Eldəniz MƏSTƏLİYEV-60
(Geçikmiş vida sözü)
Qrup yoldaşımız Eldəniz Məstəliyevin 60 yaşı tamam olub, amma bizi, bu dünyanı tərk etməsindən 3 ay 12 gün sonra. Amma mənə elə gəlir ki, Dərdi Eldəniz qardaşımızdan çox böyük idi. Dərd sözü farscadan alınsa da, Eldəniz bu sözü öz varlığıyla milliləşdirib və sanki Dərdlərimizin gəldiyi qapılardan birini bizlərə göstərib…
Eldəniz də hamı kimi ağlaya-ağlaya gəldiyi dünyanı dərdiylə bəzədi. Sağlığında hərdən ona baxanda nədənsə onu bir Dəmir yol stansiyasında itirilmiş Dərd imzalı hüzünlü notlarla dolu, bir sevgi məktubuna bənzədirdim. Bu məktubda nə yazan bəlli idi, nə də bu məktubun gedəcəyi ünvan. Bakının sərsəri küləyi bu məktubu belədən – belə uçurtmaqdaydı… Külək, içərisindəki kədər dolu notları oxumaz, bu məktubun dərd yükünü anlamaz. Onun işi sarı xalatlı Bakı süpürgəçisi kimi küçələri “süpürməkdi”. Düşünürəm ki, bir gün kimsə bu məktubu mütləq tapıb oxuyacaq və heç nə anlamayacaq. Çünki bu məktubda deyilənlər ona aid deyil. Çünki bu məktub itdiyi kimi ünvanı da itib. Onu oxuyaraq anlayacaq adam isə ortada yoxdur. Bu məktub dünyadakı bütün dərdli insanlara aid məktubdur. Dərd ünvan tanımaz. Dərdin ünvanı olmaz. Gələndə təklifsiz gələr. Qovsan gedib batmanlaşıb gələr…
Eldəniz dərdiylə əkizləşən bəndə idi. Dərdi də dərd kimi qəbullanmaq hər kişinin işi deyil. O, dərdi qonaq kimi qəbul edib, əzizləyib, qonaq kimi də ehtiramla yola verməyə can atdı. Hər gəzdiyi məkana, hər bir düşüncəsinə onu da qonaq etdi. Çünki bilirdi ki, müsafirə qarşı comərd olmasan var-dövlətin, vəfalı olmasan, dostluğun, qarşılıq verilməyən sevginin bir faydası olmaz. Çünki onun DƏRDinin bir ucu Vətən idisə, bir ucu da yaralı ürəyi idi. Nə xoş sənə, Eldəniz, dərdin mübarək, qəzan mübarək, aşın mübarək!
ELDƏNİZ İSƏ GƏLMƏMİŞDİ…
Qrup yoldaşım haqqında bir az keçmiş zamanda danışdım. Səbəbi budur ki, o bizi artıq tərk edib. Bu xəbəri oğlunun toyuna dəvət edərkən digər qrup yoldaşım Leyladan eşidəndə elə bil göy başıma ələndi… Sanki bir anlığa qovrula-qovrula qaldım. İçimi boşaltmağa yer axtardım o anda. Dərdimi aləmə car çəkmək, hayqırmaq, qışqırmaq istədim, amma bacarmadım… Nəsə, düz 15 gün müddətinə – toya cəmləşəcəyimiz günə və məkanadək özümü güclə toparlamağa çalışdım…
Leyla xanımla birlikdə 9 nəfər “Movida” şadlıq sarayına toplaşdıq. Hamı yox idi. Eldənizin yeri xüsusi görünürdü, o isə gəlməmişdi… Tələbə yoldaşlarımla səmimi görüşəndə də, onlarla çıxıb edib Leyla xanıma gözaydınlığı verəndə də zəif hıçqırıqlar mənə aman vermədi. Qəfil yuxudan ayılan kimi oldum. Rabitəsiz çıxışımı birtəhər yola verdim. Qərara aldıq ki, sonrakı görüşlərimizi təşkil edək, oturaq söhbətləşək, bir-birimizdən hal-əhval tutaq. Ona görə ki, Eldənizdəki kimi olmasın, aramızda boşluq yaranmasın.
ELDƏNİZİN QƏLBİNDƏ ALLAHLA VƏTƏN SEVGİSİ QOŞA ADDIMLAYIRDI…
… Mənim üçün adamlar iki cürdü. Biriləri dünyadan qopmayacaq qədər nadan, biriləri isə dünyanı çöp kimi ayaqları altına ala biləcək qədər nəhəng. Salam olsun Nəhəng adam. Ömür dediyin, ya bir gün, ya bir güllə. Bir günlə, ya da bir güllə ilə bitən bir həyatı kimlərsə dərdlərlə savaşmağa, kimlərsə də dərdləri sevməyə həsr edər. Eldəniz Məstəliyev Vətən qoxulu, oğul cüssəli dərdə qucaq açanların sırasında oldu. Çünki bu dərddən qaçmaq özündən qaçmaq olardı… Kimsə özündən qaça bilməz ki?..
Bu dərd hətta iki faninin bir-birinə olan sevgisini Vətənlə qoşalaşdıran, Vətəndə gəzən, Vətəni sözdə deyil, əməllərdə mədh edən, pafosa, qışqırığa, boşuna çağırışlara yol vermədən, ürəyinin pıçıltılarını vətənə söyləyən, Vətəni Allahı bilib səcdəsinə qalxan, Vətənlə söhbətləşən bir şair təbiətli bir adamın dərdidir. Eldənizin içində, qəlbində Allahla Vətən sevgisi o qədər qoşa addımlayırdı ki, bəzən o addımları bir-birindən ayırmaq olmurdu. Bu sevgi bir-birinə qarışdı – Allah Vətənləşdi, Vətən Allahlaşdı. Bəzən özünü bu iki sevginin arasında – içində görən ADAM bəzən də o sevginin özü olub Allahına qovuşmağa can atdı…
DƏRD QONAQDIR
“Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!” (Ənfal surəsi 24)
Sıxıntılar, üzüntülər, ağrılar, acılar… Böyük ariflər deyərdi ki, bunlar bir Tanrı hədiyyəsidir. Təkyə qapısından içəri girə bilmək üçün ən qısa yol məhz bunlardan keçir. Heç bir elm, ədəb, təcrübə və sədaqət insanı əzab qədər, dərd qədər Tanrıya yaxınlaşdıra bilməz. Bu dünyada acı qədər, müsibət qədər sürətli heç nə yoxdur. “Əgər bir vücud həqiqətin işığına talibdirsə, dərddən, bəladan küsməməli, onlardan qaçmamalıdır. Dərd gələndə onu əziz qonaq kimi qarşılamalı, üzünə gülməli, əzizləməlidir. Çünki o, qonaqdır. Yəni gəldiyi kimi də gedər. Getdikdən sonra isə həmin o eşq sultanına səndən şikayət etməz. Əksinə, getdim, üzümə xoş baxdı, məni qovmadı deyər”. Bu sözlər ariflər arifi uca Mövlana Rumiyə məxsusdur.
Eldəniz Duman oğlu Məstəliyev 15 sentyabr 1963-cü ildə Füzuli rayonunda anadan olub. Burada orta məktəbi qurtarıb 1986-cı ildə BDU-nun jurnalistika fakültəsinə daxil olub. 1992-ci ildə jurnalist ixtisası üzrə universiteti bitirib. Xeyli müddət gömrük orqanlarında çalışıb. Səmərəli fəaliyyəti ilə xalqına, dövlətə sədaqətini göstərib.
Ailəli idi. İki qızı, bir oğlu var.
Böyük qızı Qənirə Məstəliyeva Xəzər Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib, o biri qızı Aysel Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsini bitirib. Ailəlidir. Bir oğlu var. İyun ayının 12-də onun bir yaşı olacaqdı. Eldənizin doğmaları Moskvadan gəlmişdilər ki, babanın könlünü şad etmək üçün onun ocağında nəvənin ad gününü keçirsinlər. Hətta buna hazırlaşırdılar, amma ayın 2-də baba qəflətən dünyasını dəyişdi. Nəvənin şad gününü görmək Eldənizə nəsib olmadı.
Oğlu Elnur Türkiyədəki ali məktəblərdən birinin beynəlxalq əlaqələr fakültəsini bitirib. Hazırda Cənubi Koreyada magistraturada oxuyur.
Eldənizin atası Duman kişi uzun müddət dövlət işində çalışmış, rayonda ictimai işlərdə fəallıq göstərmişdi. Böyük nüfuz, hörmət sahibi idi. Ata da, ana da Bakıda dünyasını dəyişib burada dəfn edilib.
Eldənizgil 4 qardaş, 3 bacı olublar. Bir qardaşı İlqar rəhmətə gedib, qalan iki qardaş Füzuli RİH-də müxtəlif vəzifələrdə çalışır.
DÜNYA QABIĞI İNSANIN KÖKS QƏFƏSİNƏ BƏNZƏYİR
Əsrlərdir ki, deyirlər: “Dərdim mənə dərman imiş”. Niyə? Necə? Nə var dərd çəkməkdə bu qədər cazib olan? Dərd insanın mərifəti, yoxsa Allahın istəyidir? Dərdi insanmı qazanır, Allahmı verir?
Suallar çox, cavab isə birdir: Dünyada baş verənlər fanidir, uzun sürən kabus və röya kimidir. Heç fərqi yoxdur, bu dünyada əyri, düz, çirkin, gözəl, nə baş verirsə, versin, əvvəldən sona bir aldanış, bir sərabdır. Fəqət, elə bu faniliyin içindəcə bir əbədiyyət gizlənmişdir. Bu dünya bir qabığa bənzər ki, həmin nüvəni, həmin mayanı qoruyur. Dünya olmasa, həqiqət çılpaq qalar, hər kəsə yem olar. Məhz dünya adlı aldanış və görüntüdür ki, layiq olmayana eşqin həqiqətini göstərmir. Yalnız bu qabığı sındıra bilənlərdir çılpaq həqiqətə sarılanlar. Dünyanı sındırmaq isə ona görə çətindir ki, bunu istəyən yoxdur. Bəlkə də insan oğlu nəfsinə deyil, eşqə talib olsaydı, o zaman dünyadan imtina edərdi. Ancaq hardadır, kimdir dünyanı buraxan? Adına həyat, sevgi, təbiət, yaşamaq uğrunda mübarizə deyib, hər kəs beş əlli sarıldı bu vəfasız, bu etibarsız faniyə. Hər kəs qabıqla əlləşir, hər kəs dünyanın gizlətdiyinə deyil, dünyanın özünə meyl edir. Həqiqət uğrunda deyil, yalan uğrunda mübarizə gedir.
Dünya qabığı insanın köks qəfəsinə bənzəyir. Bu qəfəsin altında toxunulmaz qalan ürək öz həqiqətini hər zaman gizli saxlayır. Bu, yaradılışın gərəyi, xilqətin şəklidir. Ancaq ziddiyyət və tərs mütanasibliyin ölçü vahidi olan yaradılış anı əvvəldən sona qədər ziddiyyət və tərslik diktə edir. Belə olmasaydı, hər yaranan şey bizə uyar, mücadilə və ixtiyar adında heç nə olmazdı.
DOST SÖZÜ, QARDAŞ-BACI SÖZÜ…
Qrup yoldaşımız Aslan ŞIİRƏLİYEV: – Eldənizin yoxluğu bizi çox sarsıtdı, üzdü. O, təbiətin vurğunu idi, gülərüz idi. Həlim xasiyyətli insan kimi cəmiyyətdə ünsiyyət qurmağı, qaynayıb-qarışmağı, imkansızlara əl tutmağı, xoş rəftar göstərməyi yüksək səviyyədə bacarırdı. Dəyərli, sadiq dost, yoldaş kimi də qəlbimizə daxil olmuş, isti ocaq qalamışdı. Ailəcanlı, dəyərli ata idi. Allah belələrini çox sevir. Eldəniz də sevdiyi Allahına qovuşdu. Allah ona rəhmət eləsin.
Nuridə HƏSƏNOVA: – Eldənizin itkisi bu gün də 25 yaşlı qardaşımın itkisi qədər göynədir qəlbimi… Allah itirdiklərimizə rəhmət eləsin…
Başdaşındakı şəkli elə bil hər kəsə meydan oxuyur, sanki deyir ki, hə, nə olsun, mən heç ölümü belə saya salmıram… İnanın, həqiqətən də elədir. Bir dəfə qospitala yanıma gəlmişdi. Səhv etmirəmsə, 2011-ci il idi. İlk dəfə xəstəliyini o zaman bildim. Əmim qızı yanımda qalırdı. O, danışdıqca biz ağlayırdıq, gülümsəyərək dedi ki mən bu xəstəlikdən qorxmuram, mən ona qalib gələcəyəm. Uşaqlarımı böyüdəcəyəm, oxudacağam… Əmim qızı “bu, necə insandı, biz ona təskinlik verməkdən, o, bizi sakitləşdirir, bu dərdi neçə mərdliklə qovur özündən ” dedi. Biz bütun xəstələrimizə Eldənizin sözlərini deyib onlarda inam yaradırdıq hər zaman…
Çox yaxın bir qızımız da bu xəstəlikdən əziyyət çəkir. Hər zaman ona misal çəkdiyimdən hər zəngimdə Eldənizi soruşur və mən ona mübarizəsi davam edir deyirəm. O qızımızın da iki körpə balası var. Anasına “ay ana, görürsən bibim Eldəniz əmidən nələr deyir? Mən də qorxmuram… “İnanın, o bu sözlərə tutunub, müalicələrə həvəslə, bezmədən gedir… Eldəniz yaşamasa da, onun sözləri bizim qızı yaşadır… Hər zəngimdə narahat olma, lap “əlayam” deyirdi…
Bu şəkil də o sözlərinə bənzəyir, o xəstəlikdən qorxmadı, meydan oxudu bu xəstəliyə… Yeri behişt olsun… Nə qədər biz varıq, o da qəlbimizdə yaşayacaq…
İlhamə: – Səhər-səhər ağlatdın məni… Çox heyf! Məkanı cənnət olsun, gülərüzlü Eldəniz qardaşımızın!..
Rəhmətlik Eldəniz qardaşımızın siması indi də gözümün önündədir. Heyf… həyatdan tez köçdü. Kaş o da bizimlə olaydı!..
Zəfər KƏRİMOV: – Eldəniz qardaşımız söz qədri bilən ziyalılarımızdan idi. Yaxşı sözün, yaxşı yazının sərrafı idi. Bu gün sözün “taxt”dan salındığını da özünə dərd eləmişdi. Bu gün jurnalistika və qeyri yazarların tək problemi yazmaqdır. Qalan hər şeyi bilirlər. Bu dərddən bir vətəndaş, sonra bir jurnalist və ziyalı kimi ürək ağrısıyla danışırdı. Bilirəm ki, belə adamlar heç nə demədən bir yaxşı sözün uğrunda özünü asarlar. Yaxşı ki, var idin, əziz qardaşım. Amma bu gün aramızda yoxsan. Allahdan sənə rəhmət diləyirəm.
Fəridə: – Tələbəlik illərində eyni qrupda olsaq da, bir-birimizlə əlaqələri qoruya bilmədiyimiz, sonradan o illərin şirin xatirələrini yenidən bölüşmək imkanı əldə etdiyimiz, “altmış illik ömrünü əlli gündə yaşayan, dərdin tuş yerində dayanan, dərdləri pay götürməyən, boy verməz dərd evi tikən, içindən dərd boylanan, dərdin şikəstəsini oxuyan” Eldəniz Məstəliyev ömrünə 60 ilin ömrünü, 60 qramlıq ürəyinə 60 tonluq Vətən dərdini yerləşdirdi. O, hələ çox görməli idi, getməyə tələsməməliydi. Hara tələsdin, hələ çox-çox vacib, savab işinlə bizi irəliyə, möcüzəli, sirli aləmə aparmalı, düşündürməli, saflaşdırmalıydın. Axı sən bizim “sözü həmişə yuxarı tutan, amma boğazdan yuxarı danışmayan, olanını nəcib əməlinə bükən, savab işlərə söykənən, öz sözünün işığında qıl körpülərindən keçən bir ziyalımız idin…
ELDƏNİZİMİZİN DƏRDLƏRİNİN ÇEŞİDLƏRİ SAYSIZ-HECABSIZ İDİ…
İçində güvə düşən kilimə bənzəyən bir Qarabağımız var idi, onun ilmələri olan Şuşa, Xankəndi, Qubadlı, Laçın, Kəlbəcər, Ağdam, Xocalı, Ağdərə, Cəbrayıl, Füzuli erməni kimi murdarın ayaqları altında inildəyirdi. Döyüşən oğullarımız Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu torpaqlarda Zəfər çaldılar, onları yerlərində oturtdular. Bu Zəfər gününü valideynlərin görmədi, sən isə doyunca dadını dadmadın, əziz qardaşım.
Dərdi bütöv geyinib, dərmanı yarımçıq, bölünməyə urcah olub vurmanı yarımçıq tapan Eldəniz əmin idi ki, hərə özündən asılır, hərənin dərdi içində əriyir, içiylə birdi Qarabağ. Ona çək, dərd öz dərdindi, desələr də, duyğulu həssas kimi o, təkcə öz dərdini çəkmədi. Eldənizimizin dərdlərinin çeşidləri saysız-hecabsız idi…
Bu, sənin kimi ürəyi qübarlı bir adamın taleyi, qisməti, yaşam tərzi oldu. Bu, ilahi alın yazısı oldu. Bizim belə tez köçməyə ixtiyarımız yoxdur!..
KAŞ…
Ana dilimizdə bir “kaş” ədatı var, tez-tez işlədirik – sevinəndə də, təəssüflənəndə də. Əlimizi aşağı salıb, zalımın fiziki və mənəvi zərbələrindən üzümüzü, ğözümüzü bir “kaş…” ilə qorumağı xoşlayırıq, yaxud üzümüzü göylərə tutub ağzımızı açırıq: “kaş göylərdən yağlı quyruq düşəydi. Və yaxud, Allah, hara baxırsan?!” Amma anlamırıq ki, “kaş” ümidsizliyin, inamsızlığın, cəsarətsizliyin sinomidir, çoxçalarlı, çoxmənalı sözdür. “Dərdini boynuna dolayıb, həsrətlə ölüm ilgəyinə baxmaqdır, kəndirin sallanan gözlərinə yazılan sözdür KAŞ…” “Kaş” həm də “dözümmüş, daşmış, daş!” Kaş Eldəniz qardaşımız sağ olaydı! Kaş Eldəniz Məstəliyev də yanımızda, aramızda olaydı!..
Eldəniz Məstəliyev adlı bir əfsanənin ruhuna dərin hörmətlə;
Daşdəmir ƏJDƏROĞLU