Qərəzli qətnamə layihəsi Fransanın ifşa olunmuş əsl simasının göstəricisidir – Vüqar Rəhimzadə

Gündəm

Bakı. Trend:

Fransanın siyasi dairələrinin, o cümlədən, parlamentinin Yelisey
Sarayından alınmış təlimatlar əsasında anti-Azərbaycan və islamofob
fəaliyyəti davamlılığı ilə diqqətdədir. Bu dəfə həmin təlimatın
icraçısı Fransada iqtidar koalisiyanın üzvü “Respublikaçılar”
Partiyasıdır. Fransa mətbuatında ölkəmizə qarşı aparılan qarayaxma
kampaniyası çərçivəsində səsləndirilən fikirlərin Milli
Assambleyada irəli sürülmüş qətnamə layihəsində öz əksini tapması
cızılan ssenarinin arxasında Makron administrasiyasının dayandığını
bir daha təsdiqləyir. Bir mühüm məqamı da nəzərə alaq ki, qətnamə
layihəsi Fransa ilə Yeni Kaledoniya arasında əldə olunmuş
razılaşmadan çox keçmədən irəli sürüldü. Təbii ki, atılan bu addım
təsadüfi xarakter daşıya bilməz. Azərbaycan diplomatiyasının son
zamanlar müstəmləkəçiliyə qarşı beynəlxalq platformalarda nümayiş
etdirdiyi prinsipial mövqe, xüsusilə də Fransanın dənizaşırı
ərazilərində, o cümlədən Yeni Kaledoniyada baş verən proseslərə
dair mövqeyi rəsmi Parisdə ciddi narahatlıq doğurur. Bu kontekstdə,
prezident Emmanuel Makronun administrasiyası məhz Azərbaycanı
hədəfə alan qətnamə layihəsi ilə çıxış etməklə ölkəmizə qarşı
qərəzli mövqeyini açıq-aşkar nümayiş etdirir. Bu sənəd bir daha
göstərir ki, Fransada bəzi dairələr Cənubi Qafqaz regionunda
sülhün, təhlükəsizliyin təmin edilməsində maraqlı olmadıqları üçün
qərəzli yanaşmalarını davam etdirirlər. Qərəzli qətnamənin
müəllifləri də daim erməni lobbisinin təsiri altında fəaliyyət
göstərən, anti-Azərbaycan mövqeləri ilə tanınan şəxslərdir.

Tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından sonra
Fransanın ölkəmizə qarşı bu günədək yürütdüyü qərəzli siyasətin
açıq müstəviyə keçdiyi diqqətdən kənarda qalmır və bu, qəbul edilən
qeyri-ciddi, Azərbaycan üçün adi kağız parçasından başqa bir şey
olmayan qətnamə layihələrində də özünün aydın ifadəsini tapır.
Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının irəlilədiyi
bir mərhələdə, xüsusilə Əbu-Dabi görüşündən dərhal sonra belə bir
qətnamə layihəsinin gündəmə gətirilməsi Fransanın sülh prosesindən
narahat olduğunu, danışıqlar prosesindən kənarda qalmasını həzm edə
bilmədiyini bir daha təsdiqləyir. Fransa Milli Assambleyasında
irəli sürülən bu kimi qətnamələr beynəlxalq hüquqa zidd olmaqla
yanaşı, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə açıq
hörmətsizlikdir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
Rəhimzadə bildirib.

Millət vəkili qeyd edib ki, qətnamə layihəsində Ermənistanın
“sülhsevər tərəf” kimi göstərilməsi əslində təəccüb doğurmur. 30
illik işğal dövründə də eyni yanaşma nümayiş etdirən bəzi dünya
dövlətləri, o cümlədən Fransa bununla ikili standartlara əsaslanan
siyasətini bir daha nümayiş etdirir. Azərbaycanın 28 il dünyadan
ədalət gözləməsi sülh siyasətinin təsdiqi idi. Hər zaman ədalətin,
beynəlxalq hüququn yanında olan ölkəmiz artıq tarixin arxivinə
atılmış keçmiş Qarabağ münaqişəsinin sülh danışıqları əsasında
həllinə səy göstərdi. Ermənistanın havadarlarının dəstəyinə
arxalanaraq danışıqlar prosesinə sadəcə imitasiya xatirinə
qatılması keçmiş münaqişənin həlli prosesinin 30 ilə yaxın
uzanmasına gətirib çıxardı. 44 günlük İkinci Qarabağ müharibəsi,
bir sutkadan az davam edən lokal antiterror tədbirləri ədalətin,
beynəlxalq hüququn kimin tərəfində olmasının, Azərbaycanın real
imkanlarının təqdimatı oldu. 44 gündə 30 ilin ədalətsizliyinə son
qoymaq, tarixi ədaləti bərpa etmək Ermənistana və ona dəstək
verənlərə dərs oldu. Bu gün Fransa kimi demokratik dəyərləri,
ədaləti, beynəlxalq hüququ maraqlarının arxasında gizlədən
dövlətlər reallığı inkar etməyə çalışsalar da sülh gündəliyinin
müəllifi Azərbaycandır. Tarixi Zəfərimizdən dərhal sonra regionda
dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq
hüququn beş əsas prinsipini özündə ehtiva edən sülh təklifini irəli
sürən tərəf də Azərbaycandır. Ötən bu illər ərzində ölkəmizin sülh
müqaviləsinin imzalanması istiqamətində üzərinə düşən öhdəlikləri
yüksək səviyyədə yerinə yetirdiyi göz qabağındadır.




Vüqar Rəhimzadə vurğulayıb ki, qətnamə layihəsində Azərbaycan
xalqına qarşı törədilən cinayətlərə göz yumulur. Halbuki, bu gün
işğaldan azad edilmiş ərazilərimiz erməni vəhşiliyinin dünyaya
təqdimatıdır. Bu torpaqlarda olan xarici qonaqlar törədilən
vəhşilikləri gözləri ilə görürlər. Özlərinə saxta tarix yazan
ermənilərin dəstəkçiləri unudurlar ki, tarixi həqiqətləri
ört-basdır etmək qeyri-mümkündür. XX əsrin dəhşətli faciəsi olan
Xocalı soyqırımı erməni vəhşiliyinin əyani göstəricisidir. Qondarma
qətnamə layihəsində Qərbi Azərbaycandan qovulan soydaşlarımızın
geri qayıdış hüququ haqqında heç bir kəlmə qeyd edilmir. Amma bu
kimi yanaşmalar Azərbaycan tərəfini narahat etmir. Çünki tarixi
ədalətə söykənən təbliğat sonda qalib olur. Tarixi Zəfərimizin,
suverenliyimizin bərpasının reallıqları fonunda Qarabağa və Şərqi
Zəngəzura qayıdışımızın davamı olaraq artıq Qərbi Azərbaycana
qayıdış günümüzün əsas çağırışıdır. Buna əsas verən tarixi
ədalətdir.

Milli Məclisin deputatı onu da əlavə edib ki, Fransa bir
tərəfdən Azərbaycanın ünvanına “demokratiya”, “insan haqları” kimi
anlayışlardan sui-istifadə edir, digər tərəfdən isə öz daxilində
Yeni Kaledoniya, Polineziya, Qvadelupa və digər müstəmləkə
ərazilərində yerli xalqların azadlıq çağırışlarını amansızcasına
boğur. Bu, Fransa dövlətinin neokolonial siyasətinin
göstəricisidir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki,
Prezident İlham Əliyev suverenliyimizin bərpasından sonra yeni
dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərdən bəhs
edərkən bu çağırışı etdi ki, bu yeni dövrdə xarici siyasət
istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim
xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan
münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki,
gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri
üstünlük təşkil etməlidir. Neokolonializmə qarşı mübarizə aparan
ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən
qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi
göstəririk və göstərəcəyik. Bunu neokolonializmin başında duranlar
da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz
geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq.
Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı
məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar.
Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Xankəndi şəhərində
keçirilən III Şuşa Qlobal Media Forumundakı çıxışında da bu
məsələyə xüsusi diqqət yönəltdi. Tədbir iştirakçısının Yeni
Kaledoniya və Fransa arasında iyulun 12-də imzalanmış yeni
razılaşmanı, eləcə də ədalət və azadlığa can atan dənizaşırı
ərazilərdə hələ də davam edən kolonializmə qarşı mübarizəni nəzərə
alaraq Azərbaycanın münasibəti ilə bağlı sualına cavabında
Prezident İlham Əliyev vurğuladı ki, Fransa ilə Yeni Kaledoniya
arasında baş vermiş hadisə tarixi presedentdir. Bu, hekayətin sonu
deyil, başlanğıcıdır. Neokolonizmlə bağlı mövqeyimiz tam aydındır.
Bu məsələ heç bir ikitərəfli gündəliyə daxil deyil. Qoşulmama
Hərəkatının sədri kimi Azərbaycan sədrliyin ilk ilindən başlayaraq
dekolonizasiya, müstəmləkə olan ərazilərin müstəqilliyə və ədalətə
qovuşması, eləcə də beynəlxalq təşkilatların qəbul etdiyi
qərarların icrası ilə bağlı səyləri dəstəkləmiş və təşviq etmişdir.
Bu, Qoşulmama Hərəkatının sədri kimi öhdəliyimiz, eyni zamanda, bir
ölkə kimi mövqeyimiz idi. Çünki bu gün XXI əsrdə bir ölkə digər
xalqı müstəmləkə hakimiyyəti altında saxlaya bilməz. Bu, xalqların
fundamental hüquqlarına, onların azadlığına ziddir. Avropa
qitəsinin əsas dəyərləri həmin müstəmləkə iddiaları ilə kobud
şəkildə pozulur.

Vüqar Rəhimzadə bildirib ki, Yeni Kaledoniyada Azərbaycan
bayraqları dalğalanır. Azərbaycan bundan sonra da Fransa
hakimiyyətinin real simasını dünyaya göstərməkdə davam edəcək,
işğal altında olan dənizaşırı ərazilərin müstəqillik uğrunda
mübarizəsini dəstəkləyəcək.

Millət vəkili onu da vurğulayıb ki, qətnamədə mədəni irsin
qorunmasından danışan Fransaya öz ərazisində ucaldılan və
qadınların azadlığı rəmzini özündə əks etdirən Natəvanın heykəlinin
Evian şəhərində təhqir olunmasının qarşısını almadığını xatırlatmaq
kifayətdir. Reallıqları maraqlarından irəli gələn yalanlarla
ört-basdır etmək, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq
mümkünsüzdür. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən
müstəqil siyasətinin uğurlarını həzm edə bilməyən Fransa kimi
dövlətlərin gündəmə gətirdikləri belə qərəzli, reallıqdan uzaq,
özlərinə təsəllidən başqa bir şey olmayan kağız parçaları
dövlətimizin siyasətinə təsir etmək imkanında deyil. Azərbaycan hər
zaman sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışları, qlobal
problemlərin həllinə davamlı töhfələri ilə dünyanı bir araya
gətirən birləşdirici, sabitləşdirici aktor kimi tanınır, mövqeyini
möhkəmləndirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir