“Ölkəmizdə bu tədqiqat aparılsaydı, müsbət təsirlərini görəcəkdik” – Azərbaycanlı həkim + VİDEO

Fransadan sonra koronavirusa ilk yoluxma halının rəsmi qeydə alındığı vaxtdan daha əvvəl mövcudluğunu elmi tədqiqatlarla iddia edən ölkələr sırasına İtaliya və İspaniya da qatılıb.
Bu barədə açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib.
Onun sözlərinə görə, İtaliya alimləri COVID-19-a ilk yoluxmanın rəsmi qeydə alındığı 20 fevralda deyil, ondan daha öncə, yəni dekabr ayında olduğunu elmi tədqiqatla iddia ediblər: “Bu elmi tədqiqatlar çirkab (kanalizasiya) suları üzərində aparılıb və alimlər bu tədqiqatla yekun nəticə əldə ediblər. Belə ki, bu tədqiqatda 2019-cu ilin oktyabr ayından 2020-ci ilin fevral ayına qədər olan 40-a yaxın kanalizasiya suyundan nümunələr götürülüb. Bu zaman oktyabr və noyabr aylarında heç bir şübhəyə rast gəlinməyib”.
Tibb elmləri doktoru bildirib ki, oxşar tədqiqatlar həmçinin İspaniyada da aparılıb: “Barselonada da alimlər ilk yoluxmanın rəsmi qeydə alındığı 25 fevralda deyil, ondan daha öncə, yəni yanvar ayının 1-dən mövcud olmasını elmi tədqiqatla iddia edirlər. Bu tədqiqatda maraqlı məqamdan biri də elm adamlarının 2019-cu ilin mart ayında Barselonada COVID-19-a şübhənin olmasını bildirmələridir ki, bu nəticəyə də düşünürəm ki, bu sahə üzrə yerli mütəxəssislərimiz cavab verə bilər”.
Azərbaycanlı alimin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmiləri Fransadakı tədqiqatdan sonra bütün dünya ölkələrinə müraciət ediblər ki, COVID-19-un rəsmi qeydə alındığı vaxtdan daha əvvəllər mövcudluğunun araşdırılması üçün şübhəli xəstələr yenidən yoxlanılıb qiymətləndirilsin.
N.Abdullayev söyləyib ki, yekun olaraq iddialar tam təsdiqini tapdıqdan sonra virusun ayrı-ayrı ölkələrdə nə zamandan mövcud olduğu dəqiq müəyyən olunacaq. Alim bildirib ki, qeyd olunan elmi tədqiqatlar Azərbaycanda da aparılsa idi, ölkədə ilk yoluxma faktının dəqiq hansı zamana təsadüf etdiyini müəyyənləşdirmək mümkün olardı.
Tibb elmləri doktoru bu nəticələrin dünyada və Azərbaycanda pandemiyanın gedişatına göstərə biləcəyi müsbət təsirlərdən danışıb. Bildirib ki, tədqiqatla ilk yoluxmanın rəsmi qeydə alındıqdan daha əvvəllər olduğu sübut olunarsa, bu zaman ölkə əhalisinin təxminən neçə faizinin virusa yoluxmasını asanlıqla model vasitəsi ilə öyrənmək olardı. Alim bu tədqiqatın Azərbaycan üçün də önəmli bir iş ola bilməsi vurğulayıb.
“Hazırda müşahidə olunan odur ki, müxtəlif qabaqlayıcı tədbirlər görülsə də, nəticə hələ ki, əldə oluna bilmir. Bu da virusun daha sürətli yayılmasından irəli gəlir. Bu, təbii ki, bütün dünyada da belə idi və ya belə bir təhlükə var idi. Hesab edirəm ki, bəhs etdiyim tədqiqat Azərbaycanımızda da aparılsaydı və ilk yoluxmanın mövcudluğunun dəqiq vaxtı 2-3 ay əvvəl öyrənilsəydi, bu gün onun müsbət təsirlərini müşahidə edəcəkdik. Yəni onunla müvafiq strategiya qurulacaqdı ki, ölkədə bugün vəziyyət bu qədər kritik olmasın. Bu tədqiqatların nəticəsi pandemiyanın dünyada mənzərəsini dəyişəcək gücə malikdir və eləcə də mübarizə strategiyasında atılacaq siyasi qərarlara birbaşa təsir edə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir