XX əsrin 90-cı illərinin əvvəli geosiyasi cəhətdən olduqca mürəkkəb bir dövrə təsadüf edir. Nəhəng imperiyanın süqutu, dünyanın siyasi xəritəsində müstəqilliyini bərpa edən dövlətlər, yaranan münaqişələr…
Müstəqilliyini yenicə bərpa edən ölkəmizin həmin dövrdə üzləşdiyi bəlalar, keçdiyi ağır yollar hər birimizə bəllidir. Erməni təcavüzü və onun nəticəsində xalqımızın başına gəlmiş hadisələr, törədilən cinayətlər, doğma yurdlarından didərgin salınan yüzminlər və ölkə iqtisadiyyatında hökm sürən ağır böhran…
Nizami ordunun yenicə formalaşdırılması və döyüş qabiliyyətinin aşağı olması, peşəkar kadrların kifayət etməməsi, iqtisadi vəziyyətin müharibə aparmaq iqtidarında olmaması həmin illəri Azərbaycan üçün sadəcə dəhşətə çevirmişdi.
Lakin ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsi ilə bu mənzərə dəyişməyə, zaman Azərbaycanın xeyrinə işləməyə məhkum idi. 94-cü il atəşkəsi bu istiqamətdə mühüm addım oldu. Bundan sonra ölkə daxilində yaranan sabitliklə Azərbaycan dövləti ali məqsədi üçün strateji addımlar atmağa başladı.
Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi oldu.
Hələ sovet dönəmində imperiya maraqlarının azərbaycanlılara hərb sənətini unutdurmaq əzmində olduğu bir vaxtda C.Naxçıvanski adına hərbi liseyin açılması kimi mühüm bir işin öhdəsindən gəlmiş H.Əliyev müstəqil Azərbaycanın rəhbəri kimi də çatışmayan tərəfləri məharətlə görür və müvafiq addımlar ataraq inkişafa zəmin hazırlayırdı. Ordu quruculuğu, kadr hazırlığı, islahatlar, ordunun maddi-texniki təminatının yaxşılaşdırılması, iqtisadi layihələr və s. hər biri Azərbaycanın hərbi qüdrətinin artmasına gətirib çıxardı.
Sözsüz ki, Prezident İlham Əliyev tərəfindən bu kursun davam etdirilməsi, ölkə iqtisadiyyatındakı yüksəliş, dövlət büdcəsinə daxil olan vəsaitlərin artması hərbi xərcləri artırmağa və müasir standartlara cavab verən ordu quruculuğuna böyük təkan verdi. Ali Baş Komandanın öndərliyində ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi və nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil oldu.
Həmin ordu 44 günlük müharibədə düşmənə dərsini verərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu qələbəni şərtləndirən cəhətlər isə iqtisadi güc, güclü ordu, milli həmrəylik və birlik oldu. Beynəlxalq səviyyədə qazanılan uğurlar, bütün bunları təmin və təşkil edən, bütün resursları vahid amal uğrunda səfərbər etməyi bacaran Azərbaycan liderinin uğurlu siyasi kursu oldu.
44 günlük müharibədə İlham Əliyev böyük sərkərdə, müzəffər Ali Baş Komandan kimi xalqımızın tarixinə öz adını qızıl hərflərlə yazdırdı.
Azərbaycan xalqının öz liderinin ətrafında yumruq kimi birləşməsi, xalqın öz ordusuna inamı bütövlükdə yazılan tarixin əsasını təşkil etdi.
Ancaq iyunun 26-da yaranmasının 104-cü ildönümünü qeyd edən Müzəffər Azərbaycan Ordusu bu gün də inkişaf etməyə davam edir. Çünki Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən siyasi xətt geosiyasi konyunkturun ən incə məqamlarını belə nəzərə alır, istənilən şəraitdə hərbi gücün dövlət üçün daşıdığı önəm düzgün qiymətləndirilir. Odur ki, bu gün özünün tarixi tapşırığını – Vətənin ərazi bütövlüyünü bərpa etmək əmrini yerinə yetirmiş Azərbaycan ordusunun qarşısında dayanan tapşırıqlar da dəyişib. Artıq ordumuzun əsas vəzifəsi şanlı bayrağımızın Vətən torpağının hər bir guşəsində vüqarla dalğalanmasını təmin etmək, qüdrətli Azərbaycan dövlətini qurumaq və mühafizə etməkdir! Yeni tapşırıq isə olduqca məsuliyyətli və çətindir. Bunun üçün daha güclü olmalı, müasir texnoloji imkanlardan faydalanmalı, müasir biliklərə yiyələnməli, müasir döyüş üsullarını mənimsəməlisən.
Elə müharibədən sonra Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində atılan addımlar, silah-sursat təchizatı, xüsusən də, komando bölmələrinin yaradılması bütün dünyaya verilən bir mesaj idi. Azərbaycan ordusu tarixi ədaləti bərpa edib, lakin bundan sonra ədalətin bir daha pozulmaması üçün daha güclü olmalıdır.
Orxan Tağıyev
www.RIA24.az