“Elə bilirlər ki, maskanı taxmamaqla kimisə aldadırlar” – TƏBİB

“Hər kəs öz məsuliyyətini dərk etməlidir, hər şeyi dövlətdən, hökumətdən gözləməməlidir”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O deyib ki, müalicə prosesində dünya ölkələrinin təcrübələri nəzərdən keçirilir:

“Amma hansısa qaydaların tətbiqinin nəticəsi ona məsuliyyətlə yanaşmaqdan irəli gəlir”.

Y.Qarayeva vətəndaşların maska taxmaması ilə bağlı qeyd edib ki, TƏBİB yalnız tibb müəssisələrinə nəzarət edir:

“TƏBİB insanların maska taxmasına nəzarət edə bilmir. Biz maska taxmaq üçün vətəndaşlara müraciət edirik, amma onlara nəzarət etmək səlahiyyətində deyilik. Vətəndaşlar elə bilirlər ki, maskanı taxmamaqla kimisə aldadır. Amma onlar bilmirlər ki, maska taxmaqla onlar özlərini qoruyurlar. Kimisə aldatmaq onların xeyrinə deyil. Qaydalar sərtləşdikcə vəziyyət gərginləşir. Biz qaydaları təsdiqləməklə insanların başının üstündə dura bilmərik”.

Y.Qarayeva deyib ki, Azərbaycan hələ fevralın sonunda xaricdən ölkəyə virusun idxalının qarşısını aldı. Amma virus ölkəyə daxil olandan sonra sürətlə yayılmağa başladı.

“Burda görüləcək tədbirlər cəmiyyətdən asılıdır. Avropa ölkələrində bu xəstəkik yayılanda biz bunun qarşısını sərhədləri nəzarətə götürməklə ala bildik. Amma ölkədə vətəndaşlar qaydalara riayət etmədiyi üçün xəstəlik yayıldı. Bu virusun yaşaması üçün insana ehtiyacı var. Yəni virus insandan insana yayılır. Buna görə də bir müddət özümüzü hətta yaxınlarımızdan təcrid etməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir