
Bakı. Trend:
Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS-da
Azərbaycanın Xankəndi şəhərinin Stepanakert adlandırılması
ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimi
qiymətləndirilir.
Trend xəbər verir
ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan
Hacızadə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun
Ayvazovskinin büstünün sökülməsi məsələsinə dair açıqlaması və TASS
informasiya agentliyi tərəfindən Azərbaycanın Xankəndi şəhərinin “Stepanakert” adlandırılması ilə bağlı sualını şərh edərkən
deyib.
“Bu qeyri-dost addımla bağlı Rusiya tərəfinə xatırlatmaq
istərdik ki, hələ 1923-cü ildə Azərbaycanın əzəli torpaqlarında
yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətində Xankəndi şəhərinin
adının qanunsuz olaraq dəyişdirilərək Azərbaycan xalqına qarşı
daşnak ermənilərlə birgə qırğınlar törətmiş bolşevik Stepan
Şaumyanın şərəfinə “Stepanakert” adlandırılması Azərbaycana qarşı
həqarət idi.
Rusiya tərəfinə bildirmək istərdik ki, onun rəsmi orqanları
tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və
ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə
olunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik.
Bu kimi hallar təkrarlanarsa, qarşılılıq prinsipindən irəli gələrək
Azərbaycan tərəfindən də Rusiya ərazisində bir çox yaşayış
yerlərinin öz əzəli adları ilə qeyd edilməsi ilə nəticələnə
bilər.
TASS informasiya agentliyindən bu məsələdə üzrxahlıq və müvafiq
düzəliş edilməsini gözləyirik. Əks təqdirdə, qanunvericiliyə uyğun
olaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər
görülməsi nəzərdə tutulur”, – deyə o bildirib.