III Şuşa Qlobal Media Forumu Prezident İlham Əliyevin qətiyyətli siyasətinin növbəti mükəmməl təqdimatı oldu

Gündəm

Bakı. Trend:

Bir neçə gün əvvəl respublikamız növbəti beynəlxalq tədbirə –
III Şuşa Qlobal Media Forumuna evsahibliyi etdi. Artıq ənənəyə
çevrilən bu Forumun respublikamızın keçirilən digər beynəlxalq
tədbirlərdən fərqi odur ki, işğaldan azad edilmiş torpaqlarımızda,
Qarabağda təşkil olunur. Bu baxımdan Şuşa Qlobal Media Forumu bütün
tərəfləri və məziyyətləri ilə yanaşı, özündə Azərbaycanın Zəfərini
təcəssüm etdirir, Qarabağın və Şərqi Zəngəzurun quruculuğunu
dünyaya çatdırır.

Artıq 5 ilə yaxındır ki, torpaqlarımız işğaldan azad edilib,
2023-cü ilin sentyabrından isə Qarabağdakı erməni separatizminə son
qoyulub. Möhtərəm Prezident İlham Əliyevin qətiyyətli və cəsarətli
siyasətinin nəticəsi olaraq azadlığının təntənəsini yaşayan Qarabağ
və Şərqi Zəngəzur Azərbaycanın quruculuq əzmini nümayiş etdirməklə
yanaşı, həm də nüfuzlu beynəlxaq tədbirlərə evsahibliyi edir. Ötən
ilin iyul ayında Şuşada Türk Dövlətləri Təşkilatının birinci
qeyri-rəsmi Zirvə görüşünün, bu ilin may ayında Laçında Azərbaycan
Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş nazirinin Zirvə
görüşünün, iyulun əvvəlində Xankəndidə İqtisadi Əməkdaşlıq
Təşkilatının 17-ci Zirvə görüşünün və 19-21 iyul tarixlərində artıq
üçüncü dəfə təşkil olunan Şuşa Qlobal Media Forumunun keçirilməsi
30 ilə yaxın işğal altında qalan torpaqlarımızın regional və qlobal
əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bir ünvana çevrildiyini
göstərir. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda keçirilən
beynəlxalq tədbirlər həm Azərbaycanın sülhsevər siyasətinin, həm də
ölkəmizin regionda sabitliyin bərqərar olmasına verdiyi töhfənin
göstəricisidir.

Qeyd etdiyim kimi, Şuşa Qlobal Media Forumu artıq üçüncü dəfədir
təşkil olunurdu. Azərbaycanın media nümayəndələri ilə yanaşı, 52
ölkədən 140-a yaxın xarici qonağın, 7 beynəlxalq təşkilatın
nümayəndələrinin iştirakı bu Forumun artıq dünyada maraq doğuran
beynəlxalq müzakirə platforması kimi tanınmasından xəbər verir.
“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media
dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunan Forumun
əsas və böyük maraqla izlənən tədbirlərindən biri Prezident İlham
Əliyevin iyulun 19-da tədbir iştirakçıları ilə keçirdiyi görüş
oldu. Bu görüşdə Prezident İlham Əliyevin jurnalistlərin və
ekspertlərin suallarına səmimi və ardıcıl şəkildə verdiyi
cavablarda Azərbaycanın sülh, ədalət və beynəlxalq hüquqa əsaslanan
siyasət yürütdüyünü, dövlətimizin prioritet hədəflərinin və milli
maraqlarının nələrdən ibarət olduğunu onların diqqətinə
çatdırdı.

Bu Forumun ən böyük üstünlüklərindən biri də əlbəttə ki,
Azərbaycanın Zəfərinin, işğaldan azad edilmiş ərazilərimizdə
aparılan bərpa və yenidənqurmanın, Böyük Qayıdışın dünya
ictimaiyyətinin diqqətinə mükəmməl şəkildə çatdırılmasıdır.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev suallara cavabında ilk
olaraq bunu qeyd etdi. Dövlətimizin başçısının bildirdiyi kimi
qonaqlar üçün yenidənqurma, eləcə də 30 ildən artıq bu yerlərdən
didərgin düşmüş insanların qayıtması baxımından ərazilər azad
olunandan sonra görülən işlərə baxmaq cəlbedici olacaq. Bütün
bunların fonunda həm də Ermənistanın yürütdüyü təcavüzkar siyasət,
30 ilə yaxın bir müddət ərzində Azərbaycanın ərazilərini işğal
altında saxlaması bir daha dünya ictimaiyyətinin diqqətinə
çatdırıldı.

Prezident İlham Əliyevin suallara cavabında əsas yerlərdən
birini respublikamızın COP29-a sədrliyi qismində iqlim
problemlərinin həllinə verdiyi töhfələr və respublikamızın “yaşıl
enerji” gündəliyi ilə bağlı tədbir iştirakçılarının
məlumatlandırılması oldu. COP29-da karbon bazarlarının fəaliyyəti
ilə əldə olunan razılıq, o cümlədən iqlim dəyişmələri məsələlərinin
həlli ilə bağlı vəsaitlərin 100 milyard ABŞ dollarından 300 milyard
dollara qədər artırılması kimi nailiyyətlər məhz Bakıda əldə
olundu. Prezident İlham Əliyev bu mühüm məqamları, o cümlədən
Azərbaycanın Qlobal Cənub və Qlobal Şimal arasında körpüyə
çevrilməsini xüsusi qeyd etməklə, respublikamızın qlobal iqlim
dəyişikliklərinə qarşı mübarizə işinə verdiyi töhfələri qürurla
diqqətə çatdırdı. Əlbəttə ki, bütün bunlar Azərbaycanın qlobal
müstəvidə həyata keçirdiyi siyasi kursun hədəfləri və nailiyyətləri
barədə Forumun xarici iştirakçılarının təsəvvürlərini daha da
gücləndirdi.




Prezident İlham Əliyevin tədbir iştirakçılarının sualları
əsnasında toxunduğu ən mühüm məsələlərdən biri də torpaqlarımızın
işğaldan azad edilməsi ilə bağlı oldu. Bununla bağlı fikirlərində
dövlətimizin başçısı həyata keçirdiyi qətiyyətli siyasətin,
xalqımızın əyilməz ruhunun, Azərbaycanın 44 günlük müharibədə
yaratdığı yeni reallıqların ən gözəl təsvirini verdi. O cümlədən
ATƏT-in Minsk qrupunun həmsədrlərinin işğal dövründə riyakar
fəaliyyətlərinin məzmunu və mahiyyəti barədə Forum iştirakçıları
Azərbaycan Prezidenti tərəfindən daha dolğun şəkildə
məlumatlandırıldılar. Bütövlükdə, Prezident İlham Əliyevin suallara
cavablarının fonunda tədbir iştirakçıları bir daha ədaləti təmin
etməyin, öz milli haqqını qorumağın Azərbaycan nümunəsi ilə tanış
oldular.

Forumda suallara cavabında Prezident Azərbaycanla-Ermənistan
arasında normallaşma prosesi, o cümlədən respublikamızın
təşəbbüsləri ilə formalaşan sülh gündəliyinin gedişatı, Zəngəzur
dəhlizi ilə bağlı mesajlar verdi, regionda sülh və təhlükəsizliyin
təmin olunmasının Azərbaycanın şərtlərinin Ermənistan tərəfindən
yerinə yetirilməsindən asılı olduğunu diqqətə çatdırdı. Azərbaycan
Prezidenti Zəngəzur dəhlizi haqqında dövlətimizin prinsipial
şərtini də bir daha xatırlatdı. “Bizim üçün isə ən başlıca məsələ
odur ki, – mən Əbu-Dabidə həmkarıma dedim, – bizim Azərbaycandan
Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Bu,
Azərbaycanın bir bölgəsindən ölkənin digər bölgəsinə keçiddir.
Bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə
orada sərhədçi erməninin simasını görməli deyil. Budur bizim
tələbimiz. Bu, legitim tələbdir, bu, ədalətli tələbdir” -deyə
Prezident İlham Əliyev bildirdi.

III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevə verilən
suallar yalnız Azərbaycanla bağlı deyildi. Suallar həm də qlobal
siyasəti, beynəlxalq müstəvidə baş verən hadisələri əhatə etdi. Bu
da bir daha Prezident İlham Əliyevin qlobal səviyyəli siyasi lider
olduğunu aydın şəkildə nümayiş etdirdi. Təsadüfi deyil ki,
Prezident İlham Əliyevin Forum iştirakçıları ilə görüşdə
səsləndirdiyi fikirlər dünyada böyük maraq doğurdu. Xarici KİV-də
dövlətimizin başçısının səsləndirdiyi fikirlərə geniş yer ayrıldı.
Bunların arasında ABŞ Prezidenti Donald Trampın özünün “Truth”
sosial şəbəkə səhifəsində Prezident İlham Əliyevin çıxışından bir
hissəni paylaşmasını xüsusilə qeyd edə bilərik. Prezident İlham
Əliyevin ukraynalı jurnalistin sualına cavabı isə trendə çevrilərək
xarici KİV-in manşetlərində yer aldı.

Üçüncü Şuşa Qlobal Media Forumu yalnız Azərbaycanda və regionda
deyil, dünyada maraqla qarşılanan siyasi hadisə kimi yadda qaldı.
Beynəlxalq əməkdaşlığı möhkəmləndirən və dialoqu təşviq edən bu
tədbir Azərbaycanın nailiyyətlərinin, beynəlxalq informasiya
müharibəsindəki üstünlüyünün göstəricisi, habelə, dünyada cərəyan
edən proseslərlə bağlı qətiyyətli mövqeyinin və planlarının
mükəmməl təqdimatı oldu.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı