BİR KÖKÜN İKİ SAĞLAM PÖHRƏSİ

Gündəm

      Dünyada bütün canlıların yaranmasında bir kök – rüşeym var. O nə qədər sağlam olarsa, o qədər təbiət və cəmiyyət tərəfindən yaxşı mənada qəbul olunur. Burda bir el məsəlini xatırlamaq yerinə düşərdi ki, “ot kökü üstə bitər”. Bəli, kök sağlam olanda pöhrələr, fidanlar da sağlam olar. İnsanlar da belədi… Kəklikotu, ya nərgizgülü qanqal, ya gicitkən bitirmədiyi kimi, sağlam kökdən pöhrə atan nəsil davamçıları da cismən, ruhən sağlam olar və onlarda naxələflik də olmaz. Haqqında söz açacağım insanlar – ata-oğul da əməlləri də, fəaliyyətləri də soyları kimi eyni məqsədə qulluq eləmək olub – insanlığa, Tanrı qisməti olan soyuna və nemətlərindən bəhrələndikləri Vətənə – Azərbaycana layiqli övlad kimi qulluq etmək. Vətən daşı kimi hər sərt iqlimə – isti-soyuğa tablaşaraq əsl vətən daşı olmaq hər daşa nəsib olmayan kimi, xeyirxah insan, əsl vətəndaş olmaq da hər kəsə nəsib olmur. Ulu Yaradan təbiətin daha gözəl olması üçün minlərlə bənzərsiz bitkilər yaratdığı kimi, milyonlarla bənzərsiz insanlar yaratdı. Dili, dini, dərisinin rəngi müxtəlif olan kimi, hər şəxs də öz dünyası olan bir bənzərsiz aləm kimi yarandı. Allahın nurundan yarandığından Ulu Tanrı onlara bütün canlılardan fərqli yaradıcılıq və şüur da verdi. Kimi ondan insanlar və insanlıq üçün bəhrələndi, kimi də əksinə… Haqqında söz açacağım bu yaradıcı insanlar da öz qövmünə, nəsil-kökünə, el-obasına, Azərbaycana bir vətəndaş kimi qulluq eləməyi şərəf bildilər – “rəhmət”, “yaxşı insan”  tituluna layiq olmaq üçün şərəfli ömür yaşadılar. Hansısa ad, kiminsə ona yaxşı deməsi üçün yox, öz əməlləri, zəhmətləri, xeyirxahlıqları ilə öz şəcərə tarixinə baş ucalığı gətirdilər. Belə insanlar isə qəlblərdə yaşayan insanlar olur – bu dünyada olanda da, haqq dünyasına qovuşanda da. İnsan var ki, tərifdən pardaqlanır və özü də bilmədən şişib özünə oxşamır; insan var ki, tərifi yox, Tanrı mükafatı üçün xeyirxah işin qulpundan tutur və ona görə də tərifdən uzaq olmaqla, Tanrı dərgahındakı ilahı məkana yaxın olmaq istəyir ilə yaşayıb-yaradırlar. Söz açacağım bir kökdən qalxan nəslin nümayəndələri də öz əməlləri ilə ilahı məkan üçün yaşayıb-yaratdılar.

  Az əvvəl dediyim kimi, insanların xarici görkəmi bənzərsiz olduğu kimi daxili aləmi, öz dünyası da oxşar olsa da eyni olmur. İnsanın mənəvi dünyasının tutumu sonsuz kainat qədər olsa da fəaliyyəti, gördüyü işlər də bunun müqabilində çox kiçikdi. Müdrik adamlar bilirlər ki, dünyada ondan qalan nəsil artımından başqa ya “rəhmət”, ya da, iraq olsun, “lənət” qazanırlar. Hekayəmizin qəhrəmanları da, ata və oğul da “rəhmət” üçün yaşayanlardan oldular. Yaradıcılıqlarına oxucular, sənətkarlar qiymət verdi, əməllərinə, xeyirxahlıqlarına isə tanıdığı insanlar, millət.

     İnsan övladının doğum, məkan tarixi və ata-ana seçimi onun istəyindən asılı olmadığı kimi, həyatda qazandığı yaxşı-yaman adı da onun insanlara yaxşı-yaman münasibətindən və cəmiyyətdə gördüyü işlərdən asılıdı. 

   Bəli, insanlar ömür yoluna beləcə başlayır və “bir göz qırpımında” dünyasını dəyişir. Bu “göz qırpımı” zamanında görüb-götürdüyü dünyanın insanlarınin yaddaşında, ya cəmiyyətdə tarixə dönür, ya da bir yarpaq tökümü zamanındaca unudulur.  Vəzifəli, vəzifəsiz, fəhlə və ya alim, fərqi yoxdur, bu kəslərin həyatı, fəaliyyəti və bunları özündə toplayan xırda, ya da böyük, yaxşı və pis əməlləri və əlbəttə ki, yaşadığı dünyasının tarixi yazılır, sonra da tarixə dönür.

       “Dünya” dediyimiz bu məkanda ağıllı və sabah tarixin yaddaşında, insanların qəlbində qalması üçün yaşadığı  hər bir günün, anın qədrini bilir və əlbəttə ki, həyatını, amalını gözəl məqsədlər üzərində qurmağa çalığır. Buna nail ola bilənlər fərəhli, fəxarətli və dəyərli ömür yaşayırlar.  Biz insanların hamısı görəsən həyatın qədrini bilirikmi? Məncə yox. Biz insanların çoxu həyatın qədrini, gözəlliyini, dadını, şərəfli yaşamağın necə əvəzsiz bir nemət olduğunu onda anlayırıq ki, ömür payımızda bircə “qismət” qalmış olur. Elə insanlar var ki, dünyanı dərk etdiyi, özünü tanıdığı gündən ancaq yaxşı yaşamaq istəyir – ancaq özü haqqında düşünür. Həmişə çalışır ki, yaxşı, sağlam, rahat yaşasın, az əziyyət çəksin. Ancaq elələri də var ki, yaxşı, rahat yaşamaqdan çox xeyirxahlıq eləmək haqqında düşünür,  əlində-ovcunda olanı da kimlərləsə bölüşür, paylaşır, kimlərəsə xeyir verir, büdrəyənin qolundan tutur.  Belə insanlar da öz zəhməti ilə yüksəlir, xalqın sevimlisinə çevrilir, sevilirlər və unudulmurlar. Həyat gerçəkliklərindən biri odur ki, uzun illər bir sahədə əsl fədakarlıq göstərən insanlar o sahənin bilicisinə çevrilirlər, zəhmətləri itmir və ömürlərinin mənasını xalqına xidmətə həsr edərlər. Zaman öz vərəqlərini çevirdikcə belə insanlar şəxsiyyətə dönür.

     Haqqında söhbət açacağım insanın görünən tərəfləri fiziki, daxili aləmi, xarakter dünyası haqqında söz açmaq mənim üçün asan və həm də çətindir. Ona görə asandır ki, o, insan ucadadır, hər bir insanın nümunə götürmək istədiyi örnəkdir, əsl fədakar bir insandır – bunu böyük əksəriyyət də görür. Çətini odur ki, onun daxili zənginliyini, tanrı dərgahındakı yerini və qəlbinin dərinliklərində olanları ifadə etmək, demək o qədər də asan deyil. O insan heç vaxt yaxşı, rahat, firavan yaşayım, “hər şeyim olsun”, – deməyib. Bəli, dəyərli dostumuz doğrudan da insani dəyərlərə qiymət verən və çoxlarından fərqli insan övladı kimi yaşamağı bacarandı. Ona görə də bir yazıda onun durduğu zirvəyə yaraşan, onun həqiqi ucalığını əks etdirən söz söyləmək də, onun həyat yolunu işıqlandıraraq çətindir. Onunla tanış olduqdan sonra onun zahiri görkəmi kimi daxili aləminin zəngin olduğunu biləndən sonra, hər şeydən qabaq, bir insan kimi, dəyərli vətəndaş kimi, həm də bir yerli kimi onunla fəxr edirsən və Ulu Yaradana şükrlər edirsən – nə yaxşı dünya belə insanlardan xali deyil. Belə insanlar ali kürsülərdən ali məqsədlər üçün də istifadə edə biləcək güc və qüdrətləri olandı.

    Novruzəli Aslanov. Onu təmtəraqlı təqdimat etməyə ehtiyac da  yoxdur.  Əslində xalqımız bu adı, soyadı yaxşı tanıyır və sevir. Xalqın gözü ən yaxşı meyar, “tərəzi”di, kimin kim olduğunu gözəl bilir. Əvvəldə dediyim kimi, sağlam kök üstündə bitən pöhrələr sabahın ümidi, inamı və həm də mənsub olduğu millətin mənəvi-cismani qarantıdır. Ruhun qidası, mənəviyyatın saflığı yeni nəslin də sağlam ruh və sağlam canla böyüməsinin rəhnidir. Bu dünyada bizlərin gördüyü və yaşadığı, gerçək bildiyi cahanda bir-birini anlayıb dərk edən “ruhubir” ata və oğulun bir insanlıq nümunəsidir. Davud Aslan və Novruz Aslan – bir sağlam kök üstündə iki pöhrə. Milli ruhun sabiq əsgəri, milli dövlətin sərhəd dirəyinə dönə bilən oğlu. Eyni ruhun və eyni kökün övladları – ata və oğul! Hər ikisinə Yaradandan verilən pay – yaradıcı insan. Bu fəhm duyğusu Azərbaycanın görkəmli şairlərindən olan, sözü ilə, yaradıcılığı ilə, bütün varlığı ilə poeziyaya vurulmuş, xəmiri klassik şairlərin əsərlərindən yoğrulmuş Davud Aslan və ondan tam zəkasıyla bəhrələnmiş oğul Novruz Aslan. Bölgəmizin mənəvi aslanları.

   Novruz Aslan ziyalı ailəsindəndir. 1929-cu ilin dekabr ayında dünyaya göz açmış Davud Aslanın övladıdır. O Davud Aslan ki, erkən yaşlarından “poeziya gəmisi”nin “sərnişin”i olmuş, yazıb-yaratmaqla mənalı bir ömür yaşamışdır. Şairin “Meşədə yarış”, “Səhər şəfəqləri”, “Mənə nə”, “Xınalanıb dağ yolları”, “Ağ göyərçinim”, “Zəlzələ”, “Bir qucaq inci”əsərləri Azərbaycan oxucularının maraqla mütaliə etdikləri əsərlərdəndir. Gözəl poetik sənətkarlıq nümunələri olan şairin əsərləri arasında böyük satirik şairimiz Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığı barədə yazdığı “Zəlzələ” mənzum dramı oxucu kütləsinin nəzər diqqətini daha çox cəlb edib. Davud Aslanın sonsuz məhəbbətlə yazdığı “Sabir və zəlzələ” mənzum pyesi dramaturgiyamızda ilk irihəcmli dram əsəridir. Fərəhli haldır ki, onun bu əsəri ədəbi mühit tərəfindən çox maraqla qarşılanmış, 1995-ci ildə Mərahim Fərzəlibəyovun quruluşu ilə Azərbaycan Dövlət Teatrında tamaşaya qoyulmuşdu. Tamaşa çox müvəffəqiyyətlə keçmiş, əsərin müəllifinin sənətkarlığı yüksək qiymətləndirilmişdi. Şair-dramaturq Davud Aslan 1989-cu ildə altmış yaşında ikən dünyasını dəyişib. Ancaq yaratdığı əsərlərdə təcəssüm edən ruhu daim bizimlə birgə yaşayır və yaşayacaqdır. Əsərlərinin hər biri necə insan ömrü qədər olan, gələcək nəsillərimiz üçün bir ədəbi xəzinədir. Davud Aslan cismən torpağa köçsə də, ruhən ürəklərə köçmüş Azərbaycanın çox dəyərli şairidir. Bakı şəhərində yaşadığı küçəyə onun adı verilmişdir. Ata ocağında ziyalı kimi püxtələşən və atasından ona miras qalan ən böyük sərvət qiymətli mənəviyyat, gözəl əxlaq oldu, o da atası kimi aslan oldu – Novruz Aslan.

     Novruzəli Aslanov 1963-cü il mart ayının 22-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1970-ci ildə Bakı şəhəri 201 saylı orta məktəbə daxil olmuş, 1980-ci ildə orta məktəbi bitirmişdir. 1980-ci ildə Azərbaycan Politexnik İnstitutunun ” Avtomatika və elekton hesablama texnikası” fakultəsinə daxil olmuş, 1985-ci ildə institutu bitirmişdir.

      1985, 1990-cı illərdə Elektron Hesablama Maşınları zavodunda mühəndis, şöbə müdiri, direktor müavini vəzifələrində çalışıb. 1990, 1999-cu illərdə “Azərağackağız” Səhmdar Cəmiyyətində idarə rəisinin müavini, idarə rəisi, prezidenti vəzifələrində işləyib. 1999-cu ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir.

      2005, 2010, 2015 və 2020 -ci ilin fevral ayında keçirilmiş növbədən kənar parlament seçkilərində tam qələbə qazanaraq Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Beynəlxalq Eko-Energetika Akademiyasının fəlsəfə doktorudur.

     10 ədəbi, elmi-kütləvi kitabın müəllifidir. Belə ki, daha çox oxucu auditoriyasına malik olan ” Humanitar diplomatiya”, “Mərhəmətin ünvanı”, ” Mənim düşüncələrim”, ” Qızıl Aypara dünən, bugün, sabah” bu və ya digər “Xeyir və Şər”, ” Azərbaycan Qızıl Aypara Cəmiyyəti zamanın axarında”, “Bir daha insan haqqında”, ” İnsan və onun möcüzəli dünyası, ” Əbədi həyat və möcüzəli varlıq” kimi kitabların müəllifidir. Eyni zamanda bütün bunlarla bərabər istedadlı bəstəkar kimi onlarla sevilən bəstələrin müəllifi kimi də məşhurdur. Gözəl mahnılarına görə “Humay İlahəsi” və “Qrand musiqili milli ictimai mükafatların laureatıdır. Qarabağ Müharibəsi şəhidlərinin anısına bəstələmiş olduğu ” Mən şəhidəm” adlı əsəri bəlkə də ümumilikdə bütün yaradıcılığının deyərdim ki, Şah Əsəridir.

     Novruz müəllim 2007-ci ildə Parlament Jurnalistləri İctimai Birliyi tərəfindən təsis olunmuş “Seçici hüquqlarını müdafiə edən ən fəal millət vəkili” adına layiq görülüb. Amerika Bioqrafiya İnstitutu tərəfindən “Tibb sahəsində göstərdiyi xidmətlərə görə 2008-ci ilin adamı” və 2010- ildə ” Nümunəvi nailiyyətlər əldə etdiyinə görə ilin adamı” medalı ilə təltif olunub.

     Novruz Aslan “Yusif Məmmədəliyev” adına medala layiq görülmüş və respublikanın sosial-ictimai həyatındakı xidmətlərinə görə 2005-ci ilin fevralın 28-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla  “Tərəqqi” medalı ilə, 4 mart 2010-cu il tarixində 3-cü dərəcəli ” Vətənə xidmətə görə”, 4 mart 2015-ci ildə isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunmuşdur.

     Novruz Aslan bu gün öz vəzifəsini çox lazımınca və layiqincə yerinə yetirir. Hər həftənin dördüncü günləri Novruz müəllim İsmayıllıda öz seçicilərini qəbul edir, onların dərdlərini dinləyir, şikayətlərinə baxır, çalışır ki, heç bir seçicisi ondan inciməsin, heç bir seçicinin şikayət və məktubu cavabsız qalmasın. Son dövrlərdə isə Novruzəli müəllim rayondan İkinci Vətən müharibəsində şəhid olanların ailələri ilə, qazilərlə və vətən müharibəsi iştirakşıları ilə mütəmadi görüşlər keçirir, onların heç birisini dövlət qayğısından və öz qayğısından kənarda qoymamağa çalışır. On minlərlə insanın ümid yeri kimi baxdığı Novruz müəllimdən bütün ismayıllılar əmindirlər ki, o, insanların rifahlarının yaxşılaşdırılmasında və bütövlükdə Azərbaycanın tərəqqisində bütün qüvvə və bacarığını sərf edəcəkdir. 

     Mənəviyyatı, həyatı, bənzərsiz xidmətləri ilə başqalarına nümunə olan Novruz müəllim haqqında deyilməli, yazılmalı o qədər mövzu var ki, bunu bir yazıda açmaq, əhatə etmək mümkünsüzdür. Daim xeyirxahlığı və sadəliyi ilə seçilən Novruz Aslan uzun illərdən bəri zəhmətkeşliyi, vicdanlı fəaliyyəti ilə onu tanıyanların arasında böyük hörmət və məhəbbət qazanmışdır. Novruz Aslan el-obasının xeyr-şərində yaxından iştirak etməklə, doğma yurdunun və ölkəmizin tərəqqisi, firəvan sabahı üçün çalışmaqla ata yolunun davamçısı kimi öz ovladlıq və Vətən oğlu borcunu yerinə yetirməkdədir. Millətinə və dövlətinə sədaqətlə qulluq edən dəyərli bir ömür yaşamaqdadır. Bu ali məramlı işdə Allah ona kömək olsun. Bu ömrü yaşayan insanın ziqzaqlı həyat yollarını görəndə istər-istəməz özündən soruşmalı olursan: bu qədər çətinlik görəsən, yaşayasan, yaşadasan, ancaq yenilməyəsən… bu, heç də asan deyil. Məncə bu iradə, mətinlik, mübarizlik onda üstündə bitdiyi kökdən gələndi. Bütün müşahidə və bildiklərimə güvənib deyərdim ki, həqiqətə inamından, əqidə saflığından, doğma xalqına, vətəni Azərbaycana tükənməz məhəbbəti olan yolçu heç zaman yorulmaz və mənzil başına qalib əsgər, ər kimi yetər.

    Mən bu insanlara – ata və oğula bizim bölgənin mənəvi liderləri kimi baxmışam və düşünürəm ki, səhv etməmişəm. Sizə bundan sonrakı bütün səmərəli fəaliyyətinizdə də daim uğurlar qazanmağınızı arzu edirəm, dəyərli dost, gözəl insan!

TƏRANƏ ƏMİR QIZI CƏBİYEVA

YAZIÇI – JURNALİST

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir