
Bakı. Trend:
Xalq artisti Arif Babayevlə vida mərasimi bu gün saat 13:00-da
Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xalq artisti 1-ci Fəxri Xiyabanda dəfn
olunacaq.
Xatırladaq ki, 23.07.2025-ci il tarixində saat 17:30 radələrində
Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə
Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. İyulun
24-də isə Xalq artisti Arif Babayev təcili tibbi yardım avtomobili
ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıda yerləşən Mərkəzi
Klinik Xəstəxanasına gətirilib.
Qeyd edək ki, Xalq artisti Arif Babayev 1938-ci il fevralın
20-də Ağdam rayonunun Sarıhacılı kəndində doğulub.
1960-cı illərdən peşəkar yaradıcılığa Bakı şəhərində başlayıb,
əvvəl Azərbaycan Dövlət Filarmoniyasında, daha sonra Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrında solo muğam ifaçısı kimi
fəaliyyət göstərib. Muğam operalarında Məcnun (“Leyli və Məcnun”),
Kərəm (“Əsli və Kərəm”), Aşıq Qərib və Camal kimi yaddaqalan
obrazlar onun repertuarında öndədir. 1978‑ci ildə Əməkdar artist,
1989‑cu ildə isə Xalq artisti adına layiq görülüb, həmçinin
“Şöhrət” (1998), “İstiqlal” (2008) və “Şərəf” (2018) ordenləri ilə
təltif olunub.