Peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü onun Vətən sevgisindədir

Bu, real həqiqətdir ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Sirr deyil ki, Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçib.

Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq qısa zaman kəsiyində xalqımız öz ordusunu, hərbi qüvvəsini yaratmağa imkan tapdı. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski kimi dövrün istedadlı generallarının böyük zəhməti nəticəsində Azərbaycan ordusunun peşəkar hərbi quruma çevrilməsi üçün mühüm tədbirlər həyata keçirildi. Cümhuriyyət dövründə ordu quruculuğu ilə bağlı çatışmazlıqlar çox idi. Xarici təzyiqlərdən, hərbi texnikanın alınmasındakı çətinliklərdən tutmuş, peşəkar hərbi kadrların çatışmazlıqlarına qədər mövcud olan bütün problemlər özünü qabarıq formada büruzə verirdi. 

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ordu quruculuğu prosesində fasilə yaranmış, yalnız II Dünya müharibəsinin başlaması ilə əlaqədar azərbaycanlılardan ibarət bir neçə Milli Atıcı diviziyaların yaradılması ilə milli ordu anlayışı davam etdirildi.

Heç kəsə sirr deyil ki, 1941-1945-ci illərdə faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının da çox böyük töhfəsi və rolu olub. Xalqımız bu qələbə üçün özünün 600 minə yaxın oğul və qızını cəbhəyə yola salmış, onların da yarıdan çoxu həlak olmuşdur. Azərbaycan döyüşçüləri qəhrəmanlıqla vuruşaraq faşizm üzərində qələbənin qazanılmasına öz layiqli töhfələrini vermişdilər. 

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz bütün sahələrdə olduğu kimi, hərbi sahədə də ciddi böhranla üzləşdi.  Azərbaycan xalqının tələbi ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ölkədə ordu quruculuğu prosesinin başlanğıcını qoydu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsi olaraq 1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. İlk növbədə qanunsuz hərbi dəstələr buraxıldı, silahlı qüvvələr dövlət nəzarətinə alındı. Digər ölkələrin nümunələrindən və Dağlıq Qarabağ müharibəsi təcrübəsindən istifadə olunaraq mükəmməl hərbi qanunvericilik sistemi yaradıldı. Orduya çağırış və fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdı. Beləliklə Azərbaycan ordusu kifayət qədər təşkilatlanmış böyük bir qüvvəyə çevrildi. 

 Məhz Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

24 noyabr 1997-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2 saylı 8 illik internat məktəbinin adı dəyişdirilərək Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayan C.Naxçıvanski adına Hərbi Lisey adlandırıldı. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi idi. Daha sonra Azərbaycan Prezidentinin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi-Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.

Ordu quruculuğu ilə bağlı həyata keçirilən tədbirlər 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirildi. Ötən müddət ərzində istər Silahlı Qüvvələrimizin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, istərsə də hərbi qulluqçuların sosial müdafiəsi sahələrində həyata keçirilən tədbirlər, Ali Baş Komandanın Vətənin müdafiəçilərinin şərəfli xidmətinə necə yüksək qiymət verdiyini bir daha təsdiq etdi. 

Son illərdə ölkənin müdafiə xərclərinin bir neçə dəfə artırılması, hərbi qulluqçuların sosial problemlərinin ardıcıl olaraq həll edilməsi yaxın gələcəkdə ordu quruculuğu sahəsində daha böyük uğurlar qazanılacağına təminat verirdi. Ordu sahəsində böyük islahatlar aparılması ilə yanaşı, ordumuz yeni silah növləri ilə təchiz edilməsi üçün bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilməsi, habelə Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradılması strateji əhəmiyyət kəsb edən addımlardan idi.

Atılan bütün addımlar nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunurdu. Silahlı Qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması fasiləsiz, yəni hər gün davam edən bir prosesdir. Döyüş hazırlığı məsələlərinə ciddi önəm verilməsinin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri hal-hazırda istər quruda, istər havada, istərsə də dənizdə hər hansı döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir. Ali Baş Komandan İlham Əliyevin də vurğuladığı kimi: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir”.

Məhz bu günədək görülən işlərin nəticəsi idi ki, 44 gün ərzində Müzəffər Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən layiqincə gəldi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi.

Bu gün müasir Azərbaycan Ordusu ən yüksək standartlara cavab verir. Vətən müharibəsində qazanılan zəfər ordu quruculuğunda müəyyən islahatları şərtləndirdi. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. Eyni zamanda hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə cari ildə Milli Müdafiə Universiteti yaradıldı. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır. Çünki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, Vətən sevgisindədir.

Azərbaycanda istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə əldə edilən bütün uğurlar yeni çağırışlara cavab verən mükəmməl, dayanıqlı idarəetmə modelinin tətbiqinin bariz nümunəsidir və bu gün ordu quruculuğu istiqamətində görülən işlərin uğurla davam etdirilməsi  Azərbaycan dövləti və xalqının dünyada, xüsusilə Cənubi Qafqazda sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olduğunun əyani sübutudur. 

Məzahir Əfəndiyev, Milli Məclisin deputatı

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.