“8 noyabr 2020-ci il sözün əsil mənasında tarixə düşən bir tarix oldu. Həmin gün Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şuşa şəhərini işğaldan azad etdi. Bu möhtəşəm qələbə Azərbaycanın apardığı ədalətli Vətən müharibəsində xalq-dövlət birliyinin əzəmətinin, Azərbaycan Ordusunun yenilməzliyinin və Ali Baş Komandanımızın sarsılmaz iradəsinin ən bariz göstərilərindən biri oldu.” Bu sözləri aia.az saytına verdiyi müsahibəsində Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı demişdir.
Millət vəkili Şuşanın işğaldan azad edilməsinin bir tərəfdən hərbi əməliyyatların gedişinə təsiri nəzərə alınaraq strateji baxımdan, digər tərəfdən isə daşıdığı mənəvi dəyərlər baxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayaraq bunları demişdir: “Mən əlbəttə ki, hərbçi deyiləm. Bununla belə Şuşanın Dağlıq Qarabağda tutduğu coğrafi mövqeyinə görə necə böyük strateji əhəmiyyət kəsb etdiyindən xəbərim var. Şuşaya nəzarət etmək Xankəndinə və bir çox digər yaşayış məntəqələrinə nəzarət etmək deməkdir. Əlbəttə, Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı bu ədalətli Vətən müharibəsinin sonu elə hərbi əməliyyatların başlandığı ilk gündən heç kimdə şübhə doğurmurdu. Ali Baş Komandan cənab İlham Əliyev də öz çıxışlarında dəfələrlə demişdi ki, Azərbaycanın qüdrətli ordusu var və bu ordu öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Sadəcə olaraq xalqımızın sülhsevərliyi, möhtərəm dövlət başçımızın insanpərvərliyi qarşı tərəfə münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanlardan sonadək yararlanmaq şansı verdi. Lakin bizi düzgün başa düşmədilər. Bizi aciz bildilər. Hətta başqa ərazilərimizə də göz dikdilər. Nəhayət Azərbaycan xalqının da səbri tükəndi. Və budur, ermənilərin beş il ərzində işğal etdikləri, otuz il ərzində hərbi-mühəndis qurğuları ilə, güclü istehkamlarla möhkəmləndirdikləri ərazilər indi Azərbaycan Ordusu tərəfindən sayılı günlər ərzində ardıcıl azad edilir. Düşmən torpaqlarımızdan qovulur! Noyabr ayının 8-də isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz Şuşanı azad etdi. Bu möhtəşəm qələbə bütün dünyaya Azərbaycan xalqının öz Prezidentinin ətrafında bir yumruq kimi necə sıx birləşdiyini, bu birliyin qarşısında heç bir qüvvənin dura bilməyəcəyini bir daha göstərmiş oldu. Eyni zamanda da Şuşanın işğaldan azad olunması Vətən müharibəsinin tezliklə zəfərlə başa çatacağına, yəni bütün torpaqlarımızın işğaldan tamamilə azad ediləcəyinə artıq sayılı günlərin qaldığına dair açıq-aydın bir müjdədir.”
Daha sonra öz müsahibəsində Aqiyə Naxçıvanlı Şuşanın işğaldan azad olunmasının Azərbaycanın milli-mədəni irsinə misilsiz bir töhfə olduğunu demiş və eyni zamanda da bu faktın bütün dünya mədəniyyəti üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır: “Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Bu şəhərin işğal altında olmağı mədəni irsimizə olan bir təcavüz idi. Bu gün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın igid əsgər və zabitləri sadəcə Şuşanı bizə qaytarmadılar. Onlar həm də bizim mənəviyyatımızı, milli qürurumuzu özümüzə qaytardılar. Şuşa həm də təkcə Azərbaycana deyil, bütün dünya mədəniyyətinə böyük ədiblərimizin,maarifçilərimizin,incəsənət xadimlərimizin timsalında misilsiz töhfələr vermişdir. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Firudən bəy Köçərli, Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev – bu isimlər qədim Şuşa torpağında doğulub boya-başa çatmış dahilərin heç də tam siyahısı deyil. Şuşanın işğaldan azad olması həm də Azərbaycanı dünyaya tanıtmış bu insanların ruhlarının azad edilməsi anlamına gəlir. Əlbəttə ki, erməni vandalları bütün bunların nə demək olduğunu anlaya bilməzlər. Çünki onların xislətinə qurub-yaratmaq deyil, dağıtmaq, talamaq və viran qoymaq bacarıqları xasdır. Amma bu gün qisas günüdür! Bu gün Azərbaycan hər qarış torpağının, hər daşının hesabını düşmənə ödətdirir!”
Millət vəkili Şuşanın azad edilməsinin onun özü və övladları üçün daşıdığı daha bir önəmi də xüsusi vurğuladı: “Şuşanın düşmən tapdağından azad edilməsi həm də o deməkdir ki, ulu nənəm Xan qızı Natəvanın indiyədək nigaran qalan ruhu sevinir. Bu qələbə həm də o deməkdir ki, nəslindən olduğum üçün həmişə fəxr etdiyim, əsilzadəlik, kübarlıq irsini qanımda, canımda daşımaqdan qürur duyduğum Xan qızının vaxtilə qalada inşa etdirdiyi kəmərdən su içmək imkanı qazanacağıq. Bizə bu xoşbəxt günü qismət etdiyinə görə Ali Baş Komandanımız İlham Əliyevə əlahiddə, məxsusi minnətdarlığımı bildirirəm”.
Müsahibəsinin sonunda isə millət vəkili Ölkə Prezidenti cənab İlham Əliyevin noyabr ayının 8-də Şəhidlər Xiyabanını ziyarət etməsini əsil insanlıq mənəviyyatının daha bir zirvəsi kimi dəyərləndirərək, Ali Baş Komandanımızın Azərbaycan əsgərinə verdiyi yüksək dəyəri diqqət mərkəzinə çəkmişdir: “Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan xalqına Şuşanın azad olunması barədə müjdəli xəbəri məhz Şəhidlər Xiyabanından çatdırması əlbəttə ki, təsadüfi hal deyil. Dövlətimizin başçısı ilk öncə Ulu Öndərimizin məzarını, daha sonra Şəhidlər Xiyabanını ziyarət etməklə həm bir övlad olaraq Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinə əməl etdiyini, həm də şəhidlərimizin müqəddəs qanlarının yerdə qalmadığını vurğulamış oldu. Bununla da həm Ulu Öndərimizin, həm də şəhidlərimizin ruhları şad edildi. Artıq bütün dünya bilməlidir ki, Azərbaycan öz haqqını heç bir qəsbkara yedirəcək ölkə deyil. Çünki Azərbaycanın qüdrətli ordusu, bu ordunu möhtəşəm qələbələrə aparmaq əzmində olan Müzəffər Ali Baş Komandanı və öz dövlət başçısının ətrafında sonadək bir dəmir yumruq kimi birlikdə olacaq xalqı var!”