Sərhəddə təxribat: Davamlı olsa, İrəvanda xal qalmayacaq – TƏHLİL

Gündəm

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün aparılan danışıqların mahiyyətini fərqli məcraya yönəltmək cəhdləri İrəvanın gündəliyində dayanır.

Ermənistan ordusu iyunun 2-də Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini qumbaraatan və iriçaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub.

Ermənistan zəhərli ideyaları təkcə özü istehsal etmir, ona bu cür məhsulu verən xarici faktorlar da var, hərçənd ki, onların da məqsədi Azərbaycanla bütün ipləri qırmaq deyil.

Dövlət sərhədindəki atışma Azərbaycan-Türkiyə əlaqələrinin sərhədsiz inkişafına verilən qısqanc reaksiyalar da ola bilər.

Ermənistanın qırılmış qol-qanadını cüzi restavrasiya cəhdi həm Rusiyanın, həm Fransanın, həm də ABŞ-ın marağındadır, lakin məqsəd heç də Azərbaycanın yaratdığı reallığı qəbul etməmək mesajını ötürmək deyil. Qısası, reallığı qəbul etməmək kimi mənasız çırpınmalar artıq geridə qaldı.  

Ermənistan hər bəyanatı və gedişatları özünün mifik strateji xəttinin xeyrinə çevirmək istəsə də, bu cəhdlər hədər gedir.

Azərbaycan isə sərhədlərin delimitasiyası və demarkasiyası üçün aparılan ikitərəfli danışıqlarla paralel olaraq sərhəddə bərkimək siyasətini davam etdirir, yəni İrəvanın istədiyi qoşunların sərhəddən geri çəkilməsi baş tutmur.

Sərhəddəki gərginlik elə delimitasiya prosesinin ruhundan doğur və Azərbaycan üçün hər-hansı ciddi təhdid yarada biləcək formaya düşə bilməz.

Yox, əgər əksi baş verərsə, o zaman Müdafiə Nazirliyinin açıqlamasındakı “qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür” deməsinə diqqət edək. Bu, delimitasiya prosesinə Bakının barıt qoxusu qatacağı ismarışını verir.

Bu cür insidentlər olacaq, ancaq bir vəziyyət dəyişməyəcək:

1. Sərhədin bütün istiqamətlərində vəziyyət Azərbaycan Ordusunun nəzarəti altında qalacaq;

2. Vəziyyət deyərkən onun təsviri və ölçülərini də vermək lazımdır. Yəni təxribatlar intensiv hal alacaqsa, Ermənistanın strateji və taktiki dərinlikləri Azərbaycan Ordusunun təzyiqi ilə rastlaşacaq. Hələ bura Naxçıvan istiqamətini də əlavə etsək, onda İrəvanda xal qalmayacaq…

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir