Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Aqiyə Naxçıvanlının təşəbbüsü ilə Oğuz rayonunda məskunlaşmış Xocalı sakinləri ilə pandemiya qaydaları nəzərə alınmaqla fərdi şəkildə görüşlər keçirilmiş, Xocalı sakinlərinə yaxınlarını faciədə itirmiş xocalılara dərin hüznlə başsağlığı verilmişdir. Bildirilmişdir ki, ötən 10 ildə olduğu kimi bu il də Oğuz rayonunun deputatı Xocalı sakinlərini diqqət mərkəzində saxlamış, onların sosial və digər problemlərinin həllində yaxından köməklik göstərmişdir. Çünki Oğuzda məskunlaşmış hər bir xocalı sakini ona oğuzlular qədər əzizdir.
Qeyd olunmuşdur ki, tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda üzləşmiş və xalqımızın yaddaşına “qara səhifə” kimi əbədi həkk olunmuşdur. Bu dəhşətli hadisəyə siyasi-hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Ulu Öndər Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görmüşdür. Erməni şovinistlərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start vermişdir. Bu gün də həmin siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir. Erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərilir. Erməni vəhşiliyi siyasi arenalarda müzakirə mövzusu kimi qabardılaraq onların iç üzünü acmaq, necə cinayətkar olduqlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə tribunalardan səsləndirilir. Burada əsas məqsəd tarixi ədalətin bərpasına nail olmaq, soyqırım törədənləri dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Xocalı faciəsi 1992-ci ildən bu yana hər il ölkəmizdə və ölkəmizdən kənarda, bütün türk dünyasında geniş tədbirlərlə anılır. Bu faciə ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən tədbirlər planı təsdiqlənir və müntəzəm olaraq şəhərlərdə, rayonlarda həyata keçirilir. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini əziz tutur, onları ehtiramla yad edir.
Hər kəsə məlum olduğu kimi 2020-ci ilin sonlarında Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və iradəsi nəticəsində Azərbaycan dövlətinin hərbi-siyasi tarixinin şanlı səhifəsi yazıldı. Müzəffər Ordumuz düşmənə qarşı 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Azərbaycan xalqı son 2 əsrlik tarixində ərazi bütövlüyünü bərpa edərək uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə Azərbaycan xalqının özünə inamını geri qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. 30 ilə yaxın müddətdə səbr göstərən xalqımız nəhayət qələbəyə çatdı. Noyabrın 10-u ölkəmiz üçün qızıl hərflərlə yazılmış tarixi bir gün oldu. Əziz xocalılar, artıq əmin ola bilərsiniz ki, qısa müddətdə siz o tarixi yerlərə qayıdacaq, tarixin ağrılı-acılı günlərini geridə qoyacaqsınız. Cənab Prezidentimizin rəhbərliyi altında o torpaqların hər daşı, hər qayası çiçək açacaqdır.
Oğuzda məskunlaşmış Xocalı ailələri Aqiyə Naxçıvanlının deputat seçildiyi dövrdən bu günə qədər onlara göstərdiyi diqqətə, isti münasibətə, qayğıya, etdiyi köməkliklərə görə minnətdarlıq etmiş, tezliklə onunla Xocalıda görüşmək arzusunda olduqlarını bildirmişlər.
aia.az