“Həmin pulu asfalta tökmək yaxşıdır, yoxsa təhsilə yatırmaq?”

Türkiyə ilə fərqimiz odur ki, biz müstəmləkə şəraitində çox yaşamışıq. Türkiyə, Rusiya və İranda imperiya xalqları dövlətin təməlini təşkil edir. Fikir verin, hətta farslarda ziyalılığın səviyyəsi, kitab oxumaq potensialı daha güclüdür. Biz isə müqayisədə uduzuruq. İmperiya təfəkkürü olan xalqlarda vətəndaşlıq duyğusu daha yüksək olur. Biz dövlət siyasətində şəxsi maraqlardan uzaqlaşaraq, strateji hədəfləri əsas götürməliyik. Məsələn, mən parlamentdə orta məktəblərdə tədris edilməyən fənlərin geri qaytarılmasını təklif etmişəm. Sumqayıtda orta məktəbdə bir əl qumbarası partladıldı, məktəblərdən hərbi dərsləri yığışdırdılar. Bu düşünülmüş addım idi. Azərbaycan övladı orta məktəbdən hərbi vərdişə yiyələnməli idi, ölkə istənilən vaxt müharibə edə bilər. Milli Məclisdə onu da təklif etdim ki, orta məktəbdə qızlara elementar ilkin tibbi yardım vərdişlərini öyrətsinlər. Çünki müharibədə əsgəri, zabiti ən çox qan itkisindən itiririk. Bunlar həyata keçirilmədi. Deməli, hansısa qüvvə ölkənin ayaqda durmasında, immunitetinin möhkəm olmasında, müharibəyə hazır olmasında maraqlı deyil. Bu ölkədə savadlı insanın çoxalmasında maraqlı olmayan qüvvələr var. Dövlətin xaricdə təhsil almağa gedən 5 min tələbə üçün ayırdığı vəsait var idi. Bu layihəni dayandırdılar. Həmin pulu asfalta tökmək yaxşıdır, yoxsa təhsilə yatırmaq? Eybi yoxdur, bu gedən tələbələrin qoy 4 mini qayıtmasın. Nə olacaqdı? Xarici ölkələrdə oxuyan, yaşayan, işləyən savadlı azərbaycanlılar ordusu olacaqdı. Erməni lobbisi də belə formalaşdı. Bizdə strateji düşüncə olmadığına görə belə şeyləri müzakirə edib, həlli yoplları axtara bilmirik.
Fazil Mustafa, Millət vəkili

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir