ANAMA-dan azad edilmiş ərazilərdəki yanğınlarla bağlı vətəndaşlara ÇAĞIRIŞ

Gündəm

Bakı.Trend:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA)
işğaldan azad edilmiş ərazilərdə baş verən yanğınlarla bağlı
vətəndaşlara çağırış edib.

Trend xəbər
verir ki, müraciətdə deyilir:

“İşğaldan azad edilmiş ərazilərdə son günlərdə mövsümlə əlaqədar
olaraq havaların isti və quraq keçməsi nəticəsində meşə və otlaq
sahələrində yanğın hadisələrinin artmasına şahid oluruq. Azad
edilmiş ərazilərə vətəndaşların istirahət və ziyarət xarakterli
səfərlərinin intensivləşməsi və qayıdış prosesində iştirak edən
sakinlərin sayının artması müşahidə olunur. Bu səbəbdən Azərbaycan
Respublikasının Minatəmizləmə Agentliyi vətəndaşlara çağırış edərək
bildirir ki, işğaldan azad olunmuş ərazilərdə olarkən odla davranış
qaydalarına ciddi riayət etsinlər! Açıq alovdan istifadə zamanı
ehtiyatlı davransınlar! Siqaret kötüklərini yerə atmaqdan
çəkinsinlər!




Baş verə biləcək genişmiqyaslı yanğın hadisəsi zamanı həmin
ərazilərdə atılıb qalan mina və digər partlayıcı sursatlar
hərarətin təsirindən işə düşə və yaxınlıqda olan hər hansı bir şəxs
və ya şəxslərə ciddi ziyan vura bilər”.

Qeyd edilib ki, Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən
süni maneələr və istehkamlar, eləcə də təbii olan bitki örtüyünün
heç bir resurslarla təmizlənməsi mümkün olmayan ərazilərdə yandırma
fəaliyyəti kimi prosedur mövcuddur, lakin ANAMA tərəfindən bu kimi
fəaliyyət icra edilmir:

“İşğaldan azad edilmiş ərazilərdə yanğın və ya mina təhlükəsi
halları ilə qarşılaşdıqda dərhal 805, 102 və ya 112 nömrələrinə
müraciət etməyiniz tövsiyə olunur. Özümüzü, yaxınlarımızı,
təbiətimizi və vətən torpağını birgə qoruyaq!”