Prezidentin mesajları: Hərbi güc tətbiqi ehtimalları, yeni birlik ideyası, Laçındakı “dəhlizin sonu” – TƏHLİL

Gündəm

Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış etdi.

İlham Əliyevin beynəlxalq təmsilçilər önündə etdiyi çıxışın əsas hissəsi Azərbaycan-Ermənistan münasibətlərinə həsr olundu.

Prezidentin nitqində bu mövzuda ən çox diqqət çəkən məqamları çatdırmaq istərdik.

İlham Əliyev Ermənistanın 10 noyabr üçtərəfli bəyanatının icrasına yaratmaq istədiyi maneələrdən söz açdı.

İrəvan ən çox Zəngəzur dəhlizinin açılması və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən erməni silahlılarının çıxarılması məsələsində sürüşkən mövqe nümayiş etdirir.

Hərçənd ki, Azərbaycan 10 noyabr bəyanatının icrası ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirir, Ermənistanla Laçın yolu vasitəsilə Qarabağdakı erməni əhalinin əlaqəsini təmin edir.

Bu, Azərbaycan dövlətinin postmünaqişə dövründə humanitar missiya ilə çıxış etdiyinin sübutudur, lakin Ermənistan üzərinə qoyulan kapitulyant öhdəliklərindən qaçmağa cəhd edir.

Həmçinin Azərbaycanla Naxçıvan Muxtar Respublikasının quru əlaqəsini təmin edən kommunikasiya xəttinin – Zəngəzur dəhlizinin açılması məsələsində yaxasını kənara çəkir.

Prezident İlham Əliyevin bu mövzudan danışarkən apardığı bir paraleli önə çıxara bilərik.

İlham Əliyev bizim adət etdiyimiz Laçın dəhlizi ifadəsi əvəzinə, “Laçın yolu” ifadəsini işlədir, lakin Zəngəzur mövzusunda dəhliz termininə müraciət edir.

Hesab etmək mümkündür ki, Laçın yolunda dəhliz rejiminin tətbiq olunmayacağı müzakirələr masasındadır.

Azərbaycan bununla yanaşı, Zəngəzur keçidinin dəhliz məntiqi ilə istifadəyə verilməsində israrlıdır və təkid çəkicini Ermənistanın başı üzərində fırladır.

10 noyabr bəyanatının 4-cü maddəsinə gəlincə, Ermənistan bunu da manipulyasiya edərək “status” mövzusuna istinad edir, həmin əraziləri hərbiləşdirmək sevdasına düşür, hərçənd ki, bu mövqenin özü də çoxbaşlıdır.

Azərbaycan “status” mövzusuna nöqtəni qoyub və həmin ifadəni tarixin arxivinə göndərən hərbi-siyasi şərait yaradıb və hüquqi addımlarla bunu gücləndirib.

İndi Ermənistanın mövcud olmayan bir subyektdən yapışması yalnız xəyali təsəvvürlərə söykənir.

Amma xam xəyalların rəsmi səviyyədə elanı belə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətsizlik əlamətidir.

Bu hörmətsizliyi isə güc yolu ilə aradan qaldırmaq zərurəti sürətli şəkildə böyüyür.

İlham Əliyev deyib ki, Ermənistanın status mövzusuna istinad etməsi yeni konfrontasiyanın yaranmasına gətirib çıxara bilər.

Həmin ssenarinin hərbi mənzərəsini yaratsaq, deyə bilərik:

1. Azərbaycan güc yolu ilə Qarabağdakı separatçıların başını əzir,

2. Paralel olaraq Ermənistandakı Azərbaycanın tarixi ərazilərinin geri qaytarılmasını təmin edir. Bunun üçün Azərbaycan ordusunun Ermənistanın istənilən dərinliyinə sıza biləcək elit qüvvələri mövcuddur.

İlham Əliyevin “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoysa, bizim başqa seçimimiz qalmayacaq. Biz də həmçinin Ermənistanın ərazi bütövlüyünü sual altına qoyacağıq” deməsi həmin kontekstlər əsasında dəyərləndirilməlidir.

İlham Əliyevin çıxışında bir yeni detal da rəsmi şəkildə bildirildi: Cənubi Qafqaz ölkələrinin – Azərbaycan, Gürcüstan və Ermənistan – əməkdaşlıq formatının təsis edilməsi.

Prezident deyib ki, Azərbaycanla Gürcüstan bu formatda xarici işlər nazirləri səviyyəsində ilk dialoqun başlanması üçün görüş təklif etsə də, Ermənistan bundan imtina edir.

Görünür ki, Ermənistan regional üçlük formatına gəlmək istəmir, olsun, bu, onun öz başında çatlayan səbəblər gətirir.

Azərbaycanın bu təklifini “Cənubi Qafqazda birlik ideyası” adlandıra bilərik və bu digər ölkələrlə əməkdaşlığı da inkişaf etdirən platforma hesab olunur.

İlham Əliyevin nitqinin həmin hissələri üzrə gələ biləcəyimiz QƏNAƏT:

1. Azərbaycan Ermənistanın “çək-çevir”lərinə strateji təmkinlə adekvat cavablar verəcək,

2. Bakı Cənubi Qafqazda yaranan reallığı yeni əməkdaşlıq platformasına inteqrasiya etmək planları üzərində işləyir.

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir