
Bakı.Trend:
İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq
məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yeni təlim
proqramına start verib. Proqram çərçivəsində namizədlər avtobus
sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki
cəhətdən hazırlıq keçirlər.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat
yayıb.
Bildirilib ki, təlimlər sürücülük bacarıqları ilə yanaşı, etik
davranış, ünsiyyət mədəniyyəti və təhlükəsizlik mövzularını əhatə
edir. Əlilliyi olan şəxslərlə düzgün davranış qaydaları da xüsusilə
aşılanır. Məqsəd yol hərəkətinin təhlükəsizliyini təmin edən,
sərnişinlərlə düzgün və nəzakətli davranan, böhran vəziyyətlərdə
peşəkarlıq nümayiş etdirən qadın sürücülər hazırlamaqdır.
Qeyd edilib ki, yəlim müddətində iştirakçılar baxış texnikası,
manevretmə, dayanma və durma qaydaları üzrə praktiki məşğələlərə
cəlb olunurlar. Təlimlərin əsas hissəsini mürəkkəb yol şəraitində
idarəetmə, arxa və ön parketmə, slalom hərəkətləri, dönmə
trayektoriyalarının düzgün seçilməsi və təhlükəsiz ara məsafəsinin
qorunması təşkil edir. Eyni zamanda, sürücülər müxtəlif yol
şəraitində qəza risklərinin minimuma endirilməsi ilə bağlı vacib
bacarıqlar qazanırlar.
Məlumata görə, təlimlərin sonunda iştirakçılar xüsusi
hazırlanmış marşrutlar üzrə sərbəst idarəetmə sınaqlarından
keçirlər. Bu mərhələdə onların həm nəzəri bilikləri, həm də
praktiki bacarıqları kompleks şəkildə qiymətləndirilir. AYNA-nın bu
təşəbbüsü qadınların iqtisadi fəallığını dəstəkləyir, onların
nəqliyyat sahəsində rolunu artırır. Bu, həm də ictimai nəqliyyatda
xidmət keyfiyyətinin yüksəldilməsinə və sərnişin məmnuniyyətinə
böyük töhfə verir.