“Jurnalistlərimizin aldığı medallar onlara halaldır”

Cahangir Məmmədli: “Baş verənlərdən qürur duyuruq”

Ölkə başçısı Vətən Müharibəsində iştirak edən, bu müharibədə öz igidliyi, qəhrəmanlığı ilə diqqət çəkən hərbi qulluqçularımızı təltif etməkdə davam edir. Sevindiricidir ki, ötən gün Ali Baş Komandan tərəfindən təltif edilən hərbçilər içərisində Vətən Müharibəsində zabit kimi iştirak edən jurnalistlərimiz də yer alıb. 

Bunlar “Kaspi” qəzetində baş redaktor müavini Məğrur Əliyev, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı, əvvəllər müxtəlif KİV-lərdə müxbir, redaktor, baş redaktor müavini vəzifələrində çalışmış Araz Ağayevdir. Onlara “Füzulinin azad olunmasına görə” medalı verilib.

Ölkə başçının dünən imzaladığı sərəncamla isə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunan hərbçilərdən biri jurnalist, Cumhuriyyet.az saytının rəhbəri Nəsimi Şərəfxanlıdır. Qeyd edək ki, hər üç jurnalist baş leytenant rütbəsindədir.

BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, təltif olunan əli silahlı media nümayəndələrinin xidmətlərini qeyd etməklə bərabər bütövlükdə jurnalistlərimizin Vətən Müharibəsində həqiqətən də böyük fədakarlıq sərgilədiyini vurğuladı:

“Ali Baş Komandanımız Vətən Müharibəsində iştirak edən, döyüşən adi əsgərdən tutmuş zabitə qədər, o cümlədən arxa cəbhədə mübarizə aparan heç kəsi unutmadı və unutmur. O cümlədən, bizim jurnalistlərimizin də xidmətləri Ali Baş Komandan tərəfindən nəzərə alınır.

Vətən Müharibəsi dövründə jurnalistlərimiz həm ön, həm də arxa cəbhədə döyüşdülər.  Odur ki, onların da xidməti prezidentimiz tərəfindən qiytmətləndirilir. Jurnalistlərimizin aldığı medallar onlara halaldır.

Vətən Müharibəsi dövründə informasiya siyasəti yüksək səviyyədə quruldu. Jurnalistlərimizin əksəriyyəti cəbhə bölgəsində oldu. Onlar birbaşa reportajlarla çıxış etdilər, qələbəmizə öz töhfələrini verdilər. Buna görə də jurnalistlərimizin prezident tərəfindən təltif edilməsi sevindiricidir və biz bununla qürur duyuruq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir