
Bakı.Trend
Qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət
almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi
məhkəməyə göndərilib
Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli
şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində həyata keçirilmiş
əməliyyat-axtarış tədbirləri nəticəsində başlanmış cinayət işinin
ibtidai istintaqı yekunlaşdırılıb.
(https://genprosecutor.gov.az/az/post/8299)
İbtidai istintaqla Səhiyyə Nazirliyinin İnsan resursları, elm və
təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmovanın
həmin şöbənin baş mütəxəssis-böyük inspektoru vəzifəsində işləmiş
Ruhiyyə Məhərrəmova, əvvəllər həmin Nazirliyin İctimai Səhiyyə və
islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində
işləmiş Lətafət Cabbarova və korrupsiya şəbəkəsinin digər üzvləri
ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi,
onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik
cərrahiyyə fəaliyyəti ilə məşğul olmaq hüququ verən sertifikasiya
imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul
qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər
bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı
şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına, habelə Səidə
Rüstəmova tərəfindən vəzifəli şəxslərin qərarlarına qanunsuz təsir
etməsinə və cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına
daşınmaz əmlakın alınması yolu ilə leqallaşdırmasına əsaslı
şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Səidə Rüstəmovaya Cinayət
Məcəlləsinin 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə
edilmiş əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan
vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2,
311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən
külli miqdarda rüşvət alma), 312-1.1 (nüfuz alveri) və 313-cü
(vəzifə saxtakarlığı), Ruhiyyə Məhərrəmova və Lətafət Cabbarovaya
isə həmin Məcəllənin 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə
səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) 32.5, 311.3.1,
32.5, 311.3.2, 32.5, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən təkrarən külli miqdarda rüşvət almaya köməkçilik) və
32.5, 313 (vəzifə saxtakarlığına köməkçilik) maddələri ilə ittiham
elan edilərək istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində ev dustaqlığı
(əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan
tədbirləri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilib.
Sözügedən cinayət işindən qeyd edilən cinayət əməllərinin
törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi
ayrıca icraata ayrılmaqla ibtidai istintaqı davam etdirilir.