
Bakı.trend:
FHN daha bir yanğın təhlükəli yanacaqdoldurma məntəqəsinin
fəaliyyətini dayandırıb.
Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Quba
rayonu, Birinci Nügədi kəndində yerləşən “Qafqaz” yanacaqdoldurma
məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi
sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların
insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak
maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki;
– obyektin elektrik təsərrüfatı “Elektrik Qurğularının
Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
– obyektin inzibati binasının fasadının üzlənməsində istifadə
olunmuş tikinti materialının odadavamlılığının yanma qrupunun
müəyyənləşdirilməsi ilə bağlı sənədlər təqdim edilməyib;
– taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
– işçilər yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmayıb;
– obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə
razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin
istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə
biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz
edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və
qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş
Quba rayonu, Birinci Nügədi kəndində yerləşən “Qafqaz”
yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə
Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə
təqdim edilib.