
Bakı. Trend:
Bəzi şəxslər tərəfindən səsləndirilən “Qohum evliliyi ilə bağlı
qadağa fərdi hüquqların pozulmasıdır” fikri hüquqi baxımdan əsaslı
deyil.
Bu barədə Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova
deyib.
Onun sözlərinə görə, beynəlxalq hüquq normaları – xüsusilə də
BMT-nin Uşaq Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları
Konvensiyası – ailənin və uşaqların müdafiəsini dövlətin birbaşa
vəzifəsi kimi təsbit edir. Bu baxımdan dövlətin genetik riskləri
azaltmaq və cəmiyyətin sağlamlığını qorumaq məqsədilə normativ
müdaxiləsi həm hüquqi, həm də etik cəhətdən əsaslandırılmışdır:
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.3-cü maddəsində
də açıq şəkildə qeyd edilir ki, cəmiyyətin sağlamlığının və
təhlükəsizliyinin qorunması üçün mülki hüquqlar qanunla
məhdudlaşdırıla bilər. Beləliklə, qohum nikahlarının qadağan
edilməsi qanunvericiliyin ruhuna və beynəlxalq hüquq normalarına
tam uyğundur. Qanun bütün qohumluq münasibətlərinə deyil, yalnız
konkret risk daşıyan yaxın qohum evliliklərinə şamil olunur. Qadağa
aşağıdakı halları əhatə edir:
Qardaşların və bacıların ümumi baba və ya nənəsi olan uşaqları
(əmioğlu, xalaoğlu və s.).
Əmi (dayı) ilə qardaş (bacı) qızı və ya bibi (xala) ilə qardaş
(bacı) oğlu arasında nikah.
Bu məhdudiyyətlər, genetik risklərin yüksək olduğu və tibbi
nəticələrin daha ağır təzahür etdiyi qohumluq dərəcələri üzrə
müəyyənləşdirilmişdir”.
T.İbrahimova qeyd edib ki, qanuna qarşı yönəlmiş daha bir iddia
qeyri-rəsmi nikahların artması ilə bağlıdır:
“Bildirilməlidir ki, qeyri-rəsmi nikahlar hüquqi qüvvəyə malik
deyil və onların heç bir hüquqi nəticəsi yoxdur. Belə nikahlar
qeyri-rəsmi nikahlar ər və arvad statusu yaratmır. Vərəsəlik,
aliment və birgə mülkiyyət hüquqlarını təmin etmir. Uşaqların
hüquqi statusunu və sosial müdafiəsini riskə atır. Beləliklə,
qeyri-rəsmi nikah cəhdləri hüquqi baxımdan heç bir üstünlük vermir,
əksinə, cəmiyyət və fərdlər üçün yeni hüquqi problemlər yaradır.
Dövlət qeydiyyatından kənar münasibətlərdə yaranan hüquqi boşluqlar
gələcəkdə daha ağır sosial və iqtisadi nəticələrə gətirib çıxara
bilər. Aparılan müşahidələr göstərir ki, əhali arasında bu qanuna
münasibət birmənalı deyil. Bir qisim insan qanunu alqışlayır və
gələcək nəsillərin sağlamlığı baxımından vacib addım kimi
dəyərləndirir. Digər qisim isə, xüsusilə bəzi regionlarda, bu
qərarı illərlə mövcud olan sosial-mədəni ənənələrə qarşı çıxış kimi
qəbul edir. Bu şəraitdə qanunun effektiv və davamlı şəkildə tətbiqi
üçün maarifləndirmə işlərinin gücləndirilməsi, ictimai şüurun
dəyişdirilməsi və mədəni transformasiyaların təşviqi olduqca
vacibdir. Dövlət və vətəndaş cəmiyyəti institutlarının birgə
fəaliyyəti bu keçid prosesini daha səmərəli və ağrısız edə
bilər”.
“Qohum nikahlarının qadağan edilməsi ilə bağlı səslənən neqativ
mövqelər və emosional reaksiyalar subyektiv xarakter daşıyır və çox
zaman tibbi, hüquqi və sosial reallıqlara əsaslanmır. Cəmiyyətin
ümumi rifahı və gələcək nəsillərin sağlamlığı isə hüquq
müstəvisində hər zaman üstün tutulur. Bu səbəbdən, sözügedən qanun
dəyişiklikləri, həm hüquqi baxımdan əsaslandırılmış, həm tibbi
cəhətdən zəruri, həm də sosial məsuliyyət baxımından vacib və
uzaqgörən addım kimi qiymətləndirilməlidir. Cəmiyyətin rifahı və
gələcək nəsillərin sağlamlığı üçün bu qərarı dəstəkləmək hər bir
vətəndaşın mənəvi və hüquqi borcudur”, – T.İbrahimova deyib.