Səhiyyə naziri və Çin səfiri əməkdaşlığın yeni mərhələsini müzakirə ediblər

Gündəm

Bakı. Trend:

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevlə Çin
Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri
xanım Lu Mey arasında görüş keçirilib.

Nazir iki ölkə rəhbərlərinin səyləri nəticəsində Azərbaycan-Çin
münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb: “Dövlət
başçılarının imzaladığı “Azərbaycan Respublikası ilə Çin Xalq
Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması
haqqında Birgə Bəyanat” iki ölkə arasındakı münasibətləri daha
yüksək səviyyəyə qaldırıb”.

Teymur Musayev ölkələrimiz arasında strateji tərəfdaşlığın bir
çox istiqamətləri əhatə etdiyini diqqətə çatdıraraq, səhiyyə
sahəsində əməkdaşlığın da bu kontekstdə xüsusi önəm daşıdığını qeyd
edib.




Çin səfiri xanım Lu Mey iki ölkə arasında dostluq
münasibətlərinin dinamik inkişafından məmnunluğunu ifadə edərək,
səhiyyə sahəsində birgə təşəbbüslərin bundan sonra da davam
etdiriləcəyinə əminliyini bildirib.

Görüş zamanı iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın
mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Xüsusilə tibb təhsili, elmi-tədqiqat fəaliyyətləri, əczaçılıq,
innovativ texnologiyaların tətbiqi və digər maraq doğuran
istiqamətlərdə birgə əməkdaşlıq imkanları müzakirə edilib.