Zeynal Xəlilin anım günüdür

Bugün Tanınmış şair, dramaturq, Azərbaycanın Əməkdar incəsənət xadimi Zeynal Xəlilin anım günüdür.
Zeynal Xəlil (Zeynal Rza oğlu Xəlilov; 23.03.1914, Gəncə – 11.08.1973, Bakı) Hələ 17 yaşında ikən poeziya aləminə gəlib. Ali təhsilini ADPU-da (keçmiş Pedoqoji İnstitutda) alıb.O, az bir müddət ərzində özünü tanıtmağa, XX yüzilin otuzuncu illərində sürətlə irəli çıxan Səmə Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim, Osman Sarıvəlli kimi  söz ustaları arasında görünməyə başlayıb. “İstək” adlı ilk şeirlər kitabı 1936-ci ildə gün üzü görüb. II Dünya müharibəsi illərində alov saçan şeirləri ilə seçilən şairin “Yəhərləyin atları”, “416”, “Döyüşçünün vəsiyyəti” və b. şeirləri, eləcə də, “Tatyana” poeması (1942) geniş oxucu təqdiri görüb.Z.Xəlilin “Düşüncələr” (1943), “E‘tibar” (1947), “Arzular” (1949), “İki dünya” (1952), “Bənövşə” (1956), “Şeirlər” (1963), “Sevdiyim rəng” (1970), “Günəş, dəniz və insan” (1973) və b. şeir kitabları,“Ulduzlar” (1961) mənzum romanı, “İntiqam” (1941), “Gənc ustalar” (1954), “Ata yolu” (1966) pyesləri məşhurdur.
Ədibin əsərləri bir sıra xarici dillərə çevrilib; şeirləri Moskvada “Стихи о горной тропинке” adı ilə kitablaşadırılıb (1973). O, özü də özbək şairi Qafur Qulam, rus şairi Pavel Antokolski, macar şairi Şandor Petöfi, avar şairi Rəsul Həmzətov, gürcü şairi David Quramişvili kimi ünlü imzaların əsərlərini doğma dilimizə çevirib.
Əməkdar jurnalist, Prezident təqaüdçüsü Flora Xəlizadə Zeynal Xəlil şəxsiyyəti və sənəti haqqında düşüncələrini bu sözlərlə ifadə edir: “…Onu yaxından tanıyanlar yaxşı deyir ki, Zeynal Xəlil ürəyi ilə sənət arasında sərhədi, səddi olmayan şair idi. Öz hisslərini, düşüncələrini şeirlərinə hopduran, bununla da özünün mənəvi portretini əbədiləşdirən Zeynal Xəlil yazırdı:
Öləndə bir daşa çevirin məni -Vətən torpağında bozca bir daşa.Mən yaxşı bilirəm tale deyəni:Hər insan ömrünü vuracaq başa…
Nə idi arzusu Zeynal Xəlilin? Heç kimə əziyyət verilməsin. Məzarının üzərindəki bir daşa əvvəl Günəş qazılsın, sonra bir insan surəti. Çünki bu dünyaya gələli Zeynal Xəlil ancaq onları sevib vəsf etmişdi. Günəş və İnsan!
Bir şeirində dediyi kimi, Zeynal Xəlil Azərbaycan poeziyasının “şinel geymiş sənətkarı” olub. Əsrin, taleyin gərdişləri onu nə qədər məngənəyə salsa da, ömrünün sonuna kimi yurduna, soydaşlarına məhəbbətini azalda bilmədi”…
XX yüzil Azərbaycan poeziyasının 70-ci illərə qədər davam edən ədəbi-bədii mərhələləri ilə bilavasitə bağlı olan, sürətlə inkişaf edən milli şeirimizin bir sıra forma və məzmun özəlliklərini özünün bədii sənət örnəklərində əks etdirən Z.Xəlilin ədəbi irsində xalq ədəbiyyatına, klassik irsə, ümumən ədəbi-bədii gələnəyə sədaqət, diqqət, qayğı ilə yanaşı çağdaş həyatın güncəl və qabarıq olaylarına, milli ruha təbii, orijinal bir münasibət olub. Buna görə də, Z.Xəlilin ədəbi-bədii yaradıcılığı Azərbaycan milli poeziyasının qırx illik (30-70) inkişaf mərhələlərini öyrənmək, araçdırmaq baxımından örnək qaynaqlardan sayılır.
Rəhmətlik Taleh Həmid “XX əsrdə Zeynal Xəlil qədər “insan, insan” deyən ikinci bir şairimizə rast gəlmək bəlkə də mümkün deyil” deyirdi. O, insanı həmişə uca görürdü, ucalıqda təsəvvür edirdi; ümidsizliyin, ağrı-acının içində də insanın özünü qorumasını, comərd olmasını arzu və təmənna edirdi. Bəli, zəngin yaradıcılığa malik olan Zeynal Xəlilin bütün müşahidələrinin, poetik münasibətlərinin mərkəzində İnsan və onun arzuları dayanırdı. 
XX yüzil şeirimizdə süjetli lirikanın gözəl örnəklərini yaradanlardan biri olan Z.Xəlil, yaratdığı maraqlı obrazlarla, fikrin, mətləbin bədii lövhələri ilə, həzin romantika ilə seçilib. 
Zeynal Xəlilin şeirlərinə Qənbər Hüseynli, Emin Sabitoğlu, Soltan Hacıbəyov kimi böyük sənətkarlar musiqi bəstələyib; mahnıları dillər əzbəridir: 
“…Fikrimdə Aylı, ulduzlu,Asiman var, bu gecə!Könlümdə körpə quzu təkBir umman var, bu gecə”!Və ya“Kimlər gəldi, kimlər getdi,Bu dünyadan, bu dünyadan.Arif olan nakam getməz,Bu dünyadan, bu dünyadan”.Yaxud“…Mən səni gördümAy işığında,Könlümü verdimAy işığında”… bu üç fərqli mahnıdan gətirdiyimiz misralar belə şairin şözlərinin bəlkə özündən də məşhur olduğunu demək üçün yetərlidir. Sözləri özündən çox tanınmaq! Əslində, bu, bir şair xoşbəxtliyidir.
1964-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülən Z.Xəlil, habelə “Şərəf nişanı” ordeni və medallarla təltif olunub.
Z.Xəlil Bakıda, II Fəxri Xiyabanda dəfn edilib. Azərbaycan prospektində (keçmiş Hüsü Hacıyev küçəsində) yaşadığı evin divarına xatirə lövhəsi vurulub. Bakıda (Nərimanov r.) və Gəncədə (Kəpəz r.) şairin adını daşıyan küçələr var.RUHU ŞAD OLSUN!
Milli Məclisin Mədəniyyət komitəsinin sədriQənirə Paşayeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir