
Bakı. Trend:
Azərbaycanın Suriyaya qaz ixrac edəcəyi ilə bağlı keçirilən son
tədbir təkcə bir iqtisadi razılaşma kimi deyil, eyni zamanda,
Azərbaycanın regional və beynəlxalq enerji siyasətində artan
rolunun göstəricisidir.
Bunu Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, bu addım enerji resurslarının
şaxələndirilməsi və strateji tərəfdaşlıqların genişləndirilməsi
baxımından mühüm əhəmiyyət daşıyır:
“Son illərdə Azərbaycan enerji ixracı sahəsində mühüm
nailiyyətlər əldə edib. Xəzər dənizinin zəngin qaz ehtiyatlarına
malik olan Azərbaycan bu potensialdan səmərəli istifadə edərək, bir
sıra transmilli layihələrə imza atıb. TANAP və TAP kimi layihələrlə
Avropa bazarlarına çıxış əldə edən Azərbaycan, indi də Yaxın Şərq
istiqamətində yeni bir səhifə açır.
Suriyaya qaz ixracı bu baxımdan strateji əhəmiyyət daşıyır. İlk
növbədə, bu layihə Azərbaycanın yeni bazarlara çıxışını təmin edir
və onun qaz ehtiyatlarından səmərəli istifadə imkanlarını artırır.
Digər tərəfdən, Azərbaycan enerji siyasətində sabitlik və
etibarlılıq nümayiş etdirərək beynəlxalq aləmdə enerji təminatçısı
kimi nüfuzunu daha da möhkəmləndirir”.
Deputat vurğulayıb ki, Azərbaycanın Suriyaya qaz ixracı Yaxın
Şərq regionunda enerji əməkdaşlığının inkişafına da töhfə
verir:
“Müharibədən sonra bərpa olunan Suriyanın enerji təchizatına
ehtiyacı böyükdür və bu ehtiyacı qarşılamaq üçün Azərbaycan kimi
təcrübəli və etibarlı tərəfdaşlarla əməkdaşlıq xüsusi əhəmiyyət
kəsb edir. Bu addım, həmçinin Azərbaycanın regionda iqtisadi və
siyasi təsir imkanlarını genişləndirməsinə şərait yaradır.
Azərbaycanın qaz ixrac etdiyi ölkələrin coğrafiyasının
genişlənməsi, ölkəmizin enerji təhlükəsizliyinin əsas sütunlarından
biridir. Şaxələndirilmiş ixrac marşrutları və tərəfdaş ölkələr
portfeli, Azərbaycanın qaz ixracından gəlirlərini artırır və bazar
risklərini azaldır. Bu həm də daxili enerji bazarının sabitliyi və
dayanıqlığı üçün əlverişli mühit yaradır.
Azərbaycanın enerji siyasətində təkcə ixrac deyil, həm də
hasilat və infrastrukturun inkişafı xüsusi önəm daşıyır.
“Şahdəniz”, “Abşeron” və digər qaz yataqları üzrə həyata keçirilən
layihələr enerji istehsalının artırılmasına xidmət edir. Eyni
zamanda, ekoloji davamlılıq və alternativ enerji mənbələrinin
inkişaf etdirilməsi də strateji gündəmdə yer alır”.