Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının keçirilməsi nəzərdə tutulur. Bu da mühüm hadisədir. Azərbaycan bu prosesdə dünya səviyyəsində əsas oyunçuya çevrilib. Ermənistan bu təşəbbüsə qoşulmayan yeganə dövlətdir və bütün bunlar onda qıcıq yaradır. Ermənistan cəmiyyəti narahatdır, Paşinyandan narazıdır. Guya Qarabağ cəbhəsində hansısa üstünlük əldə edilməsi xəbəri də bütün bunlardan qaynaqlanır və şayiədən başqa bir şey deyil”.
E.Həsənli Azərbaycan Ordusunun bu günlər guya 17 nəfər şəhid verməsi ilə bağlı deyilənlərə də toxunub: 
“Azərbaycanın şəhid verdiyini axı necə gizlətmək olar? 2016-cı ilin aprel döyüşləri zamanı da belə şayiələr yayırdılar. Bizdə hər bir şəhidimiz Ermənistandan fərqli olaraq, izdihamla dəfn olunur, dövlət tərəfindən təltif edilirlər, dəfn mərasimlərində yüksək vəzifəli şəxslər, minlərlə vətəndaşımız iştirak edirlər. Ermənistan isə belə halları gizlədir və bizi də özləri ilə müqayisə edir. Öz hərəkətləri ilə Ermənistana xidmət edənlər bu şayiələrlə ordumuzun, onun rəhbərliyinin, Silahlı Qüvvələrimizin nüfuzuna zərbə vurmağa çalışırlar. Ermənistan Azərbaycan dövlətini və onun ordusunu özlərinə hədəf seçiblər. Ona görə də Avropada bizim bəzi insanlardan, daxildə bəzi vətəndaşlardan istifadə edirlər, sosial media vasitəsilə çaşqınlıq yaratmaq istəyirlər. Lakin deyilənlərin heç bir əsası yoxdur. Müdafiə Nazirliyi də məsələ ilə bağlı mövqeyin bildirib. Mən özüm neçə gündür cəbhə bölgəsindəyəm. Tərtərdə, Ağdamda olmuşam, deyilənlər tamamilə yanlışdır və heç bir əsası yoxdur. Əksinə, Azərbaycan Ordusu vəziyyətə tam nəzarət edir, döyüş üstünlüyü bizim tərəfimizdədir”.
E.Həsənli cəmiyyəti bu kimi hallara qarşı həssas olmağa çağırıb: 
“Bu gün kəskin informasiya müharibəsi gedir. Azərbaycan ordusu qısa zamanda torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Düşmən öz məqsədlərinə çatmaq üçün müxtəlif çirkin üsullardan istifadə edir, o cümlədən, sosial şəbəkələrdə azərbaycanlıların adına müxtəlif səhifələr açaraq, belə dezinformasiyalar yayırlar. Bu dezinformasiyaların heç bir əsası yoxdur. Bir vətəndaş kimi hər birimiz dövlətimizə, ordumuza dəstək verməli, əsgərlərimiz ön xəttə olduğu kimi, biz də informasiya müharibəsində həmrəylik göstərməli, vahid mövqedən çıxış etməliyik”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir