
Bakı.Trend:
Avqust ayının 5-də Dövlət Sərhəd Xidməti aparatında Baş
Prokurorluqla birgə “Korrupsiyaya qarşı mübarizənin
gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət
Planı” üzrə qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.
Trend xəbər
verir ki, bu Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Baş
Prokurorluğunun nümayəndələri iştirak etmiş, mövzu ətrafında fikir
və təcrübə mübadiləsi aparıblar.
Çıxış edənlər korrupsiyanın cəmiyyətin istənilən sahəsində
inkişafa mane olan əsas amillərdən biri olduğunu, bu kimi mənfi
halların yalnız iqtisadiyyat və sosial həyat üçün deyil, eyni
zamanda dövlətin imici və beynəlxalq nüfuzu üçün də ciddi təhlükə
yaratdığını vurğulayıb, hüquqi, demokratik dövlət quruculuğu
prosesinə zərbə vurmaqla yanaşı, milli və ümumbəşəri dəyərləri də
sarsıtdığını, cəmiyyətin mütərəqqi inkişafını ləngitdiyini qeyd
ediblər.
Bildirilib ki, müstəqillikdən sonra Ümummilli Lider Heydər
Əliyevin rəhbərliyi ilə əsası qoyulan korrupsiyaya qarşı mübarizə
siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən
qətiyyətlə davam etdirilməsi nəticəsində bu sahədə mübarizənin
hüquqi bazası möhkəmləndirilmiş, dövlət orqanlarının fəaliyyətində
şəffaflığın təmin olunması, hesabatlılığın artırılması və ictimai
nəzarətin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Həyata keçirilən tədbirlər çərçivəsində korrupsiyanın qarşısının
alınması məqsədilə preventiv mexanizmlər təkmilləşdirilib, vətəndaş
məmnunluğunun və xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində
mühüm işlər görülüb.
Tədbirin sonunda bu sahədə maarifləndirmə, təlim, eləcə də
profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb,
korrupsiyaya qarşı mübarizəyə dair qarşılıqlı fikir mübadiləsi
aparılıb.