
Bakı. Trend:
Yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya
olan tələbat artır. Mövcud qurğuların və sudaşıyıcı kəmərlərin
həddindən artıq yüklənməsi nəticəsində qəza risklərini də minimuma
salmaqla tələbatın maksimum optimal qarşılanması üçün müəyyən
tənzimlənmə işləri aparılır.
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin
Mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilib.
Vurğulanıb ki, hazırda mövcud vəziyyətlə əlaqədar İri Şəhərlərin
Birləşmiş Su Təchizatı Xidməti tərəfindən 24 saatlıq intensiv iş
rejimi tətbiq edilir və su təchizatı qrafik rejimdə günlük, saatlıq
olaraq tənzimlənir. Əhalinin 70%-dən çoxu 24 saatlıq su
rejimindədir, geri qalan abonentlərə isə 12, 8 və 4 saatlıq su
təchizatı rejimi tətbiq edilir.
Rejimlərin tənzimlənməsi əsasən fərdi yaşayış üçün nəzərdə
tutulmayan Bakı və Bakı ətrafında pərakəndə üsulla salınmış yaşayış
ərazilərinə təsir edir, əsas su gətirici magistral kəmərlərin
üzərindəki, mühafizə zolağındakı mövcud qanunsuz tikililər suyun
çatdırılmasında və rejim tənzimlənməsində də əlavə problemlər
yaradır. Həmçinin, mövcud qanunsuz birləşmələr su təchizatı
sisteminə ciddi texniki və iqtisadi yük yaradır. Belə birləşmələrin
qeyri-qanuni və ödənişsiz olması səbəbindən su itkisinin səviyyəsi
də əhəmiyyətli dərəcədə artır.
Bütün bu amillər təchizatda fasilələrə səbəb olsa da, hazırda
intensiv və sistemli tədbirlər görülür. Ümumilikdə fasiləsiz, o
cümlədən qrafik rejimi əsasında su ilə təmin edilən kifayət qədər
ərazilərin qızmar hava şəraiti səbəbindən su təminatı rejimində
dəyişiklik edilməsi zərurəti yaranıb.
“Misal üçün, hər hansı rayonunun bir çox hissəsi səhər saat
6-dan günorta saat 12-ə qədər normal təzyiqlə su alırdı və günorta
12-dən axşam 6-ya kimi həmin təzyiq təxminən 50 faizə endirilirdi.
Axşam saatlarında əhalinin sudan daha çox istifadə etdiyi zamanda
yəni, saat 6-dan gecə 12-ə kimi normal təzyiqə qaytarılırdı.
Hazırda isə bir əraziyə 24 saat su verib, digər ərazini ümumiyyətlə
susuz saxlamaq olmaz. Yay aylarında 24 saat su alan ərazilərdə
qrafikli rejimə keçməklə 12 saat su verilir. Bəzi ərazilərdə isə
mövcud vəziyyətlə bağlı qrafikli rejimlərdə saat dəyişikliyi
edilib.
Həmçinin 4 saat səhər, 4 saat axşam su qrafikinin tətbiq
olunduğu ərazilər hazırda 3 saat səhər, 3 saat axşam rejiminə
keçməklə təmin edilir. Hətta şəhərin ucqar nöqtələri, primitiv
üsulla su təchizatının mövcud olduğu ərazilər də gün ərzində 1 dəfə
olmaqla səhər saat 6-dan 10-a kimi su ilə təmin edilir.
Yəni hesablanmış qaydada suyun düzgün paylanma balansını
qorumaqla Bakı şəhərinin ən ucqar nöqtəsindən ən çökək nöqtəsinə
qədər hər bir abonentə suyun çatdırılması nəzərdə tutulur”, – deyə
məlumatda bildirilib.
Qeyd edilib ki, keçən illə müqayisədə bu ilin cari ayında
havanın temperaturu 6-7 dərəcə daha yüksəkdir. O cümlədən, əhalinin
artımı və şəbəkənin genişləndirilməsi, vətəndaşların bir çoxunun
bağ evlərinə köçməsi və s. faktorları da mövcud vəziyyətə
səbəbdir.
“Hazırda mənbə və daşıyıcı xətlər üzrə yay rejiminin tələbatına
uyğun olaraq, Bakı şəhərinə tələbatından 0,3 milyon kub metr çox su
verilir. Buna baxmayaraq, normativə cavab verməyən tikililər,
xətlərin tənzimlənməsinə əngəl yaradan yaşayış sahələri suyun
fasiləsiz təminatına ciddi faktor kimi təsir edir.
Bu faktların aradan qaldırılması istiqamətində Bakı şəhərinin
əsas su təminatçısı olan Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Kür
Sutəmizləyici Qurğuları Komplekslərində suyun istehsal həcmlərinin
artırılması, sudaşıyıcı magistral kəmərlərin, hövzələr üzrə
supaylayıcı şəbəkələrin qurulması istiqamətində yeni layihələrin
icrası intensiv şəkildə davam etdirilir.
Həmçinin, yeni layihələr də mövcud plan üzrə icra olunmaqdadır,
lakin nəzərə almaq lazımdır ki, bu istiqamətdə həyata keçirilən
işlər genişmiqyaslı infrastruktur layihələridir və qısa müddətli
deyil.
Hazırda maksimum güclə intensiv fəaliyyət həyata keçirilir. İşçi
heyəti 24 saat fasiləsiz və növbəli rejimdə istismar və təmir-bərpa
işlərini yerinə yetirir”, – deyə məlumatda vurğulanıb.

