Qələm əhlinin fəxri Raziyyə xanım

Qadın olmaq kəlməsinin içərisində çox böyük bir güc var. Mən bu mövzuya bir az fərqli tərəfdə baxmaq istərdim.Əgər keçmişə qayıtsaq, Müqəddəs kitabda İbrahim peyğəmbər və həyat yoldaşı Saraya baxsaq, görərik ki, onların övladları olmurdu. Amma qoca yaşlarında İbrahimin övladı oldu. Burda əsas məsələ Saranın həyat yoldaşına göstərdiyi sadiqliyiydi, dözümüydü.Ulu Yaradan kişidən fərqli olaraq qadını daha dözümlü, daha özəl yaradıb. Ona güc verib ki, övladını dünyaya gətirsin, incə və güclü əllər verib ki, övladını başında tutsun, böyük ürək verib ki, hər bir cətinliyə dözsün, cıxış yolu tapsın. Qadını güclü yaradıb ki, hər düşdüyündə özü qalxsın deyə. Kəlimələr yetməz ki, qadının necə gözəl bir varlıq olduğunu anlatmaqa. Qadın həm dərdin onu haqladığı anda ağlayar və həm də istədiyi məqamda gülər…Qadın Anadır. Analar isə bütün dünyanın yükünü daşımağa qadirdilər. Ana olmaq, qadın olmaq dünyaya gələn hər bir qız övladının haqqıdır. Hətta uşaq olarkən belə qız övladları öz oyuncaqlarına Analıq edirlər. Qayğısını çəkirlər balacalıqdan. Bax budur qadın olmaq – Ana olmaq! Haqqında söz açmaq, şəninə xoş sözlər yazmaq istədiyim Raziyyə İmranqızı da həqiqətən incə qəlbli, xoş auraya malik zərif bir xanımdır. Raziyyə xanımı tanıdığımız ötən illər ərzində hər dəfə “Görəsən üzündən mülayimlik yağan bu alağöz, yaraşıqlı xanımın təbiətindəki kübarlıq haradandır?” – deyə düşünmüşük. Sonra isə onun adlı-sanlı el ağsaqqalı, ömrünü zəhmətə, nəcib işlərə həsr etmiş İmran kişinin qızı olduğunu xatırlayıb, “ot kökü üstə bitər”, – deyə öz-özümüzə cavab vermişik.Harada anadan olduğunu bilmirəm. Bilirəm ki, təbiət vurğunudur, təbiət aşiqidir. Elə təbiətindəki qüruru, xasiyyətindəki təmkini sanki qış-yay zirvəsi qarla örtülü olan Şah dağından alıb. Axı Raziyyə xanım Ana yurdumuzun hər guşəsini qarış-qarış gəzir, torpaqlarının üstündə bitən gül-çiçəkləri qoxulayır, sərin, dişdonduran bulaqlarının suyundan içir, ormanlarına, meşələrinə səyahətə çıxır. Görünür, bu gücü, enerjini ana təbiətdən aldığındandır ki, o, daim təbiətə can atır, ailəsi, dostlarla birlikdə səyahəti xoşlayır. Dənizin sahilində gəzməyi də çox sevir…Savadı, mədəniyyəti ilə seçilən, journalist ailəsində sayılıb-seçilən Raziyyə xanım əvvəllər başqa sahədə çalışıb. Amma daxilindəki şair təbiəti, həssas ürəyi onu bizim sıramıza çəkib gətirib. Zəhmətkeşliyi və vicdanlılığı ilə hörmət qazanan Raziyyə İmranqızının şair təbiəti, həssas ürəyi, həmçinin təəssübkeşliyi, ana yurda və doğma torpağa məhəbbəti onu mətbuatın dostu edib. Maraqlı yazıları ilə qəzet səhifələrində öz oxucularını tapıb. Mən şəxsən onu mətbuatımızın dayağı kimi həmişə yanımızda görmüşəm. Mətbuata gəldiyi gündən bu sadə və təvazökar xanım nəinki öz kollektivinin, hətta qələm əhlinin fəxrinə çevrilib.Əsl qadın kimi onu xarakterizə etsək, deyə bilərəm ki, ondakı həyata, yaşama olan sevgi, dosta və dostluğa sədaqət, sözünə və əməlində dürüstlük bir çox xanıma nümunədir. Onun fikrincə, qadın – zərifdir, narındır, kübardır. Narın olması məğlub olması demək deyil. Qadın eyni zamanda güclüdür. Asandlıqla məğlubiyyəti qəbul etməz. Mübahisə qadına görə deyil. Yalnızca sevgi üçün mübahisə edər qadın. Və ya sevdiklərini qorumaq üçün. Yuvanı dişi quş qurar! – deyimi doğrudur. Bir qadın bir evi betondan yuva edə bilər… Sevgi ilə edə bilməyəcəyi şey yoxdur qadının. Yetər ki, ehtiyacı olan sevgi, qayğı, dəyər və güvəni hiss etsin qarşısındakından.Müdriklərimiz yaxşı deyiblər: “Başqasına həyat verən özünə əbədi ömür qazanır”. Bu sözləri Raziyyə xanım haqqında inamla demək olar. Nəsirəddin Tusinin belə bir fikrini yada salmaq çox vacibdir: “Başqasına etdiyin yaxşılığı unuda bilərsən, ancaq sənə edilən yaxşılığı unutmamalısan”. Bu fikir həmişə mənim qəlbimdə yaşayır. Ona görə də Raziyyə İmranqızının etdiyi yaxşılıqlar, qayğıkeş əməlləri, xeyirxah və inamlı işləri onu insanların qəlbində daim ucaldır, zirvələrə qaldırır. Onun insanlara həmişə səmimi, xeyirxah və qayğıkeş olması onlara əbədi örnəkdir.Raziyyə xanım işində həddən artıq tələbkardır. O, biganəliyi xoşlamır. El–obasının qədrini biləndir, xalqa xidməti həyatının məna və məqsədi hesab edir. R.İmranqızı saf əqidəsi və məsləki olan ziyalıdır. Onun əqidəsi humanizmə, həqiqətə, ədalətə söykənir.Elə bir insan tapılmaz ki, istəyi, arzusu və diləyi olmasın. Yenicə anadan olmuş körpənin belə, istəyi olur. Bu istəyə zaman ötdükcə arzu, daha sonra isə dilək əlavə olunur. Məhz arzulara, diləklərə çatmaq əməksevərliklə mümkündür; zəhmət çəkməklə arzuya çatmaq insana verilən ən dəyərli nemətdir. Hər hansı bir arzuya yetmək, diləyə çatmaq əzmkarlıq sayəsində həyata keçir ki, bunun təməlində əməksevərlik tərbiyəsi durur. Məhz haqında söz açdığım Raziyyə xanım da bu əqidədə olan ziyalıdır. Məhz zəhməti sayəsində “Ria24.az” saytını yaradıb və fəaliyyətini indi də uğurla davam etdirir.Onun xeyirxahlığına bir misal çəkmək istəyirəm. 2020-ci ilin pandemiya ilə üzləşdiyi təzə vaxtlar idi. Bilirdim ki, o, çox xeyirxah missiya ilə də məşğul olur. İmkansızlara əl tutan kəsin əməyi yerdə qalmır. Allah onu gec-tez mükafatlandırır. Elə bu məqsədlə də bir imkansız ailəyə yardım etmələrini ondan xahiş etdim. Sağ olsun Raziyyə xanım, dostları ilə bu ailənin səsinə səs verdilər, onları müəyyən müddətə imkansızlıqdan xilas etdilər, demək olar bir ayın azuqəsi ilə təmin etdilər. Özü də yardımı ehtiyacı olan ailənin evinə apardılar. Heç bilmədim minnətdarlığımı, bir ailənin sevincini, başda Raziyyə xanım olmaqla, dostlarına necə bildirim. Demişdim bir yazı yazacağam bu barədə. Ataların bir məsəli bu məqamda yadıma düşdü: “Saxla samanı, gələr zamanı”.***Qadın olmaq gözəl olmaqdır, gözəllikdir. Gülümsəməkdir. Güvən verməkdir. Saf olmaqdır, yaxşı düşünməkdir. Ağıldır, amma daha çox duyğudur qadın. Əsla yanılmaz duyğularında. Əgər bir gün yanıldığını düşünsə, bilin ki, bu yanlış hiss etdiyindən deyil, elə olmaq istədiyindəndir. Seviləndir. Sevildikcə gözəlləşən və həyatı gözəlləşdirəndir. Ona görə çox qiymətlidir. Zərifdir, gözəldir, huzurdur, həyatın rəngli tərəfidir qadın. Qadın olmaq gözəl bir duyğudur. Qadın olmaq başqa bir hissdir, eyni zamanda çoxlu məsuliyyət tələb edən yüksək, çətin bir vəzifədir. Haqqında həvəslə, şövqlə yazdığım və yazdığımdan da qürur duyduğum Raziyyə İmranqızı bax, belə xanımlardandır.Və sonda deyim ki, bir neçə gün əvvəl Raziyyə xanımın ad günüydü. Adətən qadının yaşını göstərmirlər. Amma mən tortun üstündəki rəqəmi gördüm. Üstündə 45 rəqəmi bərq vururdu əlvan şamların əhatəsində. İstər Facebookda, istərsə də Votçapda şəxsi məsələlərimə başım qarışdığından tələm-tələsik təbrik edib ürək sözlərimi bu yazıya saxlamışdım. Yazdım və sonda da belə bir şeirlər ifadə edirəm.

Duman-çən birləşib yolumu kəssə,

Düşər dost-tanışlar yadıma mənim.

Bilirəm bir azca çətinə düşsəm,

Onlar yetişərlər dadıma mənim.

Demə: bu dostların qalıbdır harda,

Onlar gözlərimə dəymir nə vaxtdan.

Dost dostu sınayar çətində, darda,

Dar gündə cıxıblar onlar sınaqdan.

Çox dost qazanmışam mən öz elimdə,

Elə bilirəm ki, yoxdur düşmənim.

Gözüm görməyəndə tutub əlimdən,

Dostlarım ağ günə çıxarıb məni.

Söz salıb onların məhəbbətindən,

Doğrusu bilmirəm bu gün nə deyim.

Onların eşqindən, məhəbbətindən,

Yüz yol danışsam da, qurtaran deyil.

Çox adam görmüşəm mən bu yaşımda,

Dostu unudanın qiyməti olmaz.

Dost-tanış olmasa, süfrə başında,

Kəsdiyim çörəyin ləzzəti olmaz.

Hər gün dostlarımı salıram yada,

Dərirəm ömrümün dostluq barını.

Yaxşı ki, dostların mən bu dünyada,

Qazana bilmişəm etibarını.

Dəyərli dostların qədrini bilən Daşdəmir ƏJDƏROĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir