Milli Televiziya və Radio Şurasının (MTRŞ) Dağlıq Qarabağ və ətraf ərazilərdə yeni regional radio kanalının açılması üçün elan etdiyi müsabiqədə ANS teleradio şirkəti də iştirak edəcək. Bu barədə Modern.az-a ANS-ÇM Yayım və Media Şirkətinin Baş direktoru Sevda Həsənova məlumat verib: “Milli Televiziya və Radio Şurasının Dağlıq Qarabağ və ətraf ərazilərdə yeni regional radio kanalının açılması üçün elan etdiyi müsabiqədə biz də iştirak edəcəyik. Ümid edirik ki, müsabiqə ədalətli keçiriləcək”. S.Həsənova fəaliyyəti dayandırılmış ANS TV-nin açılması istiqamətində işlərin gedib-getmədiyi məsələsindən də danışıb: “ANS TV-nin yenidən yayıma başlaması Azərbaycan Prezidentinin və Azərbaycan xalqının istəyindən asılıdır. ANS istənilən vaxt yayıma hazırdır, avadanlıqlarımız hələ də öz yerindədir”. Xatırladaq ki, MTRŞ Dağlıq Qarabağ və ətraf ərazilərdə yeni regional radio kanalının açılması üçün 102.7 MHs işçi tezliyinə 10 fevral 2021-ci tarixindən 12 mart 2021-ci il tarixinədək müsabiqə elan edib.