Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ və Cənubi Qafqazda sülhün bərqərar olunması

Gündəm

Bakı. Trend:

Vaşinqtonda baş tutan yüksək səviyyəli görüşlər Azərbaycan–ABŞ
münasibətlərinin yeni pilləyə yüksəldilməsində, eyni zamanda Cənubi
Qafqazda sülhün bərqərar olunmasında tarixi dönüş nöqtəsi oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a
səfəri çərçivəsində əldə olunan razılaşmalar, həm ikitərəfli
münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması, həm
də Azərbaycan–Ermənistan normallaşma prosesində mühüm
irəliləyişlərin əldə olunması ilə yadda qaldı.

Prezident İlham Əliyev səfərin əhəmiyyətini vurğulayaraq
bildirib:

“Bu iki önəmli hadisə bu gün baş verib. Ona görə də mən bu günü
tarixi bir gün adlandırıram. Bunun da bizim üçün çox önəmli müsbət
təsirləri olacaqdır. Təbii ki, bu gün burada Azərbaycan və
Ermənistan arasında baş verən hadisələr, həmçinin bütün bölgə üçün,
rifah və sülh istəyən hər kəs üçün önəmli olacaqdır”.

Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın başlanması
xüsusi əhəmiyyət daşıyır. Bu format qarşılıqlı investisiya,
ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə sahəsi,
terrorçuluğa qarşı mübarizə və digər geniş sahələri əhatə edir.

Dövlət başçısının da qeyd etdiyi kimi, “Azərbaycan üçün bu,
tarixi nailiyyətdir. Çünki bu gün strateji tərəfdaşlıq kontekstində
dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur. Əlbəttə ki, bu, həm
böyük imkan, eyni zamanda, böyük öhdəlik və məsuliyyətdir.” Bu
tərəfdaşlıq ölkəmiz üçün yeni iqtisadi imkanlar, investisiya
mühitinin genişlənməsi, iqtisadiyyatın şaxələndirilməsi, işsizliyin
daha da azalması və innovativ texnologiyaların tətbiqi baxımından
mühüm perspektivlər açır.




ABŞ ilə yüksək səviyyədə qurulan əlaqələr Azərbaycanın milli
maraqlarının qorunmasına, beynəlxalq nüfuzunun möhkəmlənməsinə və
regionda lider mövqeyinin daha da güclənməsinə xidmət edir. Səfərin
digər mühüm nəticəsi Azərbaycan və Ermənistan arasında sülhün
bərqərar olunması istiqamətində atılan qəti addımlar oldu. Sülh
sazişinin paraflanması, tərəflərin siyasi iradə nümayiş etdirməsi
uzun illər davam edən münaqişənin tarixə qovuşması yolunda mühüm
mərhələdir.

Prezident İlham Əliyev: “Bu gün tarixi gündür, sülh günüdür.
Prezident Tramp Qafqaza sülh gətirir. Buna görə biz həqiqətən ona
olduqca minnətdarıq. Əminəm ki, Azərbaycan və Ermənistan cəsarətlə
sülhə nail olacaq və bizim xalqlarımız da barışacaqdır. Biz bu cür
münaqişələrə və qan tökülməsinə son qoyacaq və uğurla irəli
gedəcəyik.” Sülhün bərqərar olunması təkcə Cənubi Qafqaz üçün
deyil, bütün dünya üçün əhəmiyyətli hadisədir. “Tramp marşrutu”
adlandırılan Zəngəzur dəhlizi layihəsi rabitə və əlaqələr
baxımından divarları aradan qaldıracaq, iqtisadi və humanitar
münasibətləri genişləndirəcək, bir sıra ölkələr üçün sərmayə,
sabitlik və rifah imkanları yaradacaqdır.

Bununla yanaşı, Prezident İlham Əliyev ABŞ Prezidenti ilə şəxsi
münasibətlərini yüksək qiymətləndirərək bildirib ki, bu əlaqələr
növbəti illərdə ölkələrimiz arasındakı dövlət münasibətlərinə də
müsbət təsir göstərəcək. ABŞ tərəfindən ədalətsiz bir düzəlişin
məhz Azərbaycan Prezidentinin iştirakı ilə ləğv edilməsi də səfərin
rəmzi və tarixi əhəmiyyətini daha da artırdı.

Beləliklə, Azərbaycan Prezidentinin ABŞ-a səfəri çərçivəsində
əldə olunan nəticələr həm ikitərəfli əlaqələrdə yeni səhifə açdı,
həm də Azərbaycan–Ermənistan münasibətlərində uzun illərdən bəri
gözlənilən sülhün təmin olunmasına real zəmin yaratdı. Bu, bölgədə
sabitlik, rifah və qarşılıqlı etimadın möhkəmlənməsi baxımından
mühüm tarixi addımdır.

Şahin Seyidzadə,
Milli Məclisin deputatı

Spread the love