
Bakı.Trend:
Hazırda Türkiyədə 45 minə yaxın azərbaycanlı tələbə təhsil
alır.
Trend xəbər
verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat
yayıb.
Bildirilib ki, 2019–2024-cü illər ərzində Türkiyə ali təhsil
müəssisələrində əldə olunmuş kvalifikasiyaların tanınması üçün
TKTA-ya 5327 müraciət daxil olub. Onlardan 5107-si barədə müsbət,
220-si barədə isə imtina qərarı verilib. İmtinanın əsas səbəbləri
arasında “açıq təhsil” forması (35,9 faiz), ekvivalentliyi olmayan
ixtisaslar (29,23 faiz) və saxta sənəd təqdim edilməsi (11,28 faiz)
kimi hallar üstünlük təşkil edir.
Statistika göstərir ki, son altı ildə Türkiyədən alınan
diplomların tanınması üçün edilən müraciətlərin sayı artan dinamika
ilə davam edib. Lakin müraciətlərin yalnız 19,71 faizi beynəlxalq
reytinqlərdə ilk 1000-likdə yer alan universitetlərdən olub. Həmin
göstəricinin böyük hissəsi Hacettepe və İstanbul universitetlərinin
payına düşüb.
Müraciətlər üzrə qeyd edilən artan dinamikanın beynəlxalq
reytinqlərdə yer alan Türkiyə universitetlərinə münasibətdə təhlili
göstərir ki, 2024-cü il üzrə “Times Higher Education”, QS və
“Shanghai” kimi reytinqlərdə Hacettepe Universiteti hər üçündə,
İstanbul Universiteti isə ikisində ilk 1000-likdə yer alıb.
“Times Higher Education” reytinqinə daxil olan Türkiyə
universitetlərindən 478 müraciət edilib (ümumi müraciətlərin 8,97
faizi). Onlardan 473 nəfərə şəhadətnamə təqdim olunub, 5 nəfər
barədə imtina qərarı qəbul edilib. QS reytinqinə görə isə
müraciətlərin sayı 741 olub (13,91 faiz). Onlardan 726-sı müsbət,
15-i isə mənfi nəticələnib. Bu reytinq üzrə Hacettepedən 133,
İstanbul Universitetindən isə 245 məzun tanınma üçün müraciət edib.
“Shanghai” reytinqində ilk 1000-likdə olan Türkiyə
universitetlərindən isə 758 müraciət daxil olub (14,22 faiz).
Onlardan 697-si barədə müsbət, 61-i barədə mənfi qərar verilib. Bu
reytinq üzrə də Hacettepe və İstanbul universitetləri üstünlük
təşkil edib.
Ümumilikdə, altı ildə Türkiyədən daxil olan 5327 müraciətin
yalnız 1050-si (19,71 faiz) beynəlxalq reytinqlərdə ilk 1000-likdə
yer alan universitetlərdən olub. Həmin 1050 müraciətin 36 faizi isə
yalnız iki universitetin – Hacettepe və İstanbul universitetlərinin
payına düşüb. Bu, Türkiyə üzrə tanınma müraciətlərinin böyük
əksəriyyətinin reytinqə daxil olmayan universitetlərdən gəldiyini
göstərir.
Eyni zamanda, tənzimlənən ixtisaslar üzrə TKTA-nın sifarişi
əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən peşə tanınması
imtahanlarının nəticələri də vəziyyəti əyani göstərir. Belə ki,
iyunun 23-də keçirilən imtahanda (müəllimlik, hüquqşünaslıq və
mühəndislik üzrə) iştirak edən Türkiyə məzunlarının 28 nəfərindən
11-i (təxminən 40 faiz) uğursuz nəticə göstərib.
Ümumilikdə aparılan təhlil göstərir ki, 2019–2024-cü illərdə
Türkiyə ali təhsil müəssisələrində əldə olunmuş kvalifikasiyaların
tanınması üzrə müraciətlərin sayı artsa da, onların yalnız kiçik
hissəsi beynəlxalq reytinqlərdə ilk 1000-likdə olan universitetlərə
aiddir. Bu isə bir çox tələbənin keyfiyyət göstəricilərinə deyil,
sadəcə asan qəbul imkanlarına üstünlük verdiyini göstərir. Nəticədə
aşağı keyfiyyətli universitetlərin məzunlarının əmək bazarına daxil
olması rəqabət qabiliyyətini zəiflədir və ixtisaslı kadrların
sayına mənfi təsir göstərir.
TKTA vətəndaşlara tövsiyə edir ki, qardaş ölkənin
universitetlərini seçərkən yalnız qəbul şərtlərinə deyil, həm də
ali təhsil müəssisəsinin beynəlxalq keyfiyyət göstəricilərinə
diqqət yetirsinlər.