MN korpusunun sabiq maliyyə rəisi 6 milyonluq mənimsəmədə ittiham olunur

Gündəm

Bakı. Trend:

Müdafiə Nazirliyinin “N” saylı korpusunun Maliyyə xidmət rəisi
vəzifəsini icra etmiş Namiq Mirzəyevin barəsində Dövlət
Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə
məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Bakı
Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən
prosesdə ittiham aktı elan olunub.

İttihama görə, təqsirləndirilən şəxs Goranboy və Kəlbəcər
rayonlarında yerləşən hərbi hissələrdə xidmət etdiyi dövr ərzində
tamah məqsədilə dövlət əmlakını xüsusilə külli miqdarda mənimsəyib.
Təqsirləndirilən şəxs müxtəlif şəxslərin adına olan bank kartlarına
pul köçürərək qanunsuz şəkildə nağdlaşdırıb.

İttiham aktına münasibət bildirən cinayət işi üzrə
təqsirləndirilən Namiq Mirzəyev ittihamla razılaşmadığını, özünü
qismən təqsirli hesab etdiyini bildirib: “Mən 179.4 və 308-ci
maddələr ilə ittiham olunuram. 308-ci maddə ilə özümü təqsirli
bilsəm də, digər maddə ilə qismən təqsirli bilirəm. Mən dövlətə
43.800 manat ziyan ödəmişəm. Hazırda həbsdə olduğum üçün ödəniş edə
bilmirəm”.




Daha sonra şahidlər ifadə verib. Onlar ibtidai istintaqa
verdikləri ifadəni təsdiq ediblər.

Məhkəmə digər 4 şahidin ifadəsi ilə avqustun 27-də davam
etdiriləcək.

Qeyd edək ki, Namiq Mirzəyev ötən ilin avqust ayında DTX-nın
vəsatəti əsasında həbs edilib.

Təqsirləndirilən Namiq Mirzəyev AR Cinayət Məcəlləsinin 179.4-cü
(xüsusilə külli miqdarda mənimsəmə) və 308-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham olunur.