Vətən müharibəsi qazisi: “İki dəfə yaralandım, beş dəfə əməliyyat olundum”

Gündəm

“2020-ci ilin sentyabrın 27-də, Vətən müharibəsi başlayan ilk gündən etibarən “N” saylı hərbi hissənin briqada komandirinin müavini kimi döyüşlərdə iştirak etmişəm. Həmin gündən etibarən Füzuli rayonunun azad edilməsi uğrunda döyüşlərə qatılmışam. Elə həmin gün də düşmən tərəfindən atılan atəş nəticəsində yaralanmışam. Yaralanan zaman mənə ilkin təcili tibbi yardım göstərildi. Ancaq yaralı olmağıma baxmayaraq döyüşlərdə iştirakımı davam etdirdim”.

Bunu “Report”a açıqlamasında Vətən müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenant Məmmədov Ehtiram Eldar oğlu deyib.

Qazinin sözlərinə görə, 20 gün müddətində Füzuli istiqamətində döyüşlər gedib:

“Ermənilər orada çox möhkəmləndirilmiş sədlər, yeraltı bunkerlər yaratmışdılar, hər iki yüz metrdən bir səngərlər hazırlamışdılar. Çox ciddi şəkildə həmin ərazilərdə hazırlıqlar aparmışdılar. Ancaq bütün bunlara baxmayaraq, biz onları düşmənin başına yıxdıq. Orada düşməni darmadağın etdik və dizini yerə qoyduq. Düşmən Azərbaycan əsgərinin inamının, şücaətinin qarşısında məhv olmuşdu”.

Ehtiyatda olan zabit deyib ki, Füzuli rayonunun azad edilməsindən sonra Hadrut, Azıx və Tuğun azad edilməsi istiqamətində gedən döyüşlərə qatılıb:

“Həmin əraziləri də düşməndən azad etdikdən sonra Şuşa istiqamətində döyüşümüz başladı. Noyabrın 4-ü səhər saat 6-dan etibarən Daşaltı kəndindən Şuşa istiqamətində döyüşə qatıldıq. Daşaltıda onların hazırladıqları mövqeləri vuraraq darmadağın etdik. Orada düşmənin üçüncü mövqeyi vardı. Onu dağıtmaq istəyən zaman da düşmənin snayperi tərəfindən ağır yaralandım. Yaralanandan sonra məni Hadrutdakı hospitala təxliyə etdilər və orada ilkin əməliyyat olundum. Mən ümumilikdə yaralanmağımla əlaqədar beş dəfə əməliyyat olunmuşam”.

Vətən müharibəsi qazisi hazırda dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu qeyd edib:

“Şükürlər olsun ki, əməyimə Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən layiqli qiymət verilib. Belə ki, Prezidentin müvafiq sərəncamları ilə mən “Qarabağ” ordeni, Füzulinin, Xocavəndin, Şuşanın azad olunmasına görə medalları ilə təltif olunmuşam. Hazırda ehtiyatda olan zabitəm. Vətən müharibəsindən sonra dörd dəfə Ali Baş Komandanla görüşüm olub.

Həmin görüşlərdə Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edib. Həmin görüşlər zamanı Prezident və Birinci vitse-prezident bizə çox böyük diqqət göstərdilər, qayğılarımızla maraqlandılar. Hesab edirəm ki, həmin görüşlər mənim həyatımın ən gözəl anlarından biridir”.

E.Məmmədov özünə II dərəcəli əlilliyin təyin olunduğunu və dövlət tərəfindən Sumqayıtda üçotaqlı mənzillə təmin olunduğunu bildirib:

“Sumqayıt Şəhər İcra Hakimiyyəti də məni hər zaman diqqətdə saxlayır, problemlərimlə, qayğılarımla maraqlanır. “YAŞAT” Fondu tərəfindən də mənə iki dəfə 2 500 manat məbləğində yardım olunub. Həmçinin Fond tərəfindən bütün xərclərim qarşılanmaqla bir həftəlik Türkiyəyə istirahətə göndərilmişəm.

Sağ olsunlar, onlara yardımla bağlı müraciət edən zaman operativ şəkildə mənim müraciətimə baxdılar və qərar qəbul etdilər. Həmçinin mənə dövlətimiz tərəfindən 6 400 manat məbləğində sığorta ödənişi də verilib. Mən göstərilən bütün diqqət və qayğıya görə Prezidentimizə, dövlətimizə minnətdarlığımı bildirirəm”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir