Bərdə-Xankəndi istiqaməti üzrə reyslərin sayı artırılır (FOTO)

Gündəm

Bakı.Trend:

“Böyük Qayıdış” proqramı çərçivəsində ötən ilin sentyabrında
istifadəyə verilən Bərdə-Xankəndi müntəzəm avtobus reyslərinin sayı
artırılıb

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat
yayıb.

Bildirilib ki, avqustun 11-dən Bərdə-Xankəndi istiqaməti üzrə
daha 3 reys fəaliyyətə başlayacaq. Bununla da bu istiqamətdə gün
ərzində 6 reysin həyata keçirilməsi nəzərdə tutulub. Sözügedən
reyslər üzrə aralıq məntəqə olaraq Xocalı şəhəri təyin edilib:




“İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların
keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə yeni
reyslər üzrə avtobuslar Xankəndidən Bərdəyə saat 07:00, 11:30 və
16:30-da yola düşəcək”.

Qeyd edilib ki, hazırda gün ərzində 3 dəfə həyata keçirilən reys
üzrə avtobuslar Bərdə şəhər avtovağzalından saat 07:00, 11:30 və
16:30-da, Xankəndi şəhərindən isə saat 09:00, 14:30 və 18:30-da
yola düşür.

“Biletləri yalnız onlayn qaydada “biletim.az” portalı üzərindən
əldə etmək mümkündür. Xatırladaq ki, Azərbaycan vətəndaşları
“biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə
edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr
avtomatik qaydada təqdim olunur”, – qurumdan əlavə olunub.