
Bakı. Trend:
İyulun 28-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Qadın
Parlament Sədrlərinin 15-ci Sammiti keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Trend-ə verilən
məlumata görə, 29 ölkənin qadın spikerləri, bir sıra beynəlxalq
təşkilatların qadın rəhbərləri daxili olmaqla, ümumilikdə 350-yə
yaxın nümayəndənin iştirak etdiyi tədbirdə çıxış edən Milli
Məclisin sədri Sahibə Qafarova Sammitin əhəmiyyətini qeyd edərək
hazırda dünyanın bir sıra münaqişələr, müharibələr və humanitar
böhranlarla üz-üzə qaldığı şəraitdə qadınların xüsusilə həssas
vəziyyətdə olduqlarını söyləyib.
Onun sözlərinə görə, bir çox yerlərdə qadınlar zorakılıqdan,
köçkünlükdən, sosial təminat vasitələrini, təhsil, səhiyyə və
müdafiə imkanlarını itirməkdən əziyyət çəkirlər. Həmçinin,
münaqişələr illər keçdikcə mövcud gender bərabərsizliyini daha da
dərinləşdirir, qadın hüquqları sahəsində əldə olunan nailiyyətlərin
üstündən xətt çəkir. Qadınların təkcə fiziki təhlükəsizliyini
deyil, həm də ictimai-siyasi həyatın tamhüquqlu iştirakçıları kimi
öz potensiallarını reallaşdırmaq imkanlarını da itirdikləri qeyd
olunub.
Azərbaycanda qadınların bu acı həqiqəti yaxşı bildiklərini qeyd
edən Milli Məclisin sədri xatırladıb ki, ötən əsrin 90-cı illərinin
əvvəllərində Azərbaycan ərazilərinin 20 faizinin qonşu Ermənistan
tərəfindən işğalı, təkcə bu ərazilərin tamamilə məhv edilməsi ilə
deyil, həm də etnik təmizləmə, əhalinin məcburi köçü və humanitar
böhranla nəticələndi, təxminən 1 milyon soydaşımız qaçqın və
məcburi köçkün vəziyyətinə düşdü. Spikerin sözlərinə görə, onların
52 faizini qızlar və qadınlar təşkil edib. Bu qadınlar evlərini,
ailələrini və təhlükəsizliklərini itirdilər.
Azərbaycanın 1918-ci ildə əksər Avropa ölkələrini qabaqlayaraq,
qadınlara səsvermə hüququ verən ölkə olduğunu deyən Sahibə Qafarova
ölkəmizin qadınların hüquqlarının və onların ictimai həyatın bütün
sahələrində fəal iştirakının təmin edilməyinə sadiq olduğunu
söyləyib. Qeyd olunub ki, bu mənada, keçmiş məcburi köçkün və
qaçqın qadınlar da istisna deyil.
Milli Məclisin sədri deyib ki, Azərbaycan 2020-ci ildə ərazi
bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərin
bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına
qaytarılması ilə bağlı tədbirləri uğurla həyata keçirir. Bu gün bu
ərazilərdə 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır.
Qadınlar isə sosial-iqtisadi infrastrukturun yaradılmasında, təhsil
və tibb müəssisələrinin fəaliyyətində, davamlı inkişaf, işğaldan
azad olunmuş ərazilərdə mədəni irsin bərpası təşəbbüslərinin həyata
keçirilməsində fəal rol oynayırlar.
Bundan başqa, baxılmaqda olan “Gender bərabərliyinin təmin
edilməsi üzrə Milli Fəaliyyət Planı”nın layihəsində işğaldan azad
edilmiş ərazilərə qayıdan qadınların məşğulluğunun təmin edilməsi,
onların rəqəmsal bacarıqlarının artırılması, ehtiyaclarının müəyyən
edilməsi üçün tədqiqatların aparılması və digər məsələlərin öz
əksini tapdığını söyləyən Sahibə Qafarova, vurğulayıb ki,
Ermənistan tərəfindən basdırılan 1,5 milyon mina hələ də görülən
işlərə əsas maneə olaraq qalır. Ərazilərin minalardan
təmizlənməsində, böyük insan və maliyyə resurslarının cəlb
edilməsini tələb edən tədbirlərdə də Azərbaycan qadınları iştirak
edirlər.
Çıxışının sonunda spiker Sahibə Qafarova bir daha diqqətə
çatdırıb ki, bütün çətinliklərə baxmayaraq, qadınların iştirakı
olmadan dayanıqlı dünya qurmaq mümkün deyil. Qadınların proseslərə
fəal cəlb olunması zorakılıq risklərini azaltmağa kömək etməklə
yanaşı, uzunmüddətli inkişaf üçün möhkəm zəmin yaradır.