Nazirlikdən yanğınlarla bağlı əhaliyə təkrar MÜRACİƏT

Gündəm

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyinə dair əhaliyə
təkrar müraciət edib.

Trend xəbər
verir ki, müraciətdə deyilir:

“Ölkə ərazisində müşahidə olunan isti və quru hava şəraiti ilə
əlaqədar istirahət məqsədilə meşə və meşəətrafı ərazilərə üz tutan
vətəndaşların sayında kütləvi artım qeydə alınır. Bu isə müxtəlif
səbəblərdən meşələrdə və açıq sahələrdə yanğınların baş vermə
riskini xeyli artırır.

Belə ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən meşə və
meşəətrafı ərazilərdə baş vermiş yanğınların səbəblərinin
araşdırmalarının təhlili nəticəsində müəyyən edilib ki, meşə
yanğınları əsasən bəzi vətəndaşların ən sadə yanğın təhlükəsizliyi
qaydalarına etinasız münasibəti və ya məsuliyyətsiz
davranışlarından törənir. Nəzərə almaq lazımdır ki, ən kiçik
ehtiyatsızlıq belə meşə sahələri, flora və fauna, ümumilikdə ətraf
mühit və son nəticədə cəmiyyət üçün ağır fəsadlarla nəticələnə
bilər”.




Fövqəladə Hallar Nazirliyi qeyd olunanları nəzərə alaraq
əhaliyə, o cümlədən meşə sahələrinə yaxın ərazilərdə yaşayan,
təbiət qoynunda istirahətə yollanan vətəndaşlara bir daha müraciət
edərək onları yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə
çağırır.

“Belə ki, meşədə tonqal yalnız xüsusi ayrılmış yerlərdə
qalanmalı, bunun üçün ərazinin yanğına qarşı vəziyyəti
qiymətləndirilməli, ağac altı, quru ot və kol-kos, ağac qırıntıları
olan ərazi seçilməməli, tonqalın ətrafındakı otlar 0,5-1 metr
radiusda təmizlənməlidir. Qalanmış tonqal nəzarətsiz qalmamalı və
ərazi tərk edilərkən tam söndürülməlidir. Küləkli havada tonqal
qalamaq qadağandır. Unutmaq olmaz ki, tam söndürülməmiş siqaret
kötüyü və kibrit çöpünün, şüşə əşyaların və yanar mayelərlə
islanmış materialların ətrafa atılması yanğın təhlükəsi
yaradır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə
zamanı 112-yə zəng edin”, – mlumatda qeyd edilib.

Spread the love