“Bu il noyabrın 10-da qazanılan qəti qələbə xalqımızın 27 il ərzində gecə-gündüz can atdığı ən böyük zəfəri, ən böyük uğuru, ən böyük hünəri oldu. Bu qələbə ilə Ali Baş Komandanımızın, şanlı ordumuzun və bu ordunu yetişdirən Azərbaycan xalqının adı əbədi olaraq tarixə yazıldı” Bu sözləri Day.az saytına açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov bildirmişdir.
K. Qafarov demişdir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev noyabrın 11-də 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə ordumuzun gücündən geniş bəhs edərək “Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir” çağırışını etdi. O, bildirdi ki, 30 ilin reallığı bu idi ki, torpaqlarımızı müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi. Azərbaycan uzun illər beynəlxalq ictimaiyyəti ədalətli olmağa, BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icrasına çağırış etsə də, ölkəmizin haqq səsi qulaq ardına vuruldu. Amma bunun əksi olaraq Azərbaycan Ordusu 44 gündə yeni reallıqlar yaradaraq, bütün dünyanı heyrətləndirməyi bacardı.
Millət vəkilinin fikrincə, noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, eləcə də Ermənistan baş nazirinin imzaladığı birgə bəyanat məzmun, mahiyyət, nəticə etibarilə işğalçı Ermənistanın tam məğlubiyyəti, Azərbaycanın isə, birmənalı şəkildə, çox böyük siyasi qələbəsidir.
Əslində, elə həmin gün qüvvəyə minən bəyanatda əvvəllər Prezident İlham Əliyevin gündəliyə gətirdiyi şərtlər öz əksini tapmışdır. Azərbaycan dövlətinin qan tökmədən digər torpaqların da azadlığını təmin etdiyini vurğulayan K.Qafarov onu da qeyd edib ki, bu bəyanatda Dağlıq Qarabağın hər hansı bir statusundan söhbət belə açılmır. Bu, diplomatik, siyasi müstəvidə cənab Prezidentimizin qazandığı ciddi uğur, böyük qələbə kimi qiymətləndirilməlidir.
Sentyabrın 27-dən bu günə qədər xalqımız bir yumruq kimi birləşərək öz Prezidentinin və ordusunun dayağı oldu. Bu günlər ərzində siyasi kimliyindən, mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız ümummilli mübarizəmizə, haqq savaşımıza öz töhfəsini verdi. Məhz bunun nəticəsidir ki, düşmən bütün cəbhələrdə acı məğlubiyyətə uğradıldı. Hər kəs Azərbaycan xalqının, dövlətinin gücünü, Azərbaycan ordusunun və hərbi potensialının qüdrətinin gördü.
Millət vəkilinin fikrincə, dövlətimizin başçısının cəsarəti, qətiyyəti, tükənməz enerjisi və möhkəm iradəsinin nəticəsidir ki, Qarabağda, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Şuşada, 300-ə yaxın kənd və qəsəbədə, onlarla strateji yüksəklikdə müqəddəs üçrəngli bayrağımız dalğalanır. Noyabrın 10-da imzalanmış tarixi bəyanata əsasən, bu ayın 15-dək Kəlbəcər, noyabrın 20-dək Ağdam və Qazaxın kəndləri, nəhayət, dekabrın 1-dək isə Laçın rayonu qansız-qadasız işğaldan azad olunacaq, öz həqiqi sahiblərinə qaytarılacaqdır.
K.Qafarov demişdir ki, heç şübhəsiz ki, bu prosesdə, qələbələrimizin qazanılmasında qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin çox böyük əhəmiyyəti olmuşdur.
Azərbaycan xalqı və dövləti son yüzilliklərdə anoloqu olmayan çox böyük tarixi və hərbi zəfər qazanmışdır. Dünən 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüş zamanı Ali Baş Komandanımız İlham Əliyev bu zəfərin əhəmiyyətini çox dəqiqi fadə etdi:”…Bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini hərbi güc hesabına azad etdik. Bayrağımızı o torpaqlara sancmışıq, bayrağımızı dalğalandırmışıq. Bu gün bütün dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir!”